Mətbuat icmalı: Şuşanın işğalı ilə bağlı Avropa Parlamentinə müraciət

Çap edildi

"Azərbaycan": Şuşanın işğalının 24-cü ildönümü ilə bağlı Avropa Parlamentinə müraciət ünvanlanıb

"Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin insan hüquqları komitəsinin sədri xanım Elena Valensiaya Şuşanın işğalının 24-cü ildönümü ilə əlaqədar müraciət ünvanlayıb.

Müraciətdə 1992-ci il mayın 8-ə keçən gecə erməni hərbi birləşmələri tərəfindən Şuşanın işğal edildiyi, əhalinin qətlə yetirildiyi, şəhərdəki ictimai binaların, eləcə də tarixi abidələrin məhv edildiyi bildirilir."

Sənəddə deyilir: “Artıq 23 ildir ki, bu qədim və müqəddəs torpaq erməni işğalçıları tərəfindən zəbt edilib. Şuşanın işğalı bütün Azərbaycan xalqının mənəviyyatına vurulmuş ağır bir zərbədir.

Hər il Azərbaycanda və xaricdə fəaliyyət göstərən Azərbaycan icmaları tərəfindən Şuşanın işğalı ilə bağlı təşkil edilən anım tədbirlərində dünyanın nüfuzlu təşkilatlarına müraciətlər qəbul edilir.

Müraciətlərdə Azərbaycanın ərazisinin 20 faizinin erməni işğalı altında saxlanıldığı və Ermənistan tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının 4 Qətnaməsinə, Avropa Birliyinin qətnamələrinə məhəl qoyulmadığı xatırladılır”.

Şuşa
Şəklin alt yazısı, Şuşa

"Azadlıq": Azərbaycan ordusu daha bir şəhid verdi

"Mayın 8-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Heydərov Əli İntiqam oğlu şəhid olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb."

"Yeni Müsavat": “Həzi Aslanov-2” stansiyası vəd edilən vaxtda istifadəyə verilməyəcək

Bakı
Şəklin alt yazısı, Bakı

"2013-cü ildə inşasına başlanılan “Həzi Aslanov-2” metrostansiyasının vəd edilən vaxtda istifadəyə verilməsi mümkün olmayacaq. İnşasının 5 il ərzində yekunlaşacağı planlaşdırılsa da, nəzərdə tutulan işlərin az bir hissəsi yerinə yetirilib. Hazırda inşaat ərzisində heç bir iş görülmür.

...Rəsmi olaraq Yaşıl xəttin davamı olan “Xətai-Həzi Aslanov-2” sahəsinin inşasına 2013-cü ilin avqust ayında başlanılıb. Nobel prospekti boyunca salınan bu xətt üzərində 3 stansiyanın istifadəyə verilməsi planlaşdırılırdı. Lakin geridə qalan 3 il ərzində nəzərdə tutulan işlərin az bir hissəsi icra olunub."

Musavat.com bildirir ki, hazırda “Həzi Aslanov” metrostansiyasının ətrafında hasara alınan ərazilərdə tikinti işləri dayandırılıb. "Rəsmi məlumatda inşaat işlərinin 2013-cü ildə başladığı göstərilsə də, qeyd edilən ərazilər həmin tarixdən də əvvəl - 2011-ci ildən hasarlanmış, avtomobil yolu istifadəyə bağlanmışdı. İndi hasara alınan inşaat ərazisində heç bir texnika işləmir, ərazi Metropoliten əməkdaşları tərəfindən nəzarətdə saxlanılır."

Qəzet yazır ki, zamanında başlanılan “Xətai-Həzi Aslanov-2” sahəsində işlərin dayandırılması 2014-cü ilin əvvəllərinə, sabiq Metropoliten rəhbəri Tağı Əhmədovun öz postundan uzaqlaşdırıldığı zamana təsadüf edir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sözügedən metrostansiyasının istifdəyə veriləcəyi dəqiq tarixin məlum olmadığını, lakin tikinti işlərinin davam etdiyini deyib.

"“Azərtunelmetrotikinti”nin baş podratçı kimi çıxış etdiyi bu layihədə əsas inşaat işlərini onun Azərbaycandakı tərəfdaşı “Akkord”un vasitəçiliyi ilə Fransanın “Buiq” və Ukraynanın “İnterbudmontaj” şirkətləri yerinə yetirəcəkdilər.

Layihəyə əsasən salınacaq hər üç metrostansiyası Nobel prospektində yerləşəcəkdi. “Yaşıl xətt”in “Xətai”dən sonrakı ilk yeraltı dayanacağı “Ağ şəhər” layihəsinin başlandığı yerdə, üçüncüsü isə Bakı Avtomobil Zavodunun ərazisində olacaqdı."

