Brüsseldə saxlanılanların "ilkin hədəfi Fransa olub"

Abrini-nin görüntüsü CCTV kameralarına düşüb.
Şəklin alt yazısı, Abrini-nin görüntüsü CCTV kameralarına düşüb.
Çap edildi

Brüssel partlayışından sağ çıxmış şübhəlinin etiraf etdiyinə görə, qrup, ilk olaraq yeni hücumu Fransada həyata keçirməyi planlaşdırırmış, Belçika prokurorları bildiriblər.

Mohamed Abrini deyib ki, silahdaşları olan Salah Abdeslamın həbsindən sonra, qrup Fransa əvəzinə Brüsselə hücum etmək qərarına gəlib.

O, eləcə də etiraf edib ki, aeroporta hücum zamanı üçüncü intiharçı olmalı idi, lakin həmin şəxs hadisə yerini partlayıcı qurğunu işə salmadan tərk edib.

Noyabrın 13-də Parisdə silahlı hücum və partlayışlar nəticəsində 130 nəfər həlak olmuşdu.

Daha 32 nəfər martın 22-də Brüsseldə aeroprtda və metroda törədilmiş hücumlar zamanı həlak oldu.

Hər iki hücuma görə məsuliyyəti üzərinə Suriya və İraqda mənzillənən və özünü İslam Dövləti adlandıran qrup götürüb.

Cümə günü Brüsseldə həbs olunmuş Abrini, məlumatlara görə, müstəntiqlərə deyib ki, martın 18-də Abdeslam həbs edildikdən sonra, qrup fikrini dəyişməyə məcbur olub.

Polisin onların izinə düşdüyünü görən intiharçı dəstəsi "son nəticədə hücumu Brüsseldə törətmək qərarına gəlib", Abrinin dediklərini sitat gətirən prokurorlar bildiriblər.

Şənbə günü 31 yaşlı Mərakeş əsilli belçikalı Abrini digər 3 şəxslə yanaşı terrorçu fəaliyyətdə ittiham olunub.

Bundan əvvəl prokurorlar bildirmişdi ki, Abrini "şlyapalı görüntüsü CCTV kamerasına düşmüş, intiharçıların hücumunda iştirak etmiş və yoxa çıxmış üçüncü şəxsdir".