Üç bacı eyni gündə doğub

Bacılardan üçü çərşənbə axşamı doğub, dördüncü bacı isə hələ də həmin hospitalda doğuşu gözləyir
Şəklin alt yazısı, Bacılardan üçü çərşənbə axşamı doğub, dördüncü bacı isə hələ də həmin hospitalda doğuşu gözləyir
Çap edildi

İrlandiyadan olan üç bacı eyni gündə, eyni hospitalda dünyaya uşaq gətirib, hamilə olan dördüncü bacı isə bir neçə gün gecikir.

Üç xala uşağı çərşənbə axşamı, sentyabrın birində İrlandiyanın Castlebar şəhərindəki Mayo Hospitalında doğulub.

Cloonfad kəndində bir-birinə yaxın yaşayan bacıların bildirdiyinə görə, bu, planlaşdırılmış doğuş deyil.

Hospitaldan verilən məlumata görə, körpələrin üçü də sağlamdır.

İlk olaraq Mairead FitzPatrick çərşənbə axşamı, yerli vaxtla səhər saat 03:25-də, Thomas Og adlı oğlan uşağını dünyaya gətirib.

Onun bacısı Joeline Godfrey, təxminən 11 radələrində Sorcha adlı qız uşağını, üçüncü bacı Bernie Ward isə 20:30-da Phelim adlı oğlanı dünyaya gətirib.

Dördüncü bacı Christina Murray də həmin hospitalda doğuşu gözləyir.

“Heç vaxt baş verməyib”

Christina Murray bildirib ki, o, bacıları ilə eyni gündə doğmadığına görə “biraz” məyusdur, lakin tezliklə övladını dünyaya gətirəcəyinə ümid edir.

Mairead FitzPatrick İrlandiyanın RTE televiziyasına bildirib ki, onlar təxminən eyni vaxtda doğacaqlarını gözləsələr də, bunun 24 saat içində baş verəcəyini düşünmürdülər.

Hospitalda doğum üzrə menecer Mary Salmon bildirib ki, onlar ailədə baş verən bu təsadüfə görə təəccübləniblər.

“Biz hamımız bu barədə danışırıq... bildiyimə görə bizdə əvvəllər heç vaxt belə bir hadisə baş verməyib,” o deyib.