Suriya münaqişəsi: “minlərlə insan Hələbi tərk edir”

Suriya qoşunları Rusiyanın hava zərbələrindən yararlanaraq bu ay hücumlara başlayıb
Şəklin alt yazısı, Suriya qoşunları Rusiyanın hava zərbələrindən yararlanaraq bu ay hücumlara başlayıb
Çap edildi

Hökumət qüvvələrinin Hələb şəhərindəki üsyançıların nəzarət etdiyi ərazilərə həmlələri nəticəsində, son üç gün ərzində ən azı 70 min suriyalı şəhəri tərk edib, fəal bildirib.

Suriya Tibbi Yardım Təşkilatının rəhbəri Dr Zaidoun əl-Zoabi BBC-ə bildirib ki, onun ziyarət etdiyi bir neçə kənd boş olub.

O, minlərlə insanın heç bir daldalanacaq və tibbi ehtiyat olmadan hərəkət etdiyini görüb.

Hökumət qüvvələrinin bu hücumları son iki həftə ərzində Rusiya hava zərbələrinin də köməyi ilə həyata keçirilmiş ən azı dörd hücumdan ən sonuncusudur.

Hələb ilə yanaşı onlar Homs və Hama şəhərlərinin şimalındakı kənd yerlərini və sahil əyaləti olan Latakyanın da şimalını ələ keçirirlər.

İslam Dövləti (İD) cihadçı qruplaşması istisna olmaqla, üsyançı silahlılar bu strateji əhəmiyyətli ərazilərin əksəriyyətinə bu ilin əvvəli daxil olmuşdu.

Onların bu nailiyyətləri Rusiyanı sentyabr ayında prezident Bəşər Əsədə dəstək üçün hava zərbələrinə başlamağa təhrik edib.

Eyni zamanda İran da bölgəyə yüzlərlə döyüşçü göndərib. Tehran bundan əvvəl hərbi məsləhətçilər göndərdiyini təsdiqləmişdi.