Tacikistan toqquşmalarında ölən və yaralananlar var

Şəklin mənbəyi, AP
Tacikistanda keçirilən xüsusi əməliyyat gedişatında sabiq müdafiə nazirinin müavini Abduhalim Nazarzodanın 13 silahlı tərəfdarı öldürülüb, 32 nəfər həbs olunub, rəsmi məlumatda deyilir.
Daxili İşlər Nazirliyi generalın başçılıq etdiyi "terrorçu qrupuna" məxsus çoxsayda silah-sursat və nəqliyyat vasitələrinin müsadirə edildiyini bildirib.
Ötən həftə prezidentin fərmanı ilə vəzifəsindən azad edilmiş cənab Nazarzodanın döyüşdən sonra bir qrup silahlı ilə Ramit dərəsinə doğru çəkilib. Onların axtarışı davam etdirilir.
Rəsmilər generalı ötən cümə günü Vahdat qəsəbəsində yerli DİN bölməsi və paytaxt Düşənbədə Müdafiə Nazirliyinin binasına hücumlarda ittiham edir.

Şəklin mənbəyi, Getty
Basqınlar vaxtı 17 adamın öldüyü bildirilir. Hücumdan sonra ABŞ-ın Düşənbədəki səfirliyi bağlanılıb.
General Nazorzoda 1990-cı illərdə hökumət qüvvələrinə qarşı vuruşan Birləşmiş Tacik Müxalifətinin (BTM) üzvü olub. O, 1997-ci ildə hökumətlə müxalifət razılaşması əsasında yaradılmış barışıq hökumətində nazir müavini vəzifəsinə təyin olunub.
Ötən həftə Ədliyyə Nazirliyinin qərarı ilə Mərkəzi Asiyada rəsmi fəaliyyət göstərən yeganə islam partiyası olan İDP-nin (İslam Dirçəlilş Partiyası) fəaliyyəti dayandırılıb.
Təhlilçilərə əsasən BTM və avtoritarlıqda ittiham olunan prezident Emomali Rahmon arasında mübarizənin kəskinləşməsindən xəbər verən son qarşıdurma 18 il bundan əvvəl vətəndaş müharibəsinə son qoymuş müxalifət-hökumət razılaşması üçün ciddi sınağa çevrilə bilər.
Prezident Rahmon artıq 20 ildir ki, hakimiyyətdədir.
























