Karimov yox, Karimi! Taciklər rus soyadlarını ləğv edirlər

Çap edildi

BBC-nin Düşənbə müxbiri Anora Sarkorova yazır ki, Tacikistan rəhbərliyi ölkənin adlar haqqında yeni qanununa qarşı fikir söyləmiş Rusiya millət vəkillərini kəskin tənqid edib.

Rəsmi Düşənbə Rusiyanın LDPR (liberal-demokrat) partiyasından olan deputatları Tacikistanın daxili işlərinə qarışmaqda ittiham edib.

“Biz müstəqil dövlətik və öz milli ənənə və dəyərlərimizi qorumaq haqqına malikik. Bizə hansı qanunları qəbul etmək, öz ölkəmizdə nəyi edib, nəyi etməmək barədə göstəriş vermək lazım deyil”, - deputat Abduxalim Qaforzoda <span >BBC<span >Rus xidmətinə deyib.

Rusiyanın Liberal-Demokrat Partiyasından olan millət vəkilləri Tacikistanda yenicə qəbul olunmuş qanunla bağlı narazılıq bildirmişdilər. Bu qanunda vətəndaşlara uşaqları üçün ad və soyadlarını seçərkən milli ənənə və mədəniyyətə riayət etmək tövsiyə olunur.

Sonluğunda rus dilinin “ov” şəkilçisi olan soyadlara faktiki qadağan qoyulmasına cavab olaraq bir sıra Rusiya deputatları Tacikistana viza rejiminin tətbiqinə çağırıblar. Bu barədə Dövlət Dumasının MDB üzrə komitəsinin üzvü İlya Drozdov məlumat verib.

“Düzgün” adlar

"Mən düşünürəm ki, bu bizim siyasətimizin, Rusiyanın zəifliyinin, öz həmvətənlərimizi qoruya bilməməyimizin göstəricisidir. Dövlətin, heç birinci şəxslərini də demirəm, hansısa nümayəndəsinin zəng edib, eləcə eyham vurması kifayət idi ki, “uşaqlar sabah sərhədinizi bağlaya bilərik ha”. Mən əminəm ki, belə etsək, orada hamısı ucdantutma Petrov, ya da İvanov olmağa hazır olacaqlar, sovet vaxtında rus dilini necə yaxşı bildiklərini yada salacaqlar” – deyib İlya Drozdov.

Abduxalim Qaforzoda deyir ki, Rusiya deputatları informasiyanı düzgün başa düşməyiblər və bu xırda məsələni şişirdiblər.

Abduxalim Qaforzodanın fikrincə, Rusiya deputatları iki ölkə arasına ədavət toxumu səpmək istəyirlər
Şəklin alt yazısı, Abduxalim Qaforzodanın fikrincə, Rusiya deputatları iki ölkə arasına ədavət toxumu səpmək istəyirlər

Tacikistan məmurları uşaqlara qoyulması icazə verilən adların reyestrini tərtib ediblər. Bu siyahıda bir neçə min ad var. Hakimiyyətin qənaətinə görə bu, valideynlərə uşaqlarına milli ənənə baxımından “düzgün” adları seçməkdə kömək edəcək.

Məmurlar tərkibinə peyğəmbərlərin, müqəddəslərin, klassiklərin və alimlərin də adları daxil edilmiş reyestr üzərində bir il müddətində işləyiblər. Onlar deyirlər ki, reyestrə gələcəkdə yeni adlar da daxil edilə bilər.

Bundan başqa soyadlarının sonunda “ov”, “ova” və ya “viç” olan etnik taciklərə bunların dəyişdirilməsi haqqında düşünmək tövsiyə edilir. Amma belə soyadlar rəsmən qadağan olunmayıb.

Bundan əvvəl prezident Emomali Raxmon həmvətənlərini ruslaşdırılmış soyadlarından xilas olmağa çağırmışdı. Elə onun özü də Raxmonovdan Raxmona çevrilib.

Karimov əvəzinə Karimzoda daha qürurlu səslənmirmi?

Qanunda milliyyətcə tacik olmayanlara istisna şəklində öz mədəniyyətlərinə uyğun adlar seçmək icazəsi verilir.

"Taciklərə rus sonluqlu soyadları qadağan olunmayıb, lakin sizi qınaya bilərlər ki, milli qürur və vətənpərvərlik hissləriniz yoxdur. Əgər öz mədəniyyətinizə hörmət etmirsinizsə, sizi necə işə götürsünlər?” – deyir vətəndaş vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) idarəsinin rəisi Caloliddin Raximov.

Onun fikrincə, rus sonluqlu soyadları gələcəkdə problemlər yarada bilər.

"Əgər Karimov soyadlı tacik idmançı hansısa yarışda çempion olsa, adamlar haradan biləcəklər ki, o tacikdir, qazaxdır, tatardır, özbəkdir və ya qırğızdır? Amma onun soyadı Karimzod və ya Karimi olsa, hamı dərhal biləcək ki, o tacikdir və biz də onunla fəxr edəcəyik” – deyir məmur.

2007-ci ildə soyadının rus sonluğunu atan Tacikistan prezidenti Emomali Raxmon həmvətənlərinə şəxsi nümunə göstərib
Şəklin alt yazısı, 2007-ci ildə soyadının rus sonluğunu atan Tacikistan prezidenti Emomali Raxmon həmvətənlərinə şəxsi nümunə göstərib

Qanunu tənqid edənlər isə deyirlər ki, bu, valideyn və vətəndaş hüquqlarının birbaşa pozulması deməkdir.

