VW qalmaqalı: Britaniyada 1.2 milyon avtomobilin "kompüter proqramı qüsurludur"

Volkswagen Britaniyada satılmış təxminən 1.2 milyon avtomobilin işlənmiş qaz tullantısı miqdarını azaldan kompüter proqramı ilə təchiz olunduğunu elan edib.
Söhbət dizel mühərrikli VW, Audi, Seat, Skoda və VW markalı kommersiya avtomobillərindən gedir.
Yaxın günlərdə şirkət avtomobillərin identifikasiya nömrələrini açıqlayacağını və qeyd olunmuş siyahıya düşən maşınların müəyyən ediləcəyini bildirib.
Bundan sonra VW avtomobil sahiblərilə mümkün mübahisəli məsələlərin çözülməsi prosesinə başlamalıdır.
VW avtomobillərilə bağlı emissiya qalmaqalı ABŞ-da başlayıb.
Bu yaxınlarda ABŞ-da keçirilmiş test zamanı tənzimləyici qurum dizel mühərrikli Volkswagen avtomobillərinin işlənmiş qaz tullantısı miqdarını azaldan kompüter proqramı ilə təchiz olunduğunu aşkar etmişdi.
Qalmaqal nəticəsində VW başçısı Martin Winterkorn tutduğu vəzifəsindən istefa verib, onun yerinə isə Porsche-nin keçmiş rəhbəri Matthias Mueller təyin olunub.
Qalmaqın maliyə xərclərini örtmək üçün VW, 6.5 milyard avro maliyyə vəsaiti hazırlayıb.
Təxminlərə görə, VW qalmaqalının üzə çıxardığı qüsur dünya boyu 11 milyon avtomobilə aid ola bilər.
























