Britaniya mətbuatı: “Düz bir ildən sonra Rusiya və Qərb müharibə edəcəklər”

“The İndependent” qəzeti general Richard Shirreff-in yeni kitabından söz açıb.
Kitabda deyilir ki, Qərb bir ildən sonra Rusiya ilə açıq müharibədə olacaq. Kreml Baltik dövlətlərini Latviyadan başlayaraq işğal edəcək və NATO buna reaksiya vermək istəyəndə isə onu nüvə silahı ilə hədələyəcək.
“Tərəddüdlü NATO fəlakətlə üzləşəcək. Güclü siyasi bəyanatların güclü hərbi qüvvəyə üstün gəldiyi an yetişəcək” – deyilir kitabda.
Yeni kitabında NATO-nun keçmiş komandan müavini general Shirreff yazır ki, Rusiya ilə müharibə gələn ilin mayında baş verəcək. General yazır ki, “aqressiv və fürsətçi Putin” Qərbin zəif siyasi liderliyindən istifadə edərək “Rusiyanı bir daha qüdrətli dövlətə çevirəcək”.
General Shirreffin fikrincə, 2008-ci ilin Gürcüstan müharibəsi və 2014-cü ildə Krımın ilhaqı, habelə Ukraynada separatçlığın qızışdırılması böyük Rusiya ekspansiyası planının yalnız başlanğıcıdır. General bunu da qeyd edir ki, dondurulmuş münaqişələr böyük planın icrasında Putinin işinə yarayacaq.

Şəklin mənbəyi, NATO
Birdən generalın sözü düz çıxmasa
Kitab haqqında məqalənin müəllifi, tanınmış jurnalist Kim Sengupta yazır ki, generalın proqnozlarına rəğmən Putin Donbasda “qızğın başlı” komandirləri daha praqmatik siyasətçilərlə əvəz edib.
Jurnalist sual edir ki, belə bir şəraitdə Rusiya prezidentinin Baltik regionunda daha bir isti müharibə nəyinə lazımdır? “Axı Ukrayna və Gürcüstandan fərqli olaraq Baltik dövlətləri NATO üzvüdürlər” – deyilir məqalədə.
“Birdən ser Richard-ın axirət proqnozu doğrulmasa, onda necə olsun?” - deyə soruşur Sengupta. Jurnalist yazır ki, general artıq özünü həmin varianta da hazırlayıb. O Londondakı Royal United Services İnstitutunda etdiyi təqdimat çıxışında deyib ki, müharibənin qarşısını almaq üçün NATO Şərqi Avropa və Baltik hövzəsində canlı qüvvə və hərbi texnika cəmləşdirməlidir.
Məqalədə deyilir ki, NATO əslində bu işi artıq görməyə başlayıb və yeri gəlmişkən 1997-ci ildə Boris Yeltsinin hökumətinə verdiyi vədləri pozub. O vaxt Moskvaya zəmanət verilmişdi ki, NATO keçmiş Varşava paktının ölkələrində canlı qüvvə yerləşdirməyəcək.
Sengupta yazır ki, NATO komandanları öz hökumətlərinin Kremlin hərbi qabiliyyəti barədə tam məlumata malik olmamasından narahatdırlar. Halbuki eyni zamanda Qərbin hərbi liderləri həmişə Rusiya hərbiyyəsini məsxərəyə qoyublar: “onların texnikası köhnəlib, aviasiya bombaları dəqiq deyil, dəniz donanmaları isə çürüyüb”. Lakin məqalədə bu da qeyd olunur ki, Qərbin Ukraynada gördükləri onu şoka salıb. Rusiyanın hərbi təyyarələri Suriyada ABŞ koalisiyasının bir ayda etdiyi uçuşları bir gündə ediblər.
Rusiyanın hərbi qüdrəti
Rusiya donanması min kilometrlərlə uzaqda olan Xəzər dənizindən Suriyaya ballistik raketlər atıb. NATO-nun hərbçiləri narahatdırlar ki, rusların şərqi Ukrayna və Suriyada qurduğu hava hücumundan müdafiə sistemləri Qərbi Əsəd rejiminin və ya Ukrayna separatçılarının qarşısında aciz qoyacaq.

Şəklin mənbəyi, EPA
ABŞ-ın Avropadakı hərbi komandanı general-leytenant Ben Hodges deyib ki, Rusiyanın elektron silahlar sahəsində tərəqqisi heyrətamizdir. ABŞ hərbi hava qüvvələrinin komandanı general-leytenant Frank Gorenc isə bildirir ki, Rusiyanın Krımda və Kalininqradda qurduğu antiraket sistemləri NATO təyyarələrinin Baltik üzərində və ələxüsus da Polşada uçuşlarını son dərəcə çətinləşdirib.
Buna baxmayaraq, Kim Sengupta bu qənaətdədir ki, Rusiyanın müasir silahlar sahəsində tərəqqisi onun heç də hücuma hazırlaşdığını göstərmir, hərçənd Moskva hərbi xərcləri bir xeyli artırıb. Məqalədə deyilir ki, başlıca problem Qərb siyasətçilərinin hərbi sahəyə daha çox investisya qoymaqdansa, hərbi hərəkətlər barədə bəyanatlar verməsindədir.
Bilirsiniz nə var? Siz müharibənizi edin…
Məsələn Liviyadakı hərbi əməliyyatlarla bağlı hərbçilərin giley-güzarına cavab olaraq David Cameron demişdi: “Bilirsiniz nə var? Siz müharibənizi edin, siyasi çıxışları mən edərəm”. “Baş nazirin Liviya macərasının necə nəticələndiyi məlumdur” - yazır Sengupta.
General Shirreff-in özü də cənab Cameron-u dəfələrlə tənqid edib. O öz kitabında həmçinin hərbi büdcəyə ixtisarlara dair müdafiə naziri Philıip Hammondla çəkişməsindən də yazıb. Bundan qəzəblənən cənab Hammond generalın cəzalandırılmasına çağırıb. Başqa sözlərlə, bu, keçmiş komandanın tribunala verilməsi demək olardı. Lakin ser Richard deyib ki, “xoşbəxtlikdən o, Hammond-un yox, NATO-nun tabeçiliyində olub.
Diabet xəstələri insulindən xilas ola bilər
“The Guardian" yazır ki, Londonda mənzillənmiş Cell and Gene Therapy Catapult təşkilatı və Aberdeen Universiteti alimlərinin sayəsində 1-ci tip diabetdən əzab çəkənlər tezliklə insulindən xilas ola bilərlər.
Hazırda bu tip diabeti olanlara gündəlik qaydada insulin iynələri vurulmalıdır. Məqalədə deyilir ki, yeni metodun işlənib hazırlanması üçün Cell and Gene Therapy Catapult təşkilatı və Aberdeen Universiteti birgə Islexa şirkəti yaradıblar. Bu şirkətin laboratoriyasında mədəaltı vəzin xüsusi toxumaları yetişdiriləcək. Bu toxumalar orqanizmdə insulinin istehsalı üçün cavabdehdir.