"Yeni Müsavat": Təbriz Universitetində “Qarabağ İslam torpağı” adlı elmi-praktiki konfrans keçirilib

Təbriz şəhəri, İran.
Şəklin alt yazısı, Təbriz şəhəri, İran.

Mayın 8-də Təbriz Universitetində “Qarabağ İslam torpağı” adlı elmi-praktiki konfrans keçirilib. Konfransı giriş sözü ilə Təbriz Universitetinin rektoru, professor Pormohəmmədi açıb. "Tədbirin məqsədləri ilə bağlı fikirlərini deyən professor daha sonra Azərbaycan Respublikasından gələn qonaqları təqdim edib. O, həmçinin Təbriz Universitetinin məllimləri və Təbrizdə yaşayan digər nümayəndələr barədə də məlumat verib.

Tədbirdə professor Məhəmmədəli Motəfəkkirazad, doktor Rəhim Nikbaxt, Qarabağ Azadlıq Təskilatının sədri Akif Nağı, ehtiyatda olan general Kabiri, Azərbaycan Milli Məclisinin üzvü, deputat Tahir Kərimli, Ədalət Partiyasinin sədri İlyas İsmayılov, doktor Kərəffas Aran Araşdırma Mərkəzinin rəhbəri Moxtar Sədrmohəmmədi, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli, doktor Rohollah Motəfəkkirazad, Mehdi Nəlbəndi və digərləri Qafqaz bölgəsinə aid məsələlərdən, Qarabağ ətrafında baş verənlərdən danışıblar.

Konfransda Qarabağ məsələsi ilə bağlı Azərbaycan və İran arasında əlaqələrin vacibliyi də vurğulanıb. Bakıdan gələn nümayəndə heyəti həmçinin Təbrizdə Azərbaycan muzeyində, Qacarlar muzeyində və digər yerlərdə olublar."

"Yeni Müsavat": Tomas de Vaal: "Formula-1” yarışlarından sonra yeni müharibə başlayacaq"

Dağlıq Qarabağ
Şəklin alt yazısı, Dağlıq Qarabağ

ANS PRESS-in məlumatına görə, jurnalist, analitik və Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal "Politoco Europe” qəzetində dərc etdiyi məqaləsində yazıb ki, aprel ayındakı 4 günlük müharibə bir neçə nəsil idi ki, dondurulmuş vəziyyətdə qalan Dağlıq Qarabağ münaqişəsinin "buzunu əritdi”.

"Danışıqlar zamanı irəliləyiş əldə olunmasa, Azərbaycanı qane etməyən təkliflər irəli sürülsə böyük hərbi əməliyyatlar başlayacaq," deyə o məqaləsində vurğulayıb. O qeyd edir ki, atəşkəs rejiminin bərpa edilməsi barədə razılıq əldə olunsa da bu baş vermədi.

"Mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan və Ermənistan Bosniya münaqişəsinin 2-3 addımlığındadır, Bu isə bütün region üçün zərərli ola bilər”, - analitik həyəcan təbili çalaraq bildirir.

"Aprelin 2-də atəşkəsin pozulması böyük çata səbəb oldu. Böyük ehtimalla Azərbaycanın məqsədi Ermənistan ordusunun müdafiəsini yoxlamaq və erməniləri danışıqlar masasına daha zəif halda oturtmaq olub. Azərbaycan Ordusu işğal altında olan ərazilərin bir hissəsini azad etdi və sağlam qüruru yenidən bərpa etdi”, - Qarabağ üzrə mütəxəssis yazır.

Qarabağda gərginliyin yenidən artacağını qeyd edən T.Vaal məqaləsində bildirir ki, hər iki tərəfin kütləvi şəkildə silahlanması ondan xəbər verir ki, yeni toqquşma 1991-1994-cü illərdən fərqli olaraq daha dağıdıcı ola bilər.

"Bundan başqa, qonşu ölkələrdə də narahatlıq artır. Məsələn, azərbaycanlı və ermənilərin yaşadığı Gürcüstanda. Bakı-Tbilisi-Ceyhan neft kəməri bu ölkədən keçir və hədəf seçilə bilər. Beləliklə, təhlükəsizlik vakuumu ya ciddi sülh danışıqları, ya da böyük toqquşmalarla dolacaq”, - məqalədə vurğulanır.

