Britaniya mətbuatı: İran qadınları geyim qadağasını sosial media ilə aşırlar

Çap edildi

“The Daily Mail” yazır ki, sosial media və smartfonlar İran qadınını tanınmaz dərəcədə dəyişdirib.

Məqalədə deyilir ki, fransız fotoqrafı Eric Lafforgue 2015-ci ildə iki dəfə İranda olub və internetin qadınlara mühafizəkar geyim qaydalarını pozmaqda nə qədər kömək etdiyinin şahidi olub.

Eric Lafforgue yazır ki, 1979-cu il inqilabından bəri ölkədə qüvvədə olan şəriət qanunları qadınların başlarını, boyun və qollarını örtməsini tələb edir. Lakin iPhone-lardan istifadə qadınların gənc nəslinə elə bu cür qadağanları aşmaq imkanı yaradıb.

“Bir çox qadınlar hələ də Məhərrəm ayının 9-cu günü olan Təsva günündə üzlərini örtməyə məcburdurlar, lakin getdikcə daha çox qadın gündəlik həyatlarında bu qaydaları saya almamağa başlayıb” – yazır fotojurnalist.

İnstagram divanələri

Qəzet yazır ki, xüsusilə də qadağanların zəif olduğu kiçik icmalarda qadınlar getdikcə daha çox al-əlvan rəngli paltarlara keçiblər.

İranda əxlaq polisi qadınlara yaxınlaşıb hətta kosmetikadan aşırı istifadə edib-etmədiklərini də yoxlaya bilər
Şəklin alt yazısı, İranda əxlaq polisi qadınlara yaxınlaşıb hətta kosmetikadan aşırı istifadə edib-etmədiklərini də yoxlaya bilər

Fotojurnalist Eric yazır ki, Qərb mədəniyyəti internet vasitəsilə qadınları təsirləndirərək ayətullah rejimi üçün ciddi problemlər yaradır.

“İran qadınları selfi və İnstagram divanəsidirlər” – yazır fotoqraf.

Lakin Eric bunu da qeyd edir ki, İranda hələ də kişilər və qadınlar arasında təmas son dərəcə məhdudlaşdırılıb. Məsələn, bazarda qadın ətirləri satan kişilər qadınlara təsadüfən toxunmamaq üçün onların barmaqlarına ətir nümunələrini uzun iynələrlə çiləyirlər.

Fransız jurnalist yazır ki, İranda əxlaq polisi hələ də kifayət qədər qüdrətlidir.

Onlar qadınlara yaxınlaşıb hətta kosmetikadan aşırı istifadə edib-etmədiklərini də yoxlaya bilərlər.

Burun əməliyyatları dəbdədir

Jurnalist belə bir məqama da fikir verib ki, plastik cərrahiyyə, ələlxüsus da burun plastikası qadınlar arasında çox populyardır.

Onun fikrincə, əsasən tünd rəngli paltarlar geyinməyə məcbur olan qadınlar üzlərinin təkrarsızlığı, makiaj və başqa kosmetik vasitələrdən istifadə edərək fərdiliklərini nümayiş etdirməyə çalışırlar.

Məqalədə qeyd olunur ki, kosmetik vasitələrə ifrat meyl İran bazarlarını Louis Vuitton da daxil ən məşhur firmaların “saxta imitasiyaları” ilə doldurub.

“Rejim qadınların eyni şəkildə görünmələrinə çalışır, qadınlar isə bunun tam əksini edərək müqavimət göstərirlər” – yazır Eric.

Məqalədə deyilir ki, hətta 70 min “ədəb-ərkan polisi” də bu müqaviməti dayandıra bilmir.

Trump Putini, Putin də Trumpı niyə xoşlayır?

“The İndependent” qəzeti yazır ki, ABŞ prezidentliyinə namizədlik üçün nominasiya qazanmağa çalışan respublikaçı milyarder Donald Trump özü də istəmədən Rusiya prezidenti Vladimir Putinin dəstəkçisinə çevrilib.

Trumpın aprelin 27-də etdiyi “xarici siyasət” nitqində ABŞ-Rusiya münasibətlərinin yaxşılaşacağına ümid etdiyini bildirməsi Rusiyada çox yaxşı qarşılanıb.

CNN telekanalı bildirir ki, Rusiya mediası Trump-ın bəyanatı barədə geniş şərhlər verir.

“Mən Rusiya ilə gərginliyin azalacağına və münasibətlərin yaxşılaşacağına inanıram, əlbəttə, mümkün olduqca güc mövqeyindən…” - deyib Trump.

Deyilənlərə görə, şəxsən Vladimir Putinin özü və yüksək vəzifəli Rusiya rəsmiləri Trump-ın bəyanatını alqışlayıblar.

“The İndependent” yazır ki, prezident Putin bundan əvvəl də Trump barədə çox hərarətlə danışıb.

Rusiya prezidenti ötən dekabrda keçirdiyi mətbuat konfransında demişdi ki, “Trump Rusiya ilə münasibətlərdə fərqli mövqeyə keçməkdən danışır. Daha yaxın, daha dərin münasibətlərdən bəhs edir. Biz belə bir mövqeyi necə salamlamaya bilərik? Əlbəttə biz bunu alqışlayırıq”.

Rusiya təyyarəsinin “mayallağı”

Putin Trumpın maraqlı və “müstəsna” bir şəxsiyyət olduğunu vurğulayıb və belə görünür ki, respublikaçıların namizədlik yarışında liderlik edən milyarderlə gələcəkdə işləmək niyyətindədir.

Trump isə öz növbəsində “Mən düşünürəm ki, Putinlə daha yaxşı yola gedərəm” demişdi.

“Biz başqaları ilə da yola gedəcəyik və bizim daha sabit bir dünyamız olacaq. Mən onunla danışacağam” – demişdi Donald Trump.

Putin isə bildirmişdi ki, Trumpın fəziləti barədə fikir söyləmək Moskvanın deyil, ABŞ seçicisinin işidir.

“The İndependent” yazır ki, Putin və Trump arasında “qarşılıqlı dəyərləndirmə” Rusiya-ABŞ münasibətlərinin son dərəcə korlanması fonunda baş verir.

Elə bu həftə Rusiyanın hərbi təyyarəsi Baltik üzərində uçan ABŞ təyyarəsinin qarşısında aqressiv bir tərzdə “mayallaq” fəndini nümayiş etdirib.

Diabetə qarşı şokolad?

“The Daily Telegraph” yazır ki, diabetin qarşısını almağın ən yaxşı üsullarından biri də şokolad yeməkdir.

Lüksemburqun Sağlamlıq İnstitutu, Warwick Universitetinin tibb fakültəsi, Cənubi Avstraliya Universiteti və Maine Universitetinin 18-69 yaşları arasından olan 1153 nəfərin üzərində apardığı təcrübə göstərib ki, günə 100 qram şokoladın yeyilməsi insulin müqavimətinin azalmasına və qara ciyər fermentlərinin yaxşılaşmasına səbəb olur.

Məqalə müəllifi iddia edir ki, şokolad yeyənlər həm də daha gənc, daha gümrah və daha enerjili təsir bağışlayırlar.

Bununla belə, təcrübəni aparmış alimlər deyiblər ki, sözü gedən elmi nəticələrin dəqiqləşdirilməsi və şokoladın orqanizmə təsir mexanizminin tam öyrənilməsi üçün araşdırmaların davam etdirilməsinə ehtiyac var.