ABŞ Rusiyadan Suriyadakı döyüşləri dayandırmağı istəyir

Hələb, Rusiya-ABŞ vasitəçiliyi ilə həyata keçirilən atəşkəsdən kənarda qalıb
Şəklin alt yazısı, Hələb, Rusiya-ABŞ vasitəçiliyi ilə həyata keçirilən atəşkəsdən kənarda qalıb
Çap edildi

ABŞ Suriyada qan axıdılmasını azaltmaq və ümummilli atəşkəsə nail olmaq üçün plan üzərində işlədiyini bildirib.

Bildirildiyinə görə “əsas prioritet” Hələb şəhərində münaqişəni dayandırmaqdır. Şəhərdə hökumət reydləri və üsyançıların hücumları nəticəsində son bir həftə ərzində azı 200 nəfər həlak olub.

ABŞ istəyir ki, Rusiya Suriya hökumətinə təzyiq edərək bombardmana son qoysun.

Rusiyanın bildirdiyinə görə, Hələbdəki zərbələr “terrorçuları hədəf alıb”. Lakin onlar sülh haqqında müzakirələr apardıqlarını təsdiqləyiblər.

“Hələbdə müvəqqəti “dinclik rejimi” üçün danışıqlar davam edir,” Suriyada Rusiyanın atəşkəs monitorinq mərkəzinin rəhbəri Sergey Kuralenko Rusiya mediasına bildirib.

Rusiya və Suriya hökumətlərinin bildirdiyinə görə Hələbdəki hava zərbələri cihadçı Nusra Cəbhəsini hədəf alıb.

Lakin ABŞ bu cür hücumların atəşkəsi birbaşa pozduğunu düşünür və Bəşər Əsəd hökumətini dinc sakinləri hədəf almaqda ittiham edir.

Şənbə günü hökumət qüvvələrinin həyata keçirdiyi zərbələr nəticəsində Hələbin üsyançıların nəzarətində olan hissəsində ən azı dörd nəfər həlak olub.

ABŞ dövlət katibi John Kerry vəziyyəti BMT-nin Suriyadakı elçisi, İordaniya və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri ilə müzakirə etmək üçün Cenevrədədir.