Britaniya mətbuatı: Çirkli pulla ev alanlara Cameron-dan “müsadirə xəbərdarlığı”

“The İndependent” yazır ki, bu gün Britaniyanın baş naziri David Cameron dünyanın 50 ölkəsindən gəlmiş liderlərin iştirak etdiyi misilsiz sammiti açmaqla korrupsiya üzərinə yeni qlobal hücumu elan etmiş olacaq.
“Bununla belə, - yazır qəzet, - Baş nazir, Britaniyanı əvvəlcə “öz evini” səliqəyə salmağa çağıran səslərlə getdikcə daha çox üzləşir”.
Məqalədə deyilir ki, qlobal korrupsiyada əsas rol oynadığı söylənən ofşor və vergisiz ərazilərin əksəriyyəti məhz Britaniyanın tabeçiliyindədir.
Söhbət Britaniyanın taxt-tac və dəniz ərazilərindən gedir.
Tarixdə ilk dəfədir ki, keçirilən Antikorrupsiya Sammitində bir sıra ölkələrin bu yaxınlarda mediaya sızmış Panama sənədlərində aşkar edilmiş vergidən yayınma mexanizmlərinə qarşı bəzi öhdəlikləri götürəcəyi gözlənilir.
Britaniya hökumətinin vəzifəli rəsmilərinin bildirdiyinə görə, hər il bütün dünya boyunca 4 trilyon dollar korrupsiyaya qurban gedir.
“The İndependent” yazır ki, Britaniya hökuməti bu sammitə özünün bir sıra tədbirlər proqramı ilə gəlir.
Hökumət iddia edir ki, innən belə qanunsuz pulların Britaniyada mülklərə qoyularaq gizlədilməsinə yol verilməyəcək.
Yeni qaydalara görə Britaniyada mülk alan xarici şirkətlər icbari qaydada xüsusui reyestrdə qeydiyyatdan keçəcəklər və reyestrdə həmin şirkətlərin əsl mənfəətdarlarının adları göstəriləcək.
“The İndependent” yazır ki, cənab Cameron-un kraliça ilə şəxsi söhbətində Nigeriya və Əfqanıstanı “fantastik korrupsiyalı” ölkələr adlandırmasının və bunun mediaya çıxmasının qalmaqal yaradacağı gözlənilsə də, Nigeriya prezidenti Muhammadu Buhari əslində Britaniya baş nazirinin sözlərini təsdiq edib və ölkəsinin həqiqətən də “fantastik korrupsiyalı” olduğunu söyləyib.
Əfqanıstan səfirlyi bu qeydlərlə bağlı narazılıq ifadə etsə də, prezident Qani bildirib ki, ölkədə korrupsiyanın miqyası həqiqətən də genişdir.
Britaniya hökuməti həmçinin ölkənin taxt-tac və dəniz ərazilərini hesabata çəkə bilmədiyinə görə tənqid edilir.
Əvvəlcə evin içi
Panama sənədlərində ən çox adı çəkilən Virgin adaları nümayəndələrinin sammitə dəvət olunmadıqları barədə xəbərlər isə bu tənqidləri daha da kəskinləşdirib.
Məhz buna görə də Britaniya parlamentində təmsil olunmuş bütün partiyaların millət vəkilləri yazdıqları məktubda baş naziri “əvvəlcə evin içini qaydaya salmağa”, Britaniyanın taxt-tac və dəniz ərazilərinin “korporativ məxfiliyinə” son qoymağa çağırıblar.
Məktubda deyilir ki, Britaniya öz ərazilərində anonim şirkətlərin qeydiyyatına imkan verməkdə davam edərsə, onun korrupsiyaya qarşı qlobal mübarizədəki liderliyinə kölgə düşə bilər.
“The İndependent” yazır ki, baş nazir Britaniyadakı şirkətlərin üzərindən sahiblik məxfilyinin qaldırılacağını vəd etsə də, eyni qaydaların Britaniyanın Virgin və Baham adaları kimi dəniz ərazilərinə tətbiq edilməsi üçün addımlar atmır.
