Yəmən prezidenti “Ədənə geri dönüb”

Prezident Hadi Yəmən şəhərinə geri qayıdıb
Şəklin alt yazısı, Prezident Hadi Yəmən şəhərinə geri qayıdıb
Çap edildi

Yəmən prezidentinin altı aylıq mühacirətdən sonra Ədən şəhərinə geri döndüyü bildirilir.

Rəsmilərin bildirdiyinə görə, çərşənbə axşamı Əbdrabbuh Mənsur Hadini gətirən təyyarə hava limanına enib.

Hökumətdən Reuters xəbər agentliyinə verilən məlumata görə, cənab Hadi Qurban Bayramını Ədən şəhərində keçirəcək və daha sonra Nyu Yorka uçaraq BMT qərargahında çıxış edəcək.

O, husi üsyançıların şəhərə daxil olmasının ardından, mart ayında Ədəni tərk edib.

İyul ayında hökumətə yaxın qüvvələr və cənab Hadiyə loyal əsgərlər husiləri Ədəndən çıxarıb.

Lakin sakinlər Ədəndə xaos və qanunsuzluğun hökm sürdüyündən şikayətlənib.

Keçən həftə baş nazir Xalid Bahah da yeddi nazirlə birgə Ədənə dönüb və hökumətin ciddi problemlə üzləşdiyini etiraf edib.

BMT-nin bildirdiyinə görə, mart ayından bəri davam edən döyüşlər və hava hücumları nəticəsində, 2100 nəfər dinc sakin olmaqla, təxminən 4900 insan həyatını itirib.