Həcc izdihamında ölənlərin sayı "1000-dən artıq" ola bilər

Şəklin mənbəyi, EPA
Bir neçə ölkə rəsmisi deyib ki, ötən həftə Məkkədə baş verən çaxnaşma nəticəsində ölənlərin sayı 1000-i keçib.
Səudiyyə rəsmilərinin son məlumatına görə, Həcc ziyarətində 769 adam həyatını itirib.
Buna baxmayaraq Nigeriya rəsmisi BBC-ə deyib ki, hadisə yerindən 1000-dən artıq cəsəd Ciddə şəhərindəki morqlara aparılıb.
Mediadakı məlumatlara görə, Hindistan, Pakistan və İndoneziya rəsmiləri də deyiblər ki, 1000-dən çox adamın öldüyünü zənn edirlər.
Nigeriyalı Həcc rəsmisi BBC müxbirinə deyib ki, Ciddə şəhərinə gedib. Burada cümə axşamı günü baş verən hadisədə həyatını itirənlərin cənazələri qeydiyyatdan keçir.
Rəsminin bildirdiyinə görə, şəhərə meyitlərlə dolu 14 yük maşını gətirilib.
İndiyədək 10 yük maşınından 1075 cənazə çıxarılıb və morqlara aparılıb - daha 4 yük maşını isə hələ bu prosesdən keçməlidir, o əlavə edib.





