Məqalədə deyilir ki, hökumətin Britaniyanın xaricdəki əraziləri ilə ən son danışqılarda ofşor ərazilər özlərində qeydiyyatdan keçən şirkətlərin ictimaiyyət üçün gizli saxlanması kimi hüquqlarını əldən verməyiblər.
Kampaniyaçılar deyirlər ki, bu istisna bütün dünyadan olan korrupsiyaçıların öz qanunsuz pullarını ofşorlara daşımaqda və vergidən yayınmaqda davam etməsinə imkan yaradacaq.
Boş danışıq, yoxsa real əməl?
Sözü gedən məktubda deyilir ki, xarici ərazilərlə razılaşmada bu “istisnanın” və yaxud “dəliyin” bağlanması həyati əhəmiyyət daşıyır, beləki hazırkı sammitin yalnız “boş danışıq və yaxud real əməl” olacağının perspektivi bu istisnanın ləğvindən asılıdır.

Şəklin mənbəyi, AP
Məqalədə deyilir ki, bu sammitdə bir sıra ölkələrin korrupsiya ilə mübarizədə konkret addımlar elan edəcəyi gözlənilir.
“The İndependent” yazır ki, bir sıra taxt-tac və dəniz əraziləri də daxil Britaniya və daha 40 ölkə şirkətlərin sahibliyi barədə məlumatları avtomatik şəkildə bölüşməyi icbari edən sazişi imzalamğa razılıq verib.
Cənab Cameron deyib ki, “korrupsiya şəri dünyanın bütün guşələrinə çatır”.
Baş nazir bildirib ki, hazırda üzləşilən bir çox əsas problemlər, o cümlədən iqtisadi qeyri-müəyyənlik və dəhşətli yoxsulluq, habelə radikallaşma və ekstremizm korrupsiya üzündən baş qaldırır.
“Qlobal problemə qlobal həll lazımdır” - deyib baş nazir. O bəyan edib ki, korrupsia ilə həqiqi mübarizə dünya ölkələrindən misilsiz cəsarət tələb edir.
Cameron məqalə yazıb
“The Guardian” qəzeti London sammitinin ərəfəsində baş nazirin məqaləsini dərc edib.
Bu məqalədə David Cameron korrupsiya pulları ilə mübarizəyə dair bir sıra konkret addımların atılacağını bildirir.
Baş nazir vəd edir ki, Birləşmiş Krallıqda daşınmaz mülkiyyəti olan xarici şirkətlər bu mülklərin əsl sahiblərinin adlarını açıqlamağa məcbur ediləcəklər.
Onun sözlərinə görə, ictimaiyyət üçün açıq olan reyestrdə qeydiyyatdan keçməyən xarici şirkətlərə Britaniyada və Londonda mülk almaq qadağan olunacaq.
Cameron “korrupsiyaçılar üçün Britaniyada ev olmadığını” vurğulayıb.
Baş nazir yazır ki, yeni qaydalara görə qanunsuz pullarla alındığı güman edilən mülklərin sahiblərindən evi legitim pullarla aldıqlarının təsdiqi tələb ediləcək.
Onun sözlərinə görə “legitim vəsaitlə” alınmayan evlər müsadirə edilə bilər.
Bu sammitdə 50 ölkənin nümayəndələrindən başqa, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Beynəlxalq Valyuta Fondu da iştirak edirlər.
11 ölkə dövlət başçıları ilə təmsil olunub. ABŞ-ı bu sammitdə dövlət katibi John Kerry təmsil edir. Rusiya isə sammitə yalnız xarici ilşlər nazirinin müavinini göndərib.
Türkiyə üçün vizasız gediş-gəliş əngəllə üzləşdi
“The Daily Telegraph” yazır ki, Türkiyə 6 milyard avroya razılaşdığı antimiqrant sazişindən geri çəkilə bilər.

