Sarkisyan Londonda "1915-ci il qurbanlarını anım" mərasimində iştirak edir

Çap edildi

Çərşənbə günü Londonda yerləşən Westminster Abbatlığında 1915-ci ildə Osmanlı imperiyasında kütləvi öldürülmüş erməniləri anım mərasimi keçirilir.

Ötən gün Ermənistan prezidenti Serzh Sargsyan da tədbirdə iştirak etmək üçün Böyük Britaniyaya işçi səfər edib, prezidentin rəsmi saytı bildirib.

"Bu gün Westminster Abbatlığı Ermənistan səfirliyi ilə birgə 100 il öncə günahsız ermənilərin öldürülməsi acısını anmaq və erməni icması ilə birgə sülh və barışıq üçün dualar etmək məqsədilə xüsusi xidmət keçirir", Abbatlığın sözçüsü Victoria Ribbans BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, Abbatlığın insan əzabı ilə müşahidə edilən bütün hadisələri xatırlamaq və zikr etmək istəyən bütün icmaları xoşluqla qarşılamaq kimi uzun illərdən bəri davam edən bir ənənəsi var.

İştirakçıları dəvətnamə ilə seçilən bu tədbiri Londonun baş keşişi Richard Chartres bütün ermənilərin katalikosu II Qaregin ilə birgə idarə edəcək.

Bundan başqa, tədbirdə Ermənistanın Böyük Britaniyadakı səfiri Dr Armen Sarkissian və Ermənistan hökümətinin başqa nümayəndələri iştirak edəcək.