Britaniya mətbuatı: Elm “süni insan” yaradılmasına hazırdır?

Çap edildi

“The Daily Telegraph” qəzetinin OPEC-in son sammitinin ardınca yazılmış “Dünyanın neft tifaqı” təhlilində deyilir ki, OPEC bir vaxtlar Sezar kimi intəhasız qüdrəti ilə bizim iqtisadi işlərmizə rəhbərlik edər, ara-sıra müxtəlif ölkələri rəhmsizcəsinə resessiyalarla cəzalandırar, bir neçə ildən sonra, xətri istəyəndə nəfəs almaq imkanı verərdi.

Bir vaxtlar belə idi, yazır qəzet, lakin indi diqqətəlayiq bir hadisə baş verib. Bazar qüvvələri özlərini təkrar bərqərar edirlər. Dünyanın köhnə neft düzəni yoxa çıxır və bununla da geosiyasət və iqtisadiyyat dəyişiklik prosesindən keçir.

Qəzet yazır ki, neft ixrac edən ölkələrin OPEC kartelinin tənqidçiləri bu quruma həmişə “qlobal səhnədə təlatümlər yaradan, korrupsiyalı, xudbin və despotik rejimlərin div təşkilatı” kimi baxıblar.

Müdafiəçilər üçünsə bu təşkilat istehsalçılarla istehlakçılar arasında moderator olub. Onun rəsmən elan edilmiş məqsədi - neft hasilatçıları üçün sabit qiymətlərin, istehlakçı ölkələr üçün sabit təchizatın və investorlar üçün sabit gəlirin təmin edilməsidir. “Bundan xeyirxah daha nə məqsəd ola bilər?” – yazır “The Telegraph”.

Məqalədə deyilir ki, indi kartel bu üç məqsəddən heç birinə xidmət edə bilmir. “Üzvlərinin dəbdəbə və təkəbbürünə baxmayaraq bu təşkilat demək olar artıq heç mövcud deyil” – yazır qəzet.

OPEC bazara nəzarəti itirib və daha tapmayacaq

Məqalədə deyilir ki, bu həftə Vyanada keçirilmiş OPEC yığıncağı media tərəfindən tənqid olunub, lakin buna heç ehtiyac da yox idi. Axı ortalıqda yazası nəsə yoxuydu. Son iki ayda iki dəfə görüşən təşkilat neft hasilatçılarının ağrısını azaltmaq üçün hasilatın həcmləri barədə razılığa gələ bilməyib. Onlar nəinki qlobal neft hasilatının tavanı, hətta milli kvotalar barədə də razılığa gəlməyiblər.

Müəllifin fikrincə, OPEC neft bazarına nəzarəti itirib və çətin ki, bir də onu tapa bilsin. “Hər ikisi özlərini islam dünyasının liderləri elan etmiş Səudiyyə və İranı öz damı altında saxlamaq istəyən hər hansı qurumun bəlası əskik olmaz” – deyilir məqalədə.

“The Telegraph” yazır ki, bu iki ölkə arasındakı gərginlik İranın üzərindən beynəlxalq sanksiyalar qaldırılandan sonra daha da artınb. İndi İran nəqd pul aclığı çəkən ölkə kimi neft istehsalını iki dəfə artırmağa can atır. Məqalədə deyilir ki, iki ölkə arasında ziddiyyətlərə dini qarşıdurma da əlavə olunub və Səudiyyənin keçmiş neft naziri Həcc zamanı həlak olmuş 500 iranlının ölümündə onların özünü günahlandırandan sonra, deyilənə görə, iranlılar bu adamın olduğu otağa ayaq basmaq belə istəmədiklərini bildiriblər.

ABŞ-ın neft gəlhagəli qurtardı?

Son iki ayda iki dəfə görüşən OPEC üzvləri neft hasilatın həcmləri barədə razılığa gələ bilməyib.
Şəklin alt yazısı, Son iki ayda iki dəfə görüşən OPEC üzvləri neft hasilatın həcmləri barədə razılığa gələ bilməyib.

“The Telegraph” yazır ki, OPEC-in Venesuela və Nigeriya kimi üzvlərinin varlığı neft qiymətlərindən asılı olsa da, Səudiyyə hasilatı azaltmaq istəmir. Məqalədə deyilir ki, bu divanəliyin arxasında səudların bütün başqa kiçik hasilatçıları bazardan çıxarıb onların yerlərinə sahiblənmək niyyəti durur. Qəzet yazır ki, bu siyasət bəhrəsini verir.

ABŞ-da şist nefti verən işlək quyuların sayı vaxtilə olduğu 2000-dən bu gün cəmi 316-ya düşüb. Bu, tarixdə Amerika neft hasilatı üçün ən aşağı göstəricidir və ABŞ-ın neft gəlhagəli beləcə başa çatıb.

“The Telegraph” yazır ki, neft qiymətləri son vaxtlarda bir qədər canalanıb, lakin bu, əsas etibarilə münaqişələrlə bağlı Nigeriya və İraq kimi ölkələrdə yaranan neft hasilatı fasilələri ilə bağlıdır və qiymət məsələsində həlledici dəyişiklik sayıla bilmız.

Məqalədə qeyd olunur ki, dünyanın ən ucuz neftini çıxaran Səudiyyə belə aşağı qiymətlərə uzun müddətdə dözə bilər, amma Rusiya kimi hasilatçılar bundan ağrı çəkir.

Səudiyyə də neftsiz dünyadan danışırsa…

Bu da xatırladılır ki, əsrin əvvəllərində BP neftsiz gələcəyə hazırlıq məqsədilə “Neftdən o yana” kampaniyasını elan etmişdi. Bu kampaniyanın ömrü az olsa da, onun arxasında duran ideya sağlam idi.

