Mətbuat icmalı: Avropa bankından Azərbaycan üçün “bədbin” proqnoz

Çap edildi

"Azərbaycan": IV İslam Həmrəyli Oyunlarına 1 il qalması münasibətilə məsul şəxslər Bakıda görüşəcək

"Mayın 12-də Bakıda IV İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının sayca 3-cü iclası keçiriləcək. İclasda Əlaqələndirmə Komissiyasının və İslam Həmrəyliyi Oyunları ilə bağlı Əməliyyat Komitəsinin üzvləri iştirak edəcəklər.

İclasdan sonra Oyunların həyata keçirilməsi istiqamətində görülmüş və qarşıdakı müddət ərzində həyata keçirilməsi tələb olunan işlər ətrafında müzakirə aparılacaq. Günün ikinci hissəsində isə media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında gənclər və idman naziri, Azərbaycanda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar və digər rəsmilər iştirak edəcəklər.

Mayın 12-nin ən əlamətdar hadisələrindən biri IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 1 il qalmasıdır. Bununla əlaqədar olaraq mətbuat konfransı zamanı Oyunların yeni loqosunun və internet səhifəsinin təqdimatı olacaq."

"Xalq qəzeti": Xarici ölkələrin hərbi attaşeləri Ermənistan ordusunun "ağ fosforlu mərmi" atdığı ərazidə olublar

Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Əskipara kəndi ərazisinə beynəlxalq konvensiyalarla qadağan edilən ağ fosforlu top mərmisi atması faktı ilə yerində tanış olmaq məqsədilə xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri mayın 11-də cəbhə bölgəsinə səfər edərək əraziyə baxış keçiriblər.

"Yeni Müsavat": Azərbaycan, Qazaxıstan və Rusiya arasında Şimali Xəzərdə dənizin dibindən istifadə zonalarının bölüşdürülməsi həyata keçirilib

Xəzər dənizinin statusuna dair ölkələrin mövqeləri fərqlənir.
Şəklin alt yazısı, Xəzər dənizinin statusuna dair ölkələrin mövqeləri fərqlənir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Caspian Energy" jurnalına müsahibəsində Rusiya prezidentinin Federasiya sərhədlərinin MDB-nin iştirakçı dövlətləri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov məlumat verib. Müsahibə zamanı Xəzərin dibinin bölüşdürülməsi məsələsinə toxunan Bratçikov Xəzəryanı dövlətlərin başçılarının Həştərxan bəyanatını xatırladıb. O bildirib ki, altında Rusiya prezidentinin imzası olan bəyanatda "Xəzər dənizinin dibinin və təkinin bölünməsinin beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsipləri əsasında tərəflərin razılığı ilə aparılmalı" olduğu qeyd olunur. "Əslində, işlərin yarısı artıq görülüb: Azərbaycan, Qazaxıstan və Rusiya arasında Şimali Xəzərdə dənizin dibindən istifadə zonalarının bölüşdürülməsi həyata keçirilib, həmçinin Qazaxıstan və Türkmənistanın dib sektorları arasında sərhədlər müəyyənləşdirilib", - deyə diplomat diqqətə çatdırıb."

"Azadlıq": Avropa bankından Azərbaycan üçün “bədbin” proqnoz

Avropa Yenidənqurma və İnkişaf Bankı bildirilir ki, bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 3% az olacaq.
Şəklin alt yazısı, Avropa Yenidənqurma və İnkişaf Bankı bildirilir ki, bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 3% az olacaq.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) may ayı üzrə hesabatında bildirilir ki, bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 3% az olacaq. "Xatırladaq ki, AYİB 2015-ci ilin noyabr ayında proqnoz verərək 2016-cı ildə Azərbaycanda 2,5%-lik iqtisadi artımın qeydə alınacağını bildirmişdi. 6 aydan sonra isə bank proqnozunu kəskin dəyişib. ...Bu ilin 1-ci rübündə Azərbaycan iqtisadiyyatında 3,5% geriləmə baş verib. O cümlədən qeyri-neft sektorunda ÜDM 5,7% azalıb. “Biz hesab edirir ki, bu il Azərbaycanda 3% iqtisadi geriləmə, gələn il isə 1% iqtisadi artım olacaq. Bununla yanaşı, Dağlıq Qarabağ regionundakı münaqişə də iqtisadi artımın perspektivinə risk yaradır” – deyə AYİB bəyan edib. Dünyanın bütün aparıcı beynəlxalq maliyyə institutları və reytinq agentlikləri 2016-cı ildə Azərbaycan iqtisadiyyatının zəifləyəcəyini, 2017-ci ildə isə güclənəcəyini proqnozlaşdırır. Hökumət isə bu il 1,8% iqtisadi artım gözlədiyini bəyan edir."

"Azadlıq": Gənclər həbs olunublar

Qəzet Meydan TV-yə istinadən yazır ki, NİDA Hərəkatının üzvü Bayram Məmmədov və solçu kimi tanınan Qiyasəddin İbrahim mayın 10-u gecədən yoxa çıxıblar.

"...Onların harada olması barədə məlumat yoxdur. Gənclərin polis tərəfindən saxlanıldığı ehtimal olunur. Ancaq 24 saata yaxın vaxt keçsə də, hüquq-mühafizə orqanları heç bir açıqlama verməyib.

...Ehtimal olunur ki, gənclər DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa dair Mübarizə İdarəsində saxlanılır. Onların sabiq prezident Heydər Əliyevin abidəsi ətrafında yazılan şüarlara görə saxlanıldığı güman edilir.

Mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın önündəki heykəlinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılıb."

"Azadlıq": Azərbaycan Avropa Məhkəməsinə seçki şikayətləri üzrə liderdir

"Avropa Şurasına üzv digər ölkələrlə müqayisədə Azərbaycandan Avropa Məhkəməsinə göndərilən seçki şikayətlərinin sayı daha çoxdur. Bu barədə ifadə azadlığı mövzusunda Avropa Şurası standartlarına dair Azərbaycan jurnalistlərinin təlim səfəri çərçivəsində keçirilən görüşdə Avropa Məhkəməsi katibliyinin hüquqşünası Vüqar Fətəliyev məlumat verib.

O bildirib ki, hər parlament seçkisindən sonra Avropa Məhkəməsinə çoxlu şikayətlər gəlir: “2005-ci il seçkisindən sonra 60, 2010 seçkisindən sonra 100-ə qədər şikayət gəlib”. Hüquqşünasın sözlərinə görə, hazırda Avropa Məhkəməsinin icraatında baxışda Azərbaycana qarşı 1500-ə qədər şikayət var: “Onlardan 500-ə qədəri ermənilərin şikayətidir. Eyni zamanda, azərbaycanlıların da Ermənistana qarşı 600-ə qədər şikayəti var”".

"Azadlıq": Bakıda özünü "İŞİD üzvü" kimi qələmə verən şəxs 8 yaşlı uşağı girov götürüb

"Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 10-da Sabunçu rayonundakı yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 8 yaşlı oğlu Hüseyn mayın 9-da evdən çıxıb və geri qayıtmayıb."

Özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs Elnur Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürdüyü, azad edilməsi müqabilində 30 000 manat pul istədiyi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını deyib.

"...Hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub, şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib".

Hüquq-mühafizəçiləri faktla əlaqədar cinayət işinin açıldığını və araşdırma aparıldığını bildirirlər.

Qonşularsa deyiblər ki, uşağı atası özü tapıb.