Analitik hesab edir ki, Azərbaycan yeni danışıqlar prosesi istəyir və hərbi gücündən rıçaq kimi istifadə edir. Ermənistan hərbi təzyiq altında razılığa gəlmək istəmir və təhlükəsizlik qarantiyası tələb edir." T.Vaal yazır ki, Azərbayca və Ermənistan arasında balanslaşdırılma bundan xəbər verir ki, Rusiya Qarabağda gündəmi müəyyən iqtidarında deyil. "Rəsmi Bakı kimi İrəvanın da Rusiyanın niyyətləri ilə bağlı şübhələri var. Analitik hesab edir ki, hər iki tərəf Rusiyanın regionda təsir gücünü artırmaq məqsədilə sülhməramlıların yerləşdirilməsi planını bloklaya bilər. "Buna görə də əgər vəziyyət gərginləşərsə, "Rusiya bunun öhdəsindən gələcək” demək bir az sadəlövhlük olar. Bu isə Amerika Birləşmiş Ştatları və Fransa üçün problemlər yaradır. Heç bir ölkə beynəlxalq balanslaşdırma planını təklif etmək üçün kifayət qədər iş görməyib”, - Vaal bildirir."

Təhlilçi yazır ki, Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyiş əldə olunmasa, Azərbaycanı qane etməyən təkliflər irəli sürülsə böyük ehtimalla Bakıda 17-18-19 iyun tarixlərində keçiriləcək "Formula-1” Avropa Qran-Prisi yarışlarından sonra, iyunun sonlarında yeni müharibə başlayacaq.

Qəzet yazır ki, bu, son bir ayda Tomas de Vaalın ikinci müharibə xabərdarlığıdır. Bundan əvvəl aperlin 8-də analitik Qarabağla bağlı məqaləsində qeyd etmişdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri "çamadan diplomatiyası" yürüdürlər - regiona gəlib-gedirlər, başqa heç nə etmirlər.

"Yeni Müsavat": Müdafiə Sənayesi naziri: "Bütün artilleriya və tanklar üçün döyüş sursatları istehsal olunacaq".

Müdafiə sənayesi naziri Yavər Camalov ANS-ə eksklüziv açıqlamasında deyib ki, yaxın üç ay ərzində "Zərbə" adlı yeni nəsil PUA-nın sınaqlarına start veriləcək. O qeyd edib ki, müxtəlif mənzilli raket texnologiyalarını istehsal edən zavodun açılışı iyun, yaxıd iyul aylarına planlaşdırılır.

"İyul ayının axırından sonra da Azərbaycan Silahlı Qüvvələrində olan bütün artilleriya və tanklar üçün döyüş sursatları istehsal olunacaq. 100, 122, 130, 152 və 155 millimetrlik bütün döyüş sursatları da ölkəmizdə istehsal ediləcək. Bu da bizim bütün silahlanmada olan altilleriya və tankların tam şəkildə döyüş sursatları ilə təminatına şərait yaradacaq," deyə nazir bildirib.

Nazirin sözlərinə görə qarşıya qoyulan əsas tapşırıqlardan biri müxtəlif mənzilli idarəolunan raketlərin texnologiyasının Azərbaycana gətirilməsi və onların burada istehsalıdır. O deyib ki, yer-yer, hava-yer və hava-hava tipli kaketlərin istehsalı istiqamətində elmi tədqiqat instutu işləyir və həmin texnologiyanın Azərbaycana gətirilməsi istiqamətində də bir sıra ölkələrlə, o cümlədən Türkiyənin "Raketsan" şirkəti, Cənubi Afrika, və Braziliya şirkətləri ilə danışıqlar aparılır.

"Azərbaycanda istehsal olunan silahların tam yüksək səviyyədə döyüş tapşırığını yerinə yetirdiyini söyləyən Yavər Camalov ölkəmizdə istehsal edilən pilotsuz uçan aparatların təyinatının dəyişdirilərək, təkcə kəşfiyyat xarakterli deyil, eyni zamanda zərbə xarakterli pilotsuz uçuş aparatlarının da istehsalına başlanılacağını qeyd etdi.

“Yaxın 3 ayda prezident İlham Əliyevin tapşırığı ilə yeni nəsil “zərbə” adlı pilotsuz uçuş aparatlarının serialı istehsalı həyata keçiriləcək. Bu uçuş aparatları bizə imkan verəcək ki, düşmənin atəş nöqtələrini müəyyən etməklə həmin dayaq nöqtələrini məhv edək. Artıq düşmənlər - Ermənistan ordusunun əsgər və zabitləri indidən eşitməli, bilməlidirlər ki, Azərbaycan yaxın zamanlarda istehsal etdiyi belə silahlarla onları işğal etdikləri torpaqlardan qovacaq”,- deyə müdafiə və sənaye naziri Yavər Camalov bildirib.

“...Biz bir çox dövlətlərlə - Nigeriya, Kamboca, Banqladeş, Vyetnam, Tayvan, Qətər və Flippinlə Azərbaycanda istehsal edilən silahların ixracı barədə protokol imzaladıq. Həmin protokola əsasən, yaxın zamanlarda həmin ölkələrin müvafiq qurumlarının nümayəndələri Azərbaycana gələcək, yerli istehsalla tanış olduqdan sonra həmin silahların ixracı üzrə müqavilələr imzalanacaq",- deyə Yavər Camalov vurğulayıb.