Məqalədə deyilir ki, tarixən müəyyən vaxtlarda neftə tələb təklifi ötüb və neft ixracatçıları bundan zənginlik əldə ediblər. Amma bu gün dünyada hasil edilmiş izafi neftin bolluğu yaranıb. Bərpa olunan enerji növlərinin inkişafı bu durğunluğu daha da kəskinləşdirib. İndi hasilatçılar hər barrel uğrunda bir-birilə mübarizə aparırlar. OPEC-ə bu cür alıcı bazarında artıq yer yoxdur.

“The Telegraph” yazır ki, Səudiyyə Ərəbistanı “2030-a baxış” adlı geniş islahat proqramına başladığını elan edib. Məqsəd neftdən asılı olmayan, həqiqətən də şaxəli iqtisadiyyatın yaradılmasıdır.

Məqalədə deyilir ki, bu islahatın uğuruna ümid cüzidir, lakin əgər dünyanın neftlə ən zəngin ölkəsi də neftdən sonrakı zəmanəyə hazırlaşırsa, deməli dünyada nəsə çox fundamental şəkildə dəyişib.

Elm “süni insan” yaradılmasına hazırdır

“The İndependent” yazır ki, alimlərin beynəlxalq qrupu sintetik insan genomunun yaradılmasını nəzərdə tutan böyük layihə təklifi ilə çıxış edib.

Alimlərin fikrincə “HGP-yaz” layihəsi insan səhhəti ilə bağlı bir sıra kəskin problemləri kökündən həll etmək iqtidarındadır.
Şəklin alt yazısı, Alimlərin fikrincə “HGP-yaz” layihəsi insan səhhəti ilə bağlı bir sıra kəskin problemləri kökündən həll etmək iqtidarındadır.

Bu məsələ əvvəllər çox ciddi etik və hüquqi suallar doğurmuşdu. Buna baxmayaraq, dünyanın 25 aparıcı genetiki bəyan edib ki, İnsan Genomu Layihəsi (Human Genome Project - HGP) nə qədər ziddiyyətli görünsə də, indi tədqiqatların ən böyük sahəsinə çevrilib.

Alimlər bildirirlər ki, layihə bu günə qədər “HGP oxu” adlanırdısa, innən belə “HGP yaz” adlanmalıdır. Başqa sözlərlə alimlər bu günə qədər insan genomunu yalnız “oxuyurdularsa”, indi onu “yazmağı”, daha doğrusu yaratmağı düşünürlər. “The İndependent” yazır ki, bu layihənin icrası milyardlarla funt sterlinq vəsait tələb edə bilər.

Başqa alimlər layihəni tibdə inqilab adlandırırlar və əmin etməyə çalışırlar ki, burada söhbət bütöv insanın yaradılmasından getmir. Alimlərin fikrincə “HGP-yaz” layihəsi insan səhhəti ilə bağlı bir sıra kəskin problemləri kökündən həll etmək iqtidarındadır. Xəbər verilir ki, bu layihə sayəsində transplantasiya üçün insan orqanlarının yetişdirilməsi, viruslara qarşı immunitetin mühəndisliyi, xərçəng kimi təhlükəli xəstəliklərə qarşı terapevtik hüceyrə xətlərinin yaradılması mümkün ola bilər.

“Uşaq dizaynı” təhlükəsi

“The İndependent” yazır ki, insan genomunun redaktə edilməsi məsələsi indiyədək olduqca ziddiyyətli ideya hesab olunub. Bu layihə bir çox irsi və sağalmaz xəstəliklərin müalicəsinə potensial olaraq yol açsa da, bir sıra təhlükəli sui-istifadələrə - məsələn dizayn edilmiş uşaqların doğulmasına imkan verə bilər.

Science jurnalında dərc etdikləri məqalədə alimlər razılaşırlar ki, tamamilə sintetik genomun yaradılması müəyyən mənfiliklərə səbəb ola bilər. Bu təhlükələrdən biri də insanın cinsi hüceyrələrinin dəyişdirilməsinə imkan yaranmasıdır. Bu hüceyrələrə müdaxilə, məsələn, irsi xəstəliklərin önlənməsi zamanı tələb oluna bilər.

Bir sıra alimlər bu qənaətdədirlər ki, bu məsələnin ciddiliyi, bütün hüquqi, etik və sosial məsələlərin hələ tədqiqatlar başlamadan həll edilməsini tələb edir.

Təhlükəlidir, lakin zəruridir

University College London universitetindən sintetik biologiya professoru John Ward deyir ki, burada söhbət DNT-nin getdikcə daha böyük seqmentlərinin yaradılmasından gedir və son nəticə istər-istəməz tam insan genomunun süni şəkildə yaradılması imkanı olacaq.

Alim burada real təhlükənin olduğunu etiraf edir, lakin bildirir ki, HGP-nin birinci – yəni “oxu” fazası insanın genetik xəstəliklərinin, habelə xərçəngin müalicəsi üçün tamamilə yeni üsullar ortaya çıxarıb.

Onun fikrincə, bəşəriyyət bu yanamşmanın bəhrələrini qarşıdan gələn illərdə görməyə başlayacaq. Alim inandırmağa çalışır ki, bu layihədə süni insanın yaradılmasına heç bir çağırış yoxdur, lakin daha böyük gen seqmentlərinin öyrənilməsi “sağalmaz” xəstəliklərin sağalması üçün çeşidli müalicə üsullarının yaranmasına yol açır.

John Ward yada salır ki, indiyədək aparılan rüşeym tədqiqatlarında da süni insan yaradılması məqsədinə heç bir çağırış olmayıb.