Şəklin mənbəyi, AFP
Məqalədə deyilir ki, Ankara terrorizm qanunlarını dəyişməyəcəyini elan etdikdən sonra, bu ölkənin Şengen zonasına qəbul edilməsi maneə ilə üzləşib.
Öz növbəsində Ankara Avropanı “qaçqın dənizində boğacağı” barədə təhdidlərini təkrar dilə gətirib.
Almaniya və bir sıra Avropa İttifaqı ölkələri bu qənaətdədir ki, Ankara terrorizm qanunlarından alim və jurnalistlərin repressiyası üçün istifadə edir.
Məqalədə deyilir ki, Avropa Parlamenti Türkiyə üçün viza rejiminin liberallaşdırılmasına dair sazişin ratifikasiyasından imtina edir, bu isə qaçqınlara dair sövdələşmənin əsas şərtlərindən biri idi.
“Riyazi yox, siyasi məsələ”
“The Telegraph” yazır ki, son vaxtlar Egey dənizindən keçib Avropaya gələn miqrantların sayı gündə 10-15 nəfərə düşüb, lakin Ankaranın qəzəblənməsi xaos vəziyyətinə qayıdışla nəticələnə bilər.
“Avropa Parlamenti Türkiyə vətəndaşlarının Avropaya vizasız gəlişini təmin etməli olan hesabatı müzakirə edəcək. Əgər yanlış qərar qəbul olunsa, biz qaçqınları göndərəcəyik” – yazıb Twitter-də prezident Erdoğanın müşaviri Bürhan Kuzu.
Türkiyənin Avropa işləri naziri Volkan Bozkir deyib ki, viza sazişinin hasilə gələcəyinə ümidlər getdikcə azalır.
O? Avropa Parlamentinin sədri Martin Schulz-a məsləhət görüb ki, Türkiyə üçün vizasız rejimə “riyazi yox, siyasi məsələ” kimi baxmalıdır.
O xəbərdarlıq edib ki, sazişin ratifikasiya olunmaması çox qorxulu vəziyyətin yaranmasına səbəb ola bilər.
Cənab Schulz deyib: “Gizlətməyəcəyəm. Bizim hələlik cavabımız yoxdur”.
“Yumşaq davranışlı kişi”
“The Telegraph” yazır ki, Angela Merkel-in hökuməti artıq “plan B” üzərində işləyir. Bu plan Türkiyə ilə razılaşmanın baş tutmayacağı təqdirdə işə düşəcək.
Məqalədə deyilir ki, Türkiyə sərhədlərini yenidən açarsa, Yunanıstanın Kos, Lesbos və Chios adalarındakı miqrantlar orada ilişib qalacaqlar.
Bunun ardınca Yunanıstandan adalara bərə nəqliyyatı ləğv ediləcək və miqrantlar adalardan gəldikləri ölkələrə deportasiya olunacaqlar.
“The Telegraph” yazır ki, Avropa İttifaqı ilə Ankara arasındakı münasibətlər Erdoğan baş nazir Ahmet Davutoğlunu istefaya vadar edəndən sonra kəskin pisləşib.
Məqalədə deyilir ki, “bu yumşaq davranışlı kişi qaçqın sazişinin memarı idi”.
Onun istefası elan ediləndən dərhal sonra prezident Erdoğan Aİ-nin terror qanunlarının dəyişdirilməsinə çağırışını hiddətlə rədd edib.
“Siz öz yolunuzla gedin, biz də öz yolumuzla” – deyib Erdoğan.
“The Telegraph” yazır ki, xanım Merkel Türkiyə ilə əldə olunmuş razılaşmanın onun rəy sorğularındakı qürubunu dayandıracağına ümid edirdi.
Hazırda rəy sorğuları göstərir ki, almanların üçdə ikisi onun dördüncü müddətə kansler olmasının əleyhinədir.
























