Kolumbiya polisi səkkiz ton kokain müsadirə edib

Bu on il ərzində müsadirə edilmiş ən iri narkotik partiyasıdır
Şəklin alt yazısı, Bu on il ərzində müsadirə edilmiş ən iri narkotik partiyasıdır
Çap edildi

Kolumbiya polisi ölkənin şimal-şərqində yerləşən sahil şəhəri Turbodakı fermada axtarış zamanı səkkiz ton kokain müsadirə edib.

Bu on il ərzində müsadirə edilmiş ən iri narkotik partiyasıdır. Polisin məlumatına görə, narkotiklər Usuqa dəstəsinə məxsusdur.

Prezident Juan Manuel Santos Twitter-də polis əməkdaşlarını təbrik edib və bildirib ki, "Turbodakı əməliyyat zamanı bizim tariximizdə ən böyük miqdar ələ keçirilib".

Keçirilmiş əməliyyatda üç şübhəli şəxs həbs olunub və daha üçü isə qaçıb, bəyanatda bildirilir.

Daha öncə Kolumbiya müdafiə naziri Luis Karlos Villegas bəyan edib ki, ordu da daxil olmaqla dövlətin bütün güc strukturları ərazi zəbt edən cinayətkar dəstələrlə mübarizə üçün istifadə olunacaq.

Nazir onu da deyib ki, müsadirə edilmiş narkotik vasitələrin təxminən 1,5 min tonu "xarici bazara çıxarılmaq üçün bükülmüş və hazır vəziyyətdə" olub.

Usuqa dəstəsi əsasən narkotik alveri ilə məşğul olur. Onlar həmçinin, hədə-qorxu ilə pul tələb etmə, qanunsuz hasilat və adam öldürməkdə ittiham olunub, müxbirlər deyir.

Kolumbiya təhlükəsizlik orqanları dəstənin 6700 üzvünü həbs edib. Kolumbiya polisi hazırda dəstənin iki minə yaxın fəal üzvünün olduğunu deyir.

Bu ayın əvvəlində Kolumbiya hökuməti bəyan edib ki, narkotiklərin qanunsuz dövriyyəsi və qanunsuz hasilatı ilə məşğul olan cinayətkar dəstələrə qarşı hava reydlərinə başlayacaq.

Yeni strategiya konkret olaraq üç dəstənı, Usuqa dəstəsini, Los Pelusos və Los Puntilleros-u hədəfə alır.