Nigeriya lideri Camerondan "üzrxahlıq” tələb etməyəcək

Şəklin mənbəyi, AFP
Nigeriya prezidenti ölkəsinin aşırı dərəcədə korrupsiyaya uğradığı barədə Britaniya baş nazirinin bəyanatını şərh edərkən “heç kimdən üzrxahlıq” tələb etmədiyini deyib.
Məhəmməd Buhari bu barədə Londonda keçirilən antikorrupsiya konfransı ərəfəsində danışıb.
Britaniyanın baş naziri David Cameron Nigeriyanı "fantastik dərəcədə" korrupsiyaya uğramış ölkə kimi dəyərləndirmişdi.
Transparency International (Tİ) təşkilatının son hesabatında Nigeriya ən çox korrupsiyaya uğramış ölkələrə aid edilib. Təşkilatın hazırladığı Korrupsiya Qavrama İndeksində Nigeriya 136-cı sətiri tutur.
Nigeriya "fantastik dərəcədə korrupsiyaya uğramış ölkədirmi?" sualına cavab verən Məhəmməd Buhari "Bəli" cavabını verib.
Nigeriya lideri deyib ki, o, üzrxahlıqdan daha çox ölkədən çıxarılaraq Britaniya banklarındakı pulların qaytarılmasında maraqlıdır.
Cənab Buhari korrupsiyanı ölkələrin təhlükəsizliyini sarsıdan "iki başlı qulyabanı"ya bənzədib. O deyib ki, hökuməti dərin kök salmış korrupsiyaya qarşı mübarizəyə sadiq qalır.
Korrupsiya əleyhinə mübarizə konfransı öz işinə cümə axşamı başlayacaq.
Konfransdan əvvəl Britaniyanın baş naziri deyib ki, korrupsiya ilə açıq mübarizə çox uzun müddət ərzində "tabu" hesab olunub.
"Sammit bunu dəyişdirəcək. Birlikdə biz korrupsiya ilə mübarizə məsələsini beynəlxalq gündəmin önünə çıxaracağıq", - David Cameron deyib.
























