Mətbuat icmalı: Taksi sürücüləri Nəqliyyat Nazirliyinin qadağasına etiraz edir

Çap edildi

“Xalq qəzeti”: Şəxsiyyət vəsiqəsinin elektron versiyasını əldə etmək mümkündür

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bildirib ki, elektron şəxsiyyət vəsiqələrinin iyul ayındakı istifadə sayı bəlli olub. Statistikaya əsasən, iyul ayında əhali “Elektron hökumət” portalında olan “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” xidmətindən 1738 dəfə yararlanıb. “Vətəndaş portala daxil olaraq “Elektron arayışlar” bölməsində adıçəkilən xidməti seçməklə şəxsiyyət vəsiqəsinin elektron versiyasını əldə edə bilər. Sənədi çap etmək, eləcə də elektron nüsxəni istənilən şəxsə e-poçt vasitəsi ilə göndərmək mümkündür.”

“Azadlıq”: Siyavuş Novruzov: “Siyahıdan kənar namizədliyini irəli sürən YAP-çıya partiya dəstək verməyəcək”

Yeni Azərbaycan Partiyası (YAP) “icra katibinin müavini, deputat Siyavuş Novruzov mətbuat vasitəsilə partiyadaşlarına xəbərdarlıq edib. O, Trend-ə açıqlamasında bildirib ki, siyahıdan kənar namizədliyini irəli sürən YAP-çıya partiya dəstək verməyəcək: “Bir siyasi partiyada bir əqidə ətrafında birləşən insanlar partiyanın nizamnaməsinə hörmətlə yanaşmalıdırlar və partiyanın qərarlarının əleyhinə getməməlidirlər. Əgər kimsə bu addımı atacaqsa, o, partiya adından deyil, fərdi qaydada namizədliyini irəli sürə bilər. Amma həmin namizəd partiyadan heç bir dəstək ala bilməz”. Siyavuş Novruzovun bu xəbərdarlığı təsadüfi deyil. Çünki YAP-da deputat olmağa iddialı çoxdur və elə bu səbəbdəndir ki, partiyada gərginlik yaranıb. Hətta bəzi YAP-çılar partiyanın qərarını gözləmədən namizədliyini irəli sürəcəklərini bildiriblər.

“Azadlıq”: Kristofer Ştrasser: «Azərbaycan hökuməti repressiyalara nəhayət, son qoymalıdır»

Azərbaycanda son vaxtlar baş vermiş iki hadisə, Rasim Əliyevin döyülərək öldürülməsi və tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun barəsində çıxarılmış məhkəmə hökmü beynəlxalq aləmin kəskin etirazlarına səbəb olub. “Bir neçə gündür ki, Avropa Şurası, Avropa Parlamenti və s. qurumlar bu olayları kəskin şəkildə pisləyərək, Azərbaycan hökumətinə çağırış edir. Həmçinin “The Washington Post”, “The New York Times” kimi nüfuzlu media orqanları bu hadisələrlə bağlı materialları yayımlayır. Almaniya hökumətinin insan haqları üzrə səlahiyyətli nümayəndəsi (Ombudsman) Kristofer Ştrasser də bəyanat yayaraq, Leyla və Arif Yunusların barəsində çıxarılmış hökmdən şoka düşdüyünü açıqlayıb. Ştrasserin bəyanatında deyilir:

“Mən Azərbaycanın ən görkəmli hüquq müdafiəçilərindən biri, vətəndaş cəmiyyətinin nüfuzlu üzvü kimi şəxsən tanıdığım, yorulmadan barışıq və dialoq üçün çalışan Leyla və Arif Yunusların barəsində çıxarılmış qeyri-adekvat və sərt hökmdən şoka düşmüşəm. …Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin nüfuzlu təmsilçilərinə qarşı repressiyalara nəhayət, son qoymalıdır. Leyla və Arif Yunuslara qarşı ən azı, ədalətli münasibət sərgilənməlidir. Onların işi üzrə məhkəmə prosesini izləyən müstəqil müşahidəçilərin hazırladığı hesabatda bildirilir ki, proses prosessual qaydaların kobud şəkildə pozulmasıyla həyata keçirilib. Vətəndaş cəmiyyətinin həbsdə olan üzvlərinin ədalətli məhkəmə araşdırması hüququ təmin olunmalıdır. Həmçinin ehtiyacı olanlara lazımi tibbi yardım göstərilməlidir. Almaniya hökuməti Azərbaycanın vətəndaş cəmiyyətinin həbsdə olan üzvlərinin, o cümlədən Leyla və Arif Yunusların azadlığa buraxılması üçün səylərini davam etdirəcək.”

