Britaniya mətbuatı: Qadınlar ərlərinə “sədaqətsizlik icazəsini” niyə verirlər?

“The Daily Telegraph” qəzetində Dolly Alderton yazır ki, Britaniyda tanınmış biznesmen və teleulduz Sayira Xan 11 illik ərinin ona xəyanət etməsinə icazə verib.
Məqalədə deyilir ki, xanım Xan ərindən razıdır, onunla xoşbəxtdir və ondan iki uşaq doğub, onu sevir, amma seks həyatına marağını tamamilə itirib.
46 yaşlı qadın deyir ki, hər axşam saat 6-dan sonra ərinin məhəbbət müraciətlərinə müxtəlif bəhanələrlə rədd cavabı verməklə məşğuldur. Bir sözlə o bildirib ki, ərinin nikahdan kənarda sekslə məşğul olmasına normal baxardı.
“The Telegraph” yazır ki, sonradan Sayira Xanın əri arvadı ilə hər hansı belə sövdələşməyə girdiyini inkar etsə də, məsələ sosial mediaya çıxıb və geniş reaksiyaya səbəb olub. Dolly Alderton yazır ki, belə geniş reaksiya artıq adamların bu məsələ barəsində müəyyən həmrəyliyə gəldiyini və yeni ailə-seks münasibətlərinin formalaşmasına hazır olduqlarını göstərir. Məqalədə deyilir ki, bir çoxları Sayira Xanın mərdanəliyini alqışlayıblar.
Hərə bir cür bədbəxtdir
Alderton isə bu qənaətdədir ki, nikahdankənar seksual münasibətlər yeni bir şey deyil, lakin burada xoşagəlməz element faktın özü yox, bu barədə mövcud olan yalanlardır. Jurnalistin fikrincə, belə ailələrdə işlər onsuz da gec-tez xəyanətlə qurtarırır, hərçənd kişi daim özünü ittiham edir ki, görəsən nəyi düz etməyib. Nəyi düz etməyib ki, artıq arvadını seksual baxımdan cəlb etmir.
Məqalədə deyilir ki, seksual münasibətləri çox şey əngəlləyə bilər: uşaqlar, stres, yuxusuzluq, ruhi və ya fizioloji xəstəliklər və bir çox qadınlar üçün menopauza. Yəni hər bir kəsin seks həvəsində olmaması üçün öz şəxsi və fərdi səbəbləri ola bilər.
Journal of Marriage and Family məcmuəsi yazır ki, 35-44 yaş arasında uzunmüddtəli cütlərin 16 faizi seksual münasibətlərdə çox az, ya da heç olmurlar. Müəllif bu nəticəyə gəlir ki, evlilikdə olan iki nəfərdən birində libido tam sıradan çıxdıqdan sonra kənarda “seks lisenziyası” tamamilə məntiqli görünə bilər.

Şəklin mənbəyi,
Öpüşürük, amma seks yoxdur
Alderton hətta bu qənaətə gəlir ki, belə cəsarətli və mərdanə addıma hazır olmağın özü də böyük sevgidən irəli gələ bilıər. Məqalədə başqa bir cüt də misal göstərilir. Hər ikisi 56 yaşında olan yorkşirli Dianne və Paul (adlar dəyişdirilib) 27 ildir ki, evlidirlər. Dianne deyir: “Təzə-təzə vaxtlarda gecə-gündüz sekslə məşğul idik, lakin indi, 2008-ci ildən bəri aramızda heç nə olmayıb”.
“Biz hələ də ikinəfərlik çarpayıda yatırıq, öpüşürük, qucaqlaşırıq, lakin mən menopauzaya girəndən seksim sönüb” – deyir qadın. Məqalədə deyilir ki, Dianne bir müddət libidonun qayıdacağına ümid edib, lakin bu baş verməyib.
Bax bu məqamda o əri ilə olan münasibətləri barədə düşünməyə başlayıb.
“Əvvəllər bu Paula da qədər təsir eləmədi, çünki onun da bir neçə stresli iş layihəsindən sonra seksual həvəsi öləzimişdi. Amma indi seks mənim üçün o qədər əhəmiyyətsiz bir şeydir ki, hətta Paul-un kənarda kiminləsə münasibəti olsa belə, məni qorxutmaz” – deyir Dianne.
Əsas inək məsələsidir
Müəllfin fikrincə, uzunmüddətli münasibətlərdə libidonun tükənməsi cinsi hal deyildir. Həm qadınlar, həm də kişilər xəyanət edirlər. Psixoloq Esther Perel deyir ki, nikah lap bu yaxınlarda iqtisadi struktur olmaqdan çıxaraq romantik struktura çevrilib.
Alim bildirir ki, monoqamiyanın sevgiyə heç bir dəxli yoxdur. Kişilər qadınların sədaqətindən ona görə əmin olmaq istəyirlər ki, uşaqların ondan olub-olmadığını, ölüm ayağında inəkləri böləndə kimə nə çatacağını bilmək istəyirlər.

