Liderlər qalmaqallı Dünya Humanitar Sammiti üçün İstanbuldadır

Çap edildi

Yüzlərlə dünya lideri ilk Dünya Humanitar Sammitinin açılışında iştirak etmək üçün İstanbula gəlib. Sammiti Birləşmiş Millətlər Təşkilatı (BMT) təşkil edib.

Sammitin məqsədi, qlobal humanitar sistemi təkmilləşdirməkdir.

Lakin bəzi yardım qrupları bunu sadəcə bir şou adlandıraraq tənqid edib. Qlobal tibbi xeyriyyə təşkilatı olan Medecins Sans Frontieres (Sərhədsiz Həkimlər, MSF) tədbirdə iştirak etməkdən imtina edib.

BMT rəqəmlərinə görə, dünyada 130 milyon adamın humanitar yardıma ehtiyacı var, bu isə misli görünməmiş dərəcədə yüksək rəqəmdir.

Bundan başqa hər il 60 milyon adam münaqişələr nəticəsində didərgin düşür, BMT deyir.

Putin gəlməyəcək

BMT təxmin edir ki, vəd edilən lakin çatdırılmayan pullara görə fondlarda hər il $15 milyard (22,4 milyard AZN) çatışmazlıq olur.

Sammitdə 175 ölkədən lider və nümayəndə, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Cənab Əliyev İstanbula birinci xanım Mehriban Əliyeva ilə işgüzar səfər üçün gedib, prezident.az saytı bildirib.

Tədbirin sonunda icrası məcbur olmayan öhdəliklər tərtib olunacaq.

Öhdəliklərin məqsədi humanitar yardım üçün fondları artırmaq və fondların paylaşılması mexanizmini təkmilləşdirməkdir.

Məlumata görə, təxminən 65 dövlət başçısı İstanbula gəlib, lakin Böyük 7-lər ölkələrindən yalnız Almaniya kansleri Angela Merkel iştirak edir.

Rusiya hökuməti açıqlayıb ki, onun humanitar təkliflərinə indiyədək məhəl qoyulmadığından prezident Vladimir Putin orada iştirak etməyəcək.