İD bayrağını asan taciklərə 6 və 4 illik həbs cəzası

Şəklin mənbəyi, AP
Düşənbə məhkəməsi özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın qara bayrağını asmış iki şəxsi 6 və 4 il müddətinə azadlıqdan məhrum edib.
21 yaşlı Davron Qurbanov və 17 yaşlı Qüdrət Nəsrullayev konstitusiya quruluşunu dəyişdirmək çağırışlarında təqsirkar tanınıblar.
Cinayət işinə əsasən Davron Qurbanov işlədiyi internet kafedə cihadçıların çəkdiyi videoları izləyib.
O, düzəltdiyi İD bayrağını avqustun 28-dən 29-a keçən gecə paytaxtdakı körpülərin birində asıb.
Rəsmi məlumatlara görə Suriya münaqişəsinə qatılan taciklərin sayı 500-700 arasındadır. Onlardan 150 adamın öldüyü bildirilir.
Suriya münaqişəsinə adətən 45 yaşınadək kişilər yollanır. Bəziləri ölkəni tərk edərkən ailələrini də özü ilə aparır.
Tacikistan vətəndaşlarının çoxu Suriyaya Rusiya, Əfqanıstan, Pakistan və Türkiyə üzərindən keçirlər.
Son zamanlar İD sıralarına cəlb olunanlar arasında Rusiyada işləyən miqrant taciklərin sayı artmaqdadır.
























