Paris hücumları: "şübhəlilərin yaşadığı yerlərdə" polis axtarışı

Şəklin mənbəyi, AP
Paris hücumları ilə bağlı araşdırma aparan polis basqınçılar tərəfindən istifadə edildiyi güman olunan bina və sahələrdə axtarışlar aparmaqdadır.
Ötən cümə günü basqında iştirak etməkdə şübhəli bilinən Salah Abdeslam-ın mənzil və iki hotel nömrəsinin kirayələdiyi məlum olub. O, hazırda beynəlxalq axtarışdadır.
Belçikadan basqınçıları gətirmək üçün Abdeslam-ın kirayələdiyi güman edilən avtomobil də yoxlanılır.
Parisdə baş verən ölümcül hücumlardan sonra Fransa təhlükəsizliyin təmin edilməsinə 115,000 əlavə polis, jandarm və hərbçini səfərbər edib, daxili işlər naziri deyib.

Şəklin mənbəyi, Reuters
Bernard Cazeneuve islamçı silahlı olmaqda şübhəli bilinən şəxslərin axtarışı ilə bağlı əlavə 128 reydin həyata keçirildiyini bildirib.
Fransa Suriyadakı cihadçıların mövqelərinə hava zərbələri endirib.
İslam Dövləti qruplaşması 129 nəfərin ölümü ilə nəticələnmiş bar, restoran, konsert salonu və stadiona hücuma görə məsuliyyəti üzərinə götürüb.
Hücumun həyata keçirilməsinə görə şübhəli sayılan Salah Abdeslam-ın axtarışı davam etməkdədir. Onun vətəndaşı olduğu Belçikaya keçdiyi güman edilir.
Belçika polisi axtarışda olan şəxsin əlavə şəkillərini yayıb.
Onu həbs cəhdləri hələ ki, nəticə vermədiyinə görə ölkədə terror təhlükəsi səviyyəsi qaldırılıb.
Təhlükə sovuşmadığına görə həmçinin çərşənbə axşamına təyin edilən İspaniya və Belçika arasında futbol yarışması təxirə salınıb.

Şəklin mənbəyi, Belgian Interior Ministry
"Fransa xalqının müdafiəsini təmin etmək üçün biz ölkə ərazisi boyunca 115,000 polis, jandarm və hərbçini səfərbər etmişik”, - cənab Cazeneuve deyib.
Daxili işlər naziri 2007-12-ci illə arasında 17 faiz aşağı düşən polisin texniki təchizatının artırılacağını vəd edib.
Bernard Cazeneuve bazar ertəsi həyata keçirilən 160 polis reydi gedişatında 23 nəfərin həbs edildiyini bildirib.
Parisə hücumda şübhəli bilinənlər
- Salah Abdeslam, 26 yaş - təcili polis tərəfindən axtarılır
- Mohammed Abdeslam - Belçikada həbs edildiyi xəbər verilir
- Brahim Abdeslam, 31 yaş - Bataclan konsert zalının yaxınlığında həlak olan hücumçu kimi adı açıqlanıb
- Paris yaxınlığından olan Ismail Omar Mostefai, 29 yaş - Bataclanda hücumda dünyasını dəyişib
- Bilal Hadfi, 20 yaş - Stade de France-da həlak olan hücumçu kimi adı açıqlanıb
- Dörd digər hücumçular şəhərə basqın zamanı dünyasını dəyişib
Fransa mediası polis əməliyyatları vaxtı Paris yaxınlığındakı Bobigny şəhərində hücumçuların istifadə etdiyi evin aşkar olunduğu bildirib.

Şəklin mənbəyi, EPA
Hücumdan sonra bır sıra ölkə Fransaya dəstəyini bildirib.
Parisə səfər edən Amerikanın dövlət katibi, ABŞ səfirliyi önündə çıxış edərkən İslam Dövləti qruplaşmasını “psixopat yırtıcılar” kimi təsvir edib.
John Kerry deyib ki, hücuma yeganə cavab həmrəyliyin artması olmalıdır. ABŞ nümayəndəsi Fransa ilə hərbi və kəşfiyyat sahəsində əməkdaşlığın genişləndirildiyini bildirib.
Fransa prezidenti Francois Hollande gələn həftə danışıqlar üçün Moskva və Washingtona yola düşməlidir.

Şəklin mənbəyi, AP
Şənbə günü Fransanın Naş naziri Manuel Valls deyib ki, Parisdə həyata keçirilən hücumlardan sonra da Fransa Suriyadakı əməliyyatlarını davam etdirəcək.
Parisdə cümə günü baş vermiş silsilə hücumlarda ən azı 129 nəfər ölüb, 350-dən artıq adam xəsarət alıb.
Basqınlara görə məsuliyyəti öz üzərinə İslam Dövləti qruplaşması götürüb.
Cihadçılara əsasən Parisdəki hücumlar “Peyğəmbərin təhqirinə və ABŞ başda olmaqla beynəlxalq koalisiyanın hücumlarına cavab olub”.

























