Gucci Hong Kong dükanlarını saxta kağız məhsullara görə xəbərdar edib

Lüks məhsullar hazırlayan İtaliyanın Gucci şirkəti ölülər üçün məhsullarının kağız versiyasının satışına görə Hong Kong dükanlarına xəbərdarlıq məktubları göndərib.
Avtomobil, iPad və dəbdəbəli çantalar kimi məhsulların kağız versiyaları ölülələrlə birgə yandırılır. İnanclara görə mərhum ölümdən sonra bu əşyalardan istifadə edə bilər.
Bu məhsullara tələbat Qingming “məzar təmizləmə” festivalında daha çox olur.
Dükanlara məktublar göndərilsə də, məsələnin hüquqi tərəfləri barədə heç nə deyilmir.
“Biz dəfn ənənəsinə hörmətlə yanaşır və inanırıq ki, dükan sahibləri bilərəkdən Gucci ticarət markasına hücum etmirlər,” Gucci Hong Kong bəyanatla çıxış edib.
“Məktub dükan sahiblərinə məlumat üçün göndərilib və onlardan bu məhsulların satışının dayandırılması istənilib”.
Birinin əcdadına hətta ölümdən sonra ehtiram göstərmək ənənəsi çin dilli dünyada hələ də yaşayır. Bu inanca görə onların ruhları sağ insanların həyatına təsir göstərməkdə davam edir.

Əgər uğursuzluqdan qaçmaq istəyirsizsə, inanca görə, ən yaxşısı öz əcdadlarını razı saxla.
Necə? Adətə görə, bu onların məzarlarına müntəzəm baş çəkmək, onlara təzə meyvə, yemək və içki gətirmək və kağız bütləri yandırmaqla mümkündür.
Bundan başqa onlar ölümdən sonra istifadə üçün “cəhənnəm pulu” və ya “ruh pulu” adlanan kağız “pullar” da yandırırlar.


Bu günlərdə insanlar mərhum əjdadlarına, sağ ikən istifadə edə bilmədikləri əşyaları təklif edirlər: avropalı sürücüləri olan lüks avtomobillər, brend geyimlər. Ən yaxşı satılan müqəvvalardan biri hovuzu, avtomobil qarajı və qərbli qulluqçuları olan nəhəng villalardır.
Gucci hansı dükanlara məktubların göndərildiyini bildirməyib.
Hong Kong-da məktubu almış bəzi dükanlar Gucci-yə aid əşyaları yığışdırıblar. Lakin digər brendlər, məsələn, Louis Vuitton, Yves St Laurent, Burbery hələ də satışdadır.
Hong Kong sakinləri sosial mediada istehzalı paylaşımlar ediblər.


“Gucci yer altında şöbə açmaq istəyir?” Vincent Charles soruşub.
Sammi Ng Facebookda yazıb: “Bəlkə də Gucci özü kağız məhsullarını buraxmalıdır”.
Sai Ken Gucci qiymətlərinə diqqəti yönəldib: “Sağ insanlar Gucci ala bilmirlər (Gucci məhsullarını) və onlar öləndən sonra da Gucci məhsulu əldə etməyə imkan vermirlər!”
