Azadlıq: “The Independent”: “Totalitar rejimlərdə hökuməti tənqid edən yazarlar müəmmalı şəkildə ölür”

Böyük Britaniyada nəşr olunan “The Independent” qəzeti Azərbaycandakı son hadisələr barədə geniş məqalə dərc edib. Qəzet “Rasim Əliyevin qətlindəki qaranlıq məqamlar Azərbaycan üçün daha bir biabırçılıqdır” başlıqlı məqalənin tərcüməsini oxucularının diqqətinə çatdırır. Rasim Əliyevin başına gələnləri qələmə alan müəllif RATİ-yə qarşı təqiblər, mərhum jurnalistin RATİ-də işləməsi və onun faktiki sədri olması, habelə onun polis zorakılığını əks etdirən şəkilləri yaydığına görə hədələndiyini bəyan etməsi kimi maralqlı məqamları da gözdən qaçırmayıb:

"Rasim Əliyev hələ bu hadisədən bir müddət əvvəl bəyan etmişdi ki, polis zorakılığı ilə bağlı lentə aldığı şəkilləri yaydığına görə hədələnir. Totalitar rejimlərdə hökuməti tənqid edən yazarların müəmmalı şəkildə ölməsi təcrübəsi var. Azərbaycanda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ildə, yazar Rafiq Tağı isə 2011-ci ildə qətlə yetirilmişdi. Hər iki qətllə bağlı cinayətlərin üstü açılmayıb.

Rasim Əliyevin dostları bu işin hərtərəfli, obyektiv şəkildə araşdırılmayacağından ehtiyatlanır. Bu fikirdə olmalarını belə əsaslandırırlar ki, Cavid Hüseynovun oynadığı futbol klubunun sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur. Azərbaycan həmin ölkədir ki, Avropa Olimpiya Komitəsi bu yay birinci Avropa Oyunlarının orada keçirilməsinə qərar verdi. UEFA 2020-ci ildə Avropa çempionatının 4 oyununun bu ölkədə keçirilməsini məqsədəuyğun sayıb. Bu həm də həmin ölkədir ki, ötən həftənin cümə axşamı bir qadını - Leyla Yunusu 8 il 6 aylıq həbs cəzasına məhkum etdi. Leyla Yunus Azərbaycandakı siyasi məhbusların siyahısını hazırlayırdı, ölkədə insan haqlarının acınacaqlı vəziyyətilə əlaqədar beynəlxalq aləmi Avropa Oyunlarını boykot etməyə çağırmışdı.”

“Azadlıq”: Taksi sürücüləri Nəqliyyat Nazirliyinin qadağasına etiraz edir

“Nəqliyyat Nazirliyi Bakının bəzi yerlərində özəl taksilərin fəaliyyətinə qadağalar qoyub. Nazirlik vətəndaşların şəxsi nəqliyyatdan taksi xidmətləri göstərməsinin qadağan edildiyi 14 yer müəyyən edib. Həmin zonalar bunlardır: “Həzi Aslanov”, “28 May”, “Xalqlar dostluğu”, “Gənclik”, “Xətai”, “Azadlıq prospekti”, “Içərişəhər”, “Sahil”, “Neftçilər”, “Əhmədli”, “Qara Qarayev”, “Koroğlu”, “20 yanvar” metro stansiyaları, həmçinin “Beşmərtəbə” və “Qış bulvarı” parklarının yanı. Bu məkanlarda yalnız “London taksiləri” işləyə bilər. Artıq Nəqliyyat Nazirliyinin əməkdaşları taksi sürücülərini xəbərdar ediblər. Məlumatlara görə, demək olar ki, hər gün nazirliyin işçiləri reyd keçirir. Bunu taksi sürücüləri təsdiqləyir.”

Qəzetin əməkdaşı taksi sürücülərindən müsahibə sə alıb: “61 yaşlı Məhəmməd Kərimov isə bildirib: “Orda dayanma, burda dayanma, onda desinlər ki, ”öl acından". Gör mən nə vəziyyətdəyəm ki, 88 yaşlı anam pensiyasının 100 manatını mənə verdi ki, get təkər al. Gündə 10-15 manat güclə qazanıram. 20 manat olanda sevinirəm, onun da tən yarısı benzinə gedir. Bəyəm biz ağ günümüzdən taksiçilik edirik? Ən aşağı işdir bu. Planı zorla verirəm, hər şeyini özüm eləyirəm. Indi də bu qadağa. Hələ bura metronun ağzıdır, müştəri zorla tapırsan, qıraqda neyləyəcəyəm?"