Şəklin mənbəyi, Getty
Langerhans adacıqları
Alimlər elmi adı Langerhans adacıqları olan bu toxumaları donorun mədəaltı vəzindən götürərək təkrar “proqramlaşdıracaqlar”. “The Guardian” yazır ki, hazırda Britaniyada 1-ci qrup diabeti olanların ildə yalnız 30-50-nə Langerhans adacıqları köçürülür. Buna səbəb donorların azlığı və adacıqların mədəaltı vəzin toxumasından çıxarılmasının çətinliyidir.
Londonda keçirilən Dünya Gövdə Hüceyrələri və Regenerativ Təbabət konfransında (World Stem Cells and Regenerative Medicine congress ) çıxış edən Keith Thompson deyib ki, adacıqların laboratoriya şəraitində yetişdirilməsi bu materialın daha çox insana köçürülməsi imkanı yaradacaq. Keith Thompson Islexa qrupuna Cell and Gene Therapy Catapult təşkilatından Michael Bennet və Aberdeen Universitetindən professor Anne Lewendon-la birlikdə başçılıq edəcək.
Sınaqlar uğurlu olarsa…
“The Guardian” yazır ki, sınaqlar uğurlu olarsa minlərlə insana insulin iynələri vurulmadan yaşama imkanı veriləcək. Lakin bu da qeyd olunur ki, bu üsulla praktik müalicə yalnız bir neçə ildən sonra mümkün olacaq.
Hazırda Britaniyada 1-ci tip diabet xəstəsi olan 320 min insan var. Onların sayının 2035-ci ilədək 652 min nəfərə çatacağı gözlənilir. Bütün dünya boyunca 21 milyon insan 1-ci tip diabetdən əzab çəkir.
Məqalədə deyilir ki, 1-ci tip diabet xəstəliyi zamanı mədəaltı vəz heç bir insulin istehsal etmir, halbuki 2-ci tip diabetdə bu orqan kifayət qədər insulin buraxa bilmir və ya bədən hüceyrələri insulinə reaksiya göstərmir. Aberdeen Universitetindən professor Kevin Docherty deyir ki, hazırda donor adacıqlarından 1-ci tip diabetin müalicəsində səmərəli şəkildə istifadə olunur. Adacıqların laboratoriyada yetişdirilməsi isə müalicənin kütləviliyinə imkan yarada bilər.
Arvad ərinin mobilinə müdaxilə etdiyi üçün cərimələndi
“The Daily Mail” yazır ki, ərəb qadın ərinin sədaqətsizliyindən şübhələndiyinə görə onun telefonunu yoxlayıb, amma nəticədə polis tərəfindən ərinin şəxsi həyatına müdaxilədə ittiham edilib.
Xəbərdə deyilir ki, sədaqətsizliyinin sübut olunmasından əsəbiləşən ər polisə müraciət edib. İndi qadını 40 min dollar cərimə və Birləşmiş Ərəb Əmirliklərindən deportasiya gözləyir.
Məqalədə deyilir ki, 30 yaşlarında olan ər-arvadın hər ikisi ərəbdir. Qadın ərinin telefonunda axtarış apardıqdan sonra onun WhatsApp tarixçəsini əldə edib və xəyanət fotolarını öz telefonuna köçürüb. “The Daily Mail” yazır ki, qadın məhz bu köçürmə əməliyyatı üçün məsuiliyyətə cəlb edilib, çünki bununla ərinin şəxsi sirlərinə müdaxilə etmiş olub.

Şəklin mənbəyi, BBC World Service
Öz evinə od vurub
Qəzet ərəb həyatından başqa bir epizodu da misal gətirib. Səudiyyə Ərəbistanında bir qadın əri ona ikinci arvad almaq istədiyini SMS-lə bildirdikdən sonra hirsindən öz evinə od vurub.
Ər SMS-də yazırdı ki, hazırda ikinci arvadı ilə bal ayındadır və bu barədə qayıdanda “söhbət edəcəklər”. Lakin göründüyü kimi 6 uşaq anası gözləməməyi qərara alıb. Cazan şəhərində baş vermiş bu hadisə zamanı evinin yandığını görən qadın sanki nə etdiyinin fərqinə varıb və yanğınsöndürənləri özü çağırıb. Yanğın zamanı uşaqlardan biri ağır xəsarət alıb.
