"Mən də tərəfdarıyam ki, biz öz milli kökümüzü bilməli, milli özünüdərkimizi, mədəniyyət və ənənələrimizi inkişaf etdirməli, tarix, ədəbiyyat, dil və yazımızı dərindən öyrənməliyik, lakin bütün bunlara fərman və sərəncamlarla nail olmaq mümkün deyil” – yazır vətəndaş cəmiyyəti fəalı və bloger Alı Mastov.

Onun fikrincə, bu işə soy adlarındakı suffikslərdən yox, bərbad elm və təhsili dirçəltməkdən başlamaq lazımdır.

Bura “balta” və “süpürgə” yeri deyil

Taciklərə soyadlarındakı rus sonluqlarının “zod”, “zoda”, “pur”, “iyon”, “far” kimi milli sonluqlarla əvəzlənməsi tövsiyə edilir.

Uşaqlara hakimiyyətin milli ənənəyə yad hesab etdiyi adların verilməsi qadağan edilib. Qanunda deyilir ki, “uşaqlara əşyaların, heyvan və quşların adlarının verilməsi onların ləyaqətini alçaldır”. İnsanları siniflərə və təbəqələrə bölən adların verilməsi də qadağan olunub.

Bunlara mulla, xalifa, xoca, şeyx, vali, oxun (axund), amir, sufi kimi adlar aiddir.

“Sanq” (daş), “Tavarali” (balta), “Kurt” (canavar) kimi adlar da qadağan olunur.

"Bu qanun valideynələrə tövsiyə edir ki, uşaqlarına gözəl səslənişli, mənalı adlar versinlər. Uşaq böyüyəndə utanıb-sıxılmasın. Əgər əvvəllər bəzi valideynlər uşaqlarına “daş”, “süpürgə” kimi adlar verirdilərsə, indi bu qadağan olunub” – deyir Caloliddin Raximov.

Lakin taciklərin özləri bu təşəbbüsü gözlənilən təntənə ilə qarşılamayıblar.

Düşənbə sakini Taxmina Rabiyeva deyir ki, ənənə yaxşı şeydir, amma bu işdə məcburiyyət olmamalıdır.

“Bu, valideyn hüquqlarının pozulmasıdır” – deyir qadın.

Onunla başqa bir Düşənbə sakini – Ruxşana da razılaşır.

"Vətənpərvərlik soyadının sonluğunda deyil. Vətənpərvərlik vətəndə işi olmaq, təhsil ala bilmək, hüquqlarının qorunduğunu hiss etməkdir. Ölkənin bir milyon miqrantı Rusiyada heç bir hüququ olmadan yaşayır. Burda isə vətənpərvərlikdən dəm vururlar” – deyir Ruxşana.

Mədəniyyətin bir parçası

Şərqdə adların seçilməsi mədəniyyət və milli ənənələrinin bir parçası sayılır.

Məsələn, uşaqlara bəsit adları onları Allahın qəzəbindən qorumaq üçün verərdilər. Belə bir xürafat yayılmışdı ki, uşağa təmtəraqlı ad qoyulsa, o gözə gələr və hətta ölə bilər.

Bəzi adların isə konkret ailə üçün konkret mənası var. Məsələn, əgər qızın adı Bastiquldursa (Bəsdir gül), deməli onun çoxlu bacıları var və valideynləri oğlan uşağı istəyirlər.

Yox əgər qıza Bozqul adı verilibsə (yenə gül), deməli əksinə ata-ana qız uşaqlarının doğulmasını istəyir. Tacikistanda uşaqlara onların rəhmətə getmiş əcdadlarının adlarının verilməsi ənənəsi də var. Uşaqlara güllərin, hətta meyvələrin də adlarını verirlər.

Əgər qızın adı Bastiquldursa (Bəsdir gül), deməli onun çoxlu bacıları var və valideynləri oğlan uşağı istəyirlər
Şəklin alt yazısı, Əgər qızın adı Bastiquldursa (Bəsdir gül), deməli onun çoxlu bacıları var və valideynləri oğlan uşağı istəyirlər

Tacikistanda bir çox ailələr məsləhət almaq üçün hələ də ruhanilərə üz tutular. Bəzi valideynlər əmindirlər ki, ad taleyi müəyyən edir.

"Bizim ailələrdə adətən adları valideynlər seçərdilər. Mütləq adamları yığar, dəstərxan açar və valideynlərinin bu uşaqdan nə gözlədiklərini, əcdadlarının adlarını öyrənəndən sonra bir ağsaqqal uşağa ad “qoşardı” – deyir şərqşünas Bozori Tilavzod.

Son illərdə tacik lideri Emomali Raxmon bir sıra hay-küylü qanunvericilik təşəbbüsləri ilə çıxış edib. Bu təşəbbüslər tacik cəmiyyətində birmənalı qəbul olunmur.

Məsələn, ölkədə yoxsulluğun azaldılması məqsədilə bir sıra bayramlar, o cümlədən “Əlifba ilə vidalaşma”, “Son zəng”, məzun müsamirələri ləğv edilib, əksinə adamlara bayram, toy məclislərinə, dini mərasimlərə məhdud sayda qonaq dəvət etmək tövsiyə edilib.

Bundan başqa Tacikistanda müəllimlər və şagirdlər üçün vahid geyim forması tətbiq edilib, “milli ənənələrə yad” paltarları geyinən qadınlar tənqid olunub.