Mətbuat icmalı: "Məmurlar əhalinin əmlakını necə ələ keçirir?"

Şəklin mənbəyi, Getty
Əmlak Məsələləri Dövlət Komitəsinin “Daşınmaz Əmlak” jurnalında dərc olunmuş məlumatda deyilir ki, 2015-ci ildə ölkədə 41,4 min əmlak girov qoyulub. Girov qoyulan əmlakların təqribən yarısı mənzillərdir. "Belə ki, 2015-ci ildə 20 mindən artın mənzil girov qoyulub. Sonrakı yeri fərdi evlər (12 min) və torpaq sahələri (4,3 min) tutur...
...2015- ci il ən az kredit verilən il olub. Əgər belə bir dövrdə girov qoyulan əmlakların sayı 41 mini ötübsə, əvvəlki illərdə vəziyyətin daha ağır olduğunu demək olar. Ölkədə elə bir vəziyyət yaranıb ki, insanlarla yanaşı onların sahib olduqları da azadlığını itirib. Faktiki olaraq vətəndaş var-yoxdan çıxarılır, - qəzet yazır.
"Milyardlarla neft pulunu, insanların taleyini, arzularını mənimsəyən məmurlara məxsus banklar vətəndaşı tam müflisləşdirməyə xidmət edib. Insanlar zəruri ehtiyaclarını ödəmək, problemlərin həllinə nail olmaq üçün sahib olduqları evi, torpağı, dükanı girov qoyurlar. Çünki, bu ölkədə verilən əmək haqqı ilə heç bir problemi həll etmək mümkün deyil. Uşaq oxudan da, cehiz alanda, toy edəndə, müalicə olunan da kreditə ehtiyac duyur. Insanlar məqsədli şəkildə tələyə salınır. Ölkədə 2.5 milyon kredit borcu olan vətəndaş var, problemli kreditlərin həcmi 2 milyarda yaxınlaşır və hökumət bu təhlükəli tendensiyanın qarşısını almaq istəmir. Əksinə, kredit borcu olanlara göz dağı vermək üçün məhkəmələrdən cəza aparatı kim istifadə edirlər.
...Bir daha təsdiqlənir ki, bu ölkədə siyasətə qarışmayanlar, hökumətin talançılığına biganə qalanlar da təhlükədən sığortalanmayıb."
"Xalq qəzeti": "Qarabağda eskalasiya danışıqlar prosesinin uzun illər yerində saymasının nəticəsidir"
"Siyasi şərhçi və jurnalist, Brüsseldə yerləşən Avropanın nüfuzlu “beyin mərkəz”lərindən olan Avropa Siyasət Mərkəzinin layihə rəhbəri Amanda Pol “EurActiv”in müxbiri ilə söhbətində qarşıdurmanın hərbi fazasının yenidən başlanması ilə Ermənistanın siyasi rəhbərliyinin yeni strategiyası – möhkəmlənməkdə olan Azərbaycana “qabaqlayıcı zərbələr” endirmək yolu ilə “strateji çəkindirmə” kursu arasında inandırıcı paralellər aparıb".

Şəklin mənbəyi, Reuters
“Bakı münaqişənin müzakirəsini beynəlxalq birliyin gündəliyinə gətirmək istəyir”, Amanda Pol deyib.
Bu münaqişədə dinin heç vaxt rol oynamadığını vurğulayan politoloq müxbirin bu barədə səhvinə üsulluca düzəliş edib.
O, həmçinin xatırladıb ki, Almaniya ATƏT-in sədri kimi danışıqlar prosesinə yeni təkan verilməsində fəal rol oynamağa çalışır."
"Yeni Müsavat": Dövlət Departamentinin rəsmisi: "ABŞ beynəlxalq ictimaiyyətlə bərabər Dağlıq Qarabağı tanımır. "
"ABŞ beynəlxalq ictimaiyyətlə bərabər Dağlıq Qarabağı tanımır. APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner brifinqdə deyib.
“Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamlanma kontekstində müəyyən ediləcək”, - deyə Mark Toner vurğulayıb.
Dövlət Departamentinin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, ABŞ münaqişənin həllinə nail olmaq üçün tərəfləri xoşməramlı ab-havada danışıqlar masası arxasına oturmağa çağırır."
"Yeni Müsavat": Ermənistan XİN DQR-in tanınacağı barədə xəbəri təkzib edib
APA-nın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “Ermənistan hökumətinin iki deputatın “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması təşəbbüsü ilə bağlı rəyi ətrafındakı söz-söhbətlər yersizdir”.
"Bildirilir ki, hökumətin rəyi bu təşəbbüslə razılıq demək deyil: “Ermənistan hansı halda Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını dəfələrlə açıq şəkildə bəyan edib. Etibarlı tərəfdaş kimi Ermənistan prezidenti bu kimi vacib qərarla bağlı əvvəlcədən öz həmkarlarını, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini məlumatlandıracaq".
