Bir-iki gündür Xətai metrosunun yanında müştəri gözlədiyini deyən London taksilərindən birinin sürücüsü Hacıbaba Rəhimov isə onların da müştərisinin çox olmadığını bildirib: “Nə deyim, çörəyi yetirən Allahdır. Guya bizim maşına müştəri belə çox minir ki. Elə belə baxanda yenə onların müştərisi çoxdur. Çünki müştəri ilə sürücü danışır, ikisini də qane edən bir qiymətdə razılığa gəlirlər. Ancaq bizdə elə deyil, sayğac nə yazdı, müştəri onu ödəməlidir. Deyim ki, bu maşınlar bir yaxına, bir də uzağa gedənlərə sərf eləyir. Görək nə olur”.

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım birliyinin sədri Məzahir Rüstəmovun sözlərinə görə, taksi sürücüsünün lisenziyası varsa, ona harda dayanmaqla bağlı qadağa qoymaq doğru deyil: “Bu, həmin sürücünün hüququnun pozulmasıdır. Düzdür, taksi parkları olmalıdır, taksilər həmin parklara yığışmalıdır. Ancaq bizdə iri taksi parkları yoxdur. Olan parkların da imkanları aşağıdır”.” Qəzet yazır ki, “Bakıda şəxsi avtomobili ilə taksi xidməti göstərən minlərlə vətəndaş var. Nəqliyyat Nazirliyinin bu qadağası əslində həmin insanları çörəksiz qoymaqdır. Bəzi ekspertlər hesab edir ki, indiki ağır iqtisadi durumda belə bir qadağanın tətbiqi taksi üsyanına səbəb ola bilər.”

“Yeni Müsavat”: Cüdo üzrə milli gənclər komandasının üzvləri etiraz aksiyası keçiriblər

“Cüdo üzrə gənclər millimizin üzvləri avqustun 17-də etiraz aksiyası keçiriblər. "Koroğlu" stansiyasının yaxınlığında yerləşən parkda toplaşan idmançılar media nümayəndələrinə etirazlarının səbəblərini açıqlayıblar. Məsələ burasındadır ki, Azərbaycan Cüdo Federasiyadan idmançılara Dünya və Avropa birinciliklərinə aparılmayacaqlarını söyləyiblər. Onlara "Pul yoxdur, gedin nə istəyirsinizsə, onu da edin" deyiblər. İdmançıların etirazları da buna görədir.

Cüdoçularımızın sözlərinə görə, onlara diqqət ayrılmır: "…Maddi dəstək verilmir. Qarşıda iki güclü yarış var. Dünya və Avropa yarışlarında iştirak etmək istəyirik. Amma Cüdo Federasiyası bizə kömək etmir. Nə məşq edə bilirik, nə də buna şərait var. …Gənclərdən ibarət yığma komandanı unudublar".

"Müəllimimiz deyir ki, bizdən asılı bir şey yoxdur. Gedirik federasiyaya... Bizə rədd cavabı verirlər. Deyirlər ki, maliyyələri yoxdur. Yeniyetmələr öz hesablarına Avropa və Dünya Çempionatına getdilər. Bu, çox davam edə bilməz. Gənclərə indi dəstək verməsələr, gələcəkdə onların heç biri uğur əldə edə bilməyəcək. Cüdonun gələcəyi bu gedişlə sual altında qalacaq".

…“Kimin pulu varsa gedəcək, kimin yoxdursa qalacaq.”.

“Bizə köməklik göstərməli olan şəxs Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərovdur. O da deyir ki, "Pul yoxdur". Əvvəllər də bu problemlər var idi. Amma bu qədər qabarıq deyildi. Əsas yığma komanda yarış öncəsi məşqlər edəndə biz də gedirdik. Bu il isə heç bu da yoxdur. Öz zalımızda məşq etməklə heç kim gedib, Avropa Çempionatında yer tuta bilməz. Bizə normal şərait və məşq lazımdır".

"Biz qərara almışıq ki, Prezident İlham Əliyevə və Mehriban Əliyevaya məktub yazaraq, müraciət edək. Biz idmançıyıq. Yarışlara qatılmaq istəyirik".”

Qəzet yazır ki, “cüdoçuların bu tipli etirazları dəfələrlə olub. Bakıda keçirilən Avropa Çempionatında cüdoçularımız uğursuz nəticə əldə etdilər. Bundan sonra isə yarışda iştirak edən qadın cüdoçularımız bütün günahın federasiyasının prezidenti Fizuli Ələkbərovda olduğunu deyirdilər. Bu ilin fevral ayında isə cüdo üzrə yığma komandamızın üzvləri 3 ay maaş ala bilmədikləri üçün etiraz aksiyası da keçirmişdilər.

Bakıda keçirilən I Avropa Oyunları zamanı iştirak edən 18 idmançımızdan cəmisi 1 nəfər yer tuta bilmişdi. Bu göstərici belə, çox şeydən xəbər verir.”