Şəklin mənbəyi, AP
Psixoloqun fikrincə müasir həyat yoldaşı könül dostu, seks partnyoru, hami, zəka şəriki və sair kimi funksiyalarla yüklənib. Bu qədər məsuliyyətin yükü bəzən nikahı əzib sındıra bilir. Alimin fikrincə məhz buna görə də sədaqətsizliyə müəyyən mənada hazır olmaq lazımdır.
Psixoloq düşünür ki, hazırda bir çox qeyri-ənənəvi münasibət formalarının, məsələn poliamoriyanın yaranması müşahidə edilir. Bunlar nikahda olan hər iki tərəfin seksual azadlığını nəzərdə tutur.
Məqalədə deyilir ki, belə formalardan biri də eyni bir çevrədə ər-arvadların”dəyiş-düyüşü” – metamorusdur.
Sevgi təkcə seks deyil
Alderton yazır ki, əlbəttə nikahda olmaq iki insanın nələrisə qurban verməsi deməkdir, lakin bu klassik cüt anlayışı zəmanın təzyiqi altındadır. Hazırda nikahların 42 faizi boşanma ilə bitir, kişilərin 60, qadınların 45 faizi sədaqətsizliyə yol verirlər. Müəllif yazır ki, rəqəmlər ənənəvi monoqamiyanın heç də hamı üçün işləmədiyini göstərir, lakin bu o demək deyildir ki, onların hamısı ayrılmaq istəyirlər.
Həmin o xanım, Dianne deyir ki, onu və ərini seksdən başqa bir çox məqamlar – hörmət, nəvaziş və qayğı bağlayır. “Biz bir-birimizi sevirik və bu mənada intimliyimiz qalır. Odur ki, nikah heç də pis bir yer deyil” – deyir qadın.
Məqalədə deyilir ki, sədaqətin bir neçə formaları var və başqası ilə yatmamaq bu formalardan yalnız biridir. Amma qoşa qarımaq, bir yerdə oğul-uşaq böyütmək əhdi kimi məsələlər də var. Bu mənada ən mühümü bir-birinə yalan danışmamaq sədaqətidir, - yazır Alderton. Esther Perel isə bildirir ki, xəyanət etmiş adamlar ona müraciət edəndə belə deyir: “Sənin birinci nikahın məhv olub, indi eyni şəxslə ikinci nikaha hazırsanmı?”
İran qadınları: Hicaba qarşı kişi şalvarı
“The İndependent” yazır ki, İranda qadınlar hicabsızlığa görə ağır cərimələr edən “əxlaq polisindən” yan ötmək üçün saçlarını qısa kəsdirir və kişi paltarları geyinirlər.
Ən maraqlısı isə budur ki, bu qadınlar sonradan bi qiyafədə çəkilmiş fotolarını sosial medialarda paylaşırlar.
Hicab əxlaqi yox, siyasi məsələdir
Məqalədə deyilir ki, son zamanlar İranda hicab, siyasi çarpışmanın mərkəzinə gəlib. “The İndependent” yazır ki, qadınlar hicabı bütün başqa sosial bərabərsizliklərin simvolu kimi qətiyyətlə rədd etməyə başlayıblar.
Məqalədə deyilir ki, indi sosial medialarda hicabsız qadınların fotolarına və videolarına geniş rast gəlinir. Qadın fəallar ölkənin qərbli qadın qonaqlarını hicabdan imtina etməyə çağırırlar.
Lakin hakimiyyət orqanları bu cür aktlara qarşı sərt tədbirlərə əl atır. Bugünlərdə hicabsız şəkilləri İnstagramda yayılmış bir qadın millət vəkili mandatından məhrum edilib. Bu həftə səkkiz model “vulqar fotolarını” sosial mediada paylaşdığına görə məsuliyyətə cəlb edilib.

Şəklin mənbəyi, Fars
“The Independent” yazır ki, bu sayaq təqiblərdən çəkinən bir çox qadınlar sosial media hesablarını “şəxsi” rejimə keçşiriblər. İnstagramda “ən çıx fırtına” yaratmış fotolardan birində hicabsız maşın sürən qadın görünür. Başqa bir şəkildə saçları qısa kəsilmiş və əyində kişi paltarı ola həmin qadın “skuter” sürür.
Başqa bir şəkildə qısa saçlı gənc qadın əyində cins şalvarla küçədə əks edilib. Şəklin şərhində yazılıb: “Mən iranlı qızam. Əxlaq polisindən yayınmaq üçün saçımı qısa kəsdirmişəm və əyinimə kişi paltarı geyinmişəm ki, İran küçələrində azad gəzə bilim”. İcbari hicab müzakirələrinə kişilər də qoşulublar.
Mənim oğrun azadlığım
Mayın 14-də idman jurnalisti Peyman Rəhbər kişi paltarı geyinərək stadionda futbola tamaşa edən qızın şəklini paylaşıb. Jurnalist şəklin şərhində sevincindən ağladığını yazır. Rəhbərin yanaşı qoyduğu başqa bir şəkildə tanınmış məşqçi əks olunub.
Jurnalist yazır ki, onların hər ikisini qalib hesab etmək olar: Biri öz komandasını qələbələrə ruhlandırıb, digəri isə, yəni kişi paltarı geyinmiş qız, elə buna bənzər qələbə qazanıb. Başqa bir İran jurnalisti – Məsih Əlinejad da özünün “Mənim oğrun azadlığım” Facebook səhifəsində belə fotolardan bəzilərini paylaşıb.
Hazırda New York-da yaşayan xanım Əlinejad hicaba qarşı internet kampaniyasına iki il əvvəl başlamışdı. İndi onun bir milyona yaxın izləyicisi var. “Hökumət baş örtüyü olmadan şəkil çəkdirən qadınları həbs etsə də, bu son fotolar qadınların qorxmadığını göstərir” – yazır jurnalist.
























