Gürcüstanın Pankisi dərəsi üzərində cihadçı kölgəsi

Şəklin mənbəyi, AP
- Müəllif, Rayhan Demytrie
- Vəzifə, BBC News, Pankisi dərəsi
- Çap edildi
"Bu bizim sinif otaqlarından biridir. Çox Dikenssayağı görsənir”, - məni lövhə və beş-altı parta olan dar otağa müşayiət edən Vladimir Lozinski deyir. Biz sinfə daxil olanda uşaqlar ayağa qalxır.
Cənab Lozinski 2008-ci ildə Gürcüstanın şimal-şərqindəki Pankisi dərəsində dil məktəbinin qurulmasına kömək edib.
Məktəbi Roddy Scott Foundation təşkilatı maliyyələşdirir. Bu təşkilat, 2002-ci ildə Rusiya-Çeçen münaqişəsi barədə çəkiliş apararkən həlak olmuş Britaniya jurnalistinin adını daşıyır.
"Pankisi bərbad və bir çox mənada unudulmuş bir yer idi. Dərə yalnız dağın qarşı tərəfində ruslarla vuruşan döyüşçülərə görə tanınırdı”, - Vladimir Lozinski deyir.

"Pankisi Gürcüstan hökumətinin üzünə də bağlı idi: Buraya gələn oğurlana bilərdi”.
Pankisi bir çoxları üçün İslam Dövləti (İD) adlandırılan qruplaşmanın yüksək rütbəli komandiri - Ömər Şişaninin vətəni kimi ad çıxarıb.
ABŞ onun Suriyada həlak olduğunu desə də, bu məlumat cıhadçı qruplaşma tərəfindən təsdiqlənməyib.
Şişani Gürcüstan ordusunda xidmət edib. Onun əsl adı Tarxan Batiraşvilidir. Şişanin atası hələ də Pankisidə yaşayır.
Hesab olunur ki, sabiq Gürcüstan hərbçisinin misalı onun onlarla yerlisini Suriayada vuruşmağa həvəsləndirib.
Fevral ayında İD sıralarına gəncləri cəlb etməkdə ittiham olunan Cokolo kəndinin imamı məhkəmə hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə həmçinin Ayup Boçaşvili ilə əl bir olanlara uzun müddətli həbs cəzaları kəsib.

Mən yerli icma mərkəzində Suriyada 25 yaşlı oğlunun ölümü barədə xəbər tutan qadına rast gəlirəm. Onun gözləri ağlamaqdan qıpqırmızı qızarıb.
Müsahibə verməyə meylli olmayan qadın oğlunun kənddən 5 il əvvəl getdiyini bildirir. O, bu müddət ərzində oğluna iki dəfə baş çəkdiyini və onun yanına arvadını apardığını da bildirir.
Sakit kənd
Duisi kəndindən palçıqlı yol 2004-ci ildə Çinin tikdiyi Xadori Elektrik Stansiyasına doğru aparır.
Stansiya yerli kişilərin sonuncu daimi iş yeri olub, Pankisi sakini və Roddy Scott fondu məktəbinin meneceri Lia Marqoşvili deyir.
"Biz işsizliklə bağlı çoxsaylı problemlərlə üzləşirik. Nə iş, nə də ki, pul var.”

Duisi kəndində yeganə yeni bina məsciddir.
"Son illər ərzində Pankisinin bütün kəndlərində məscidlər peyda olub”, - xanım Marqoşvili qeyd edir.
“Onlar məsciddə ərəb dili dərsləri keçirlər və uşaqlar ərəb dilini öyrənir. Lakin pulun haradan gəldiyini heç kim bilmir”.
Pankisi dərəsinin 10 minlik əhalisinin əksəriyyətini 200 il əvvəl burada kök salan çeçen və inquş mənşəli müsəlman kistlər təşkil edir.
İki əsrlik ortaq tarixə rəğmən yerlilər ölkənin digər bölgələrindən ayrı düşdüyünü hiss edirlər, yeni təsis edilmiş RadioWay icma radiosunun redaktoru Şorena Xonguşvili deyib.
“Pankisidə 12 kəndimiz var. Sakinlər adət-ənənə adamlarıdır. Bu, kənar dünyadan təcrid olunduğunu hiss edən cəmiyyətdir”.
"Suriya məsələsi çox yayılıb. Biz Pankisinin belə bir ad çıxarmasının əleyhinəyik. Biz dərənin daha açıq olmasını istəyirik”.

Hökumətin səudiyyəsayağı islamın təfsirinə qarşı strategiyası yoxdur, ərəbşünas professor Giorgi Lobjanidze deyir.
Quranı gürcü dilinə tərcümə edən ərəbşünas Pankisidə seminarlarda iştirak edir. Onun sözlərincə gürcü dillində İslam teologiyası üzrə Universitet yaradıb, üçüncü tərəfin iştirakı olmadan xalqı din sahəsində maarifləndirmək əla olardı.
Roddy Scott Foundation məktəbində mən yuxarı siniflərdə oxuyan qızların dərsinə baş çəkirəm. Onlardan çoxunun başı hicablıdır.
"Siz müsiqiyə qulaq asırsız? Ən çox sevdiyiniz müğənni kimdir?”, - Vladimir Lozinski soruşur.
Sinifdə yaranan sakitliyi müəllim pozur: "Vlad, onlar dini inanclarına görə, müsiqiyə qulaq asmırlar”.

Müəllimin cavabı Vladimirin etirazına tuş gəlir.
“Onlar müsiqini dinləməlidirlər, çünki bu onların daxili dünyası üçün faydalıdır”.
Vladimir deyir ki, qızlar hələ uşaqdırlar və şənlənməlidirlər.
Gürcüstan hökuməti Pankisidə İslam təməlçiliyinin artmasından narahatdır. O, bölgənin inteqrasiyası üçün yerli sakinləri orduda xidmətə etməyə həvəsləndirir.
Yanvar ayında Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ABŞ səfirilə birlikdə Pankisiyə baş çəkib.
Bu səfər bölgədə cihadçı təlim düşərgələrinin olduğu barədə Moskvada səslənən iddianın təkzibi kimi dəyərləndirilir.
"Hər şey çox yavaş-yavaş dəyişir”, - Lia Marqoşvili deyir.
"Nəhayət hakimiyyət dərk etdi ki, Pankisiyə laqeydliyi davam etdirsə, o, gələcəkdə daha böyük baş ağrısına çevriləcək”.
























