Britaniya mətbuatı: “Robotların bakirələrlə seksi təhlükəlidir”

Çap edildi

Gey molla İrandan qaçıb

“The Independent” yazır ki, İranda eyni cinsdən olanların kəbinlərini gizli kəsən molla, ruhani fiqurlardan çox sayda ölüm hədələri aldıqdan sonra ölkədən qaçmağa məcbur olub.

Məqalədə deyilir ki, İranda homoseksuallıq qadağandır və bu qadağanı pozanları şəriət qanunları ilə ölüm cəzası gözləyir.

Eyni qanunlara əsasən homoseksual fəaliyyətə görə azyaşlıların cəzası 74 şallağa endirilə bilər.

Qadınlar üçün lesbianlığa görə 50 şallaq nəzərdə tutulub, lakin onu bu əməldə dördüncü dəfə yaxalasalar, ən yüksək cəzaya da məhkum edilə bilərlər.

2014-cü ildə ölkənin ali rəhbəri homoseksuallığın “mənəvi pozğunluq” və “şəhvət düşkünlüyü” olduğunu bəyan etmişdi.

Elə həmin ilin sentyabrında İran Məclisinin spikeri homoseksuallığı “müasir Qərbin barbarlığı” adlandırmışdı.

Bəli, mən gey kəbinləri kəsmişəm...

“The Independent” yazır ki, homoseksuallığın qadağan olunduğu şəraitdə Taha adlı gey molla özünün seksual oriyentasiyasını gizli saxlayırdı, lakin homoseksualların kəbinlərini kəsməyə başlayanda ifşa edilmişdi.

BBC-ə müsahibəsində Taha demişdi: “Bəli, mən gey nikahlarını bağlamışam. Son bir neçə ayda belə nikahları bağlamaq xeyli çətinləşmişdi. Hakimiyyət orqanları mənə dostlarım barədə suallar verməyə başlamışdılar”.

“Onlar deyirdilər ki, sən ruhanisən və homsoeksual kişilərlə görüşməməlisən. Elə başqa mollalar da mənim seksual oriyentasiyamdan şübhələnmişdilər və məni ölümlə hədələyirdilər” – deyib Taha.

“The Independent” yazır ki, İranda mollalar böyük nüfuz sahibidirlər və adamlara mənəvi məsələlərdə məsləhət verirlər. Bu ruhanilərə bir tərəfdən hörmət edir, başqa bir tərəfdən isə onlardan qorxurlar.

Edamda Quran oxuyanlar

İrandan ötən il qaçmış homoseksual Ramtin Ziqorat deyib ki, Taha ilə görüşmək onun üçün çox əhəmiyyətli idi: “O vaxtadək mollaları yalnız bizi cəzalandırmaq istəyən adamlar kimi görmüşdük. Onlar bizim edam mərasimlərimizdə Quran oxuyurdular. Amma indi biz elə bir adamla tanış olmuşuq ki, o, homoseksuallara toy keçirir”.

Taha hazırda İstanbulda yaşayır və Kanadaya mühacirət etməyi planlaşdırır
Şəklin alt yazısı, Taha hazırda İstanbulda yaşayır və Kanadaya mühacirət etməyi planlaşdırır

Lakin İranı bir ay əvvəl tərk etmiş başqa bir homoseksual qaçqın deyir ki, Tahaya etibar edə bilmir, çünki İranda başı mollalardan çox müsibətlər çəkib.

Özünü qondarma Fərid adı ilə təqdim edən gənc deyir ki, mollalara qətiyyən etibarı yoxdur.

“Mən onların yaydığı qorxu və yalanlar mühitində böyümüşəm” – deyib Fərid.

“The İndependent” yazır ki, Taha hazırda Türkiyənin İstanbul şəhərində yaşayır, lakin Kanadaya mühacirət etməyi planlaşdırır.

Türkiyədə homoseksuallıq 1858-ci ildən cinayət sayılmır, lakin eynicinsli birgəyaşayış və nikah qadağandır.

Məqalədə deyilir ki, 2016-cı ilin mayına olan məlumata görə 73 ölkədə homoseksuallıq kriminal əməl sayılır.

Bunlardan beşində - Mavritaniya, Sudan, İran, Səudiyyə Ərəbistanı və Yəməndə homoseksuallar elə təkcə oriyentasiyalarına görə ölüm cəzasına məhkum edilə bilərlər.

Lavat

İran 2011-ci ildə üç nəfəri sodomiyaya görə edam etdikdən sonra beynəlxalq insan haqları təşkilatları tərəfindən qətiyyətlə pislənmişdi.

Bu hadisə ona görə böyük əks-sədaya səbəb olmuşdu ki, İran prokurorluğu bu adamların “lavat” (sodomiya) əməlinə görə edam edildiklərini rəsmən etiraf etmişdi.

Belə hallarda məhkəmələr adətən seksual təcavüz və zorlama maddələri ilə hökmlər çıxarır. İnsan haqları müdafiəçiləri deyirlər ki, bu zaman seksual əlaqə tərəfləri arasında qarşılıqlı razılığın olub-olmadığı nəzərə alınmır.

2008-ci ildə İranın o vaxtkı prezidenti Mahmud Əhmədinejad New York Columbia Universitetində etdiyi çıxışda demişdi ki, İranda homoseksuallıq ümumiyyətlə yoxdur.

İran həmçinin 2005-ci ildə Mahmud Əsgəri və Ayaz Marhoni adlı iki yeniyetməni Məşhədin mərkəzi meydanında qaldırıcı kranın qolundan asmışdı.

Gey haqları müdafiəçiləri bildirirdilər ki, rəsmi hökmdə 13 yaşlı oğlan uşağının zorlandığı deyilirdi.

Robotlarla seks niyə təhlükəlidir?

“The Daily Mail” qəzeti isə gələcəyin seksindən söz açır. Elm məsələləri üzrə müxbir Colin Fernandez yazır ki, yaxın gələcəkdə yeniyetmə qızlar öz bakirəliklərini robotlarla cinsi əlaqə zamanı itirə bilərlər.

Sheffield Universitetindən robotika professoru Noel Sharkey xəbərdarlıq edib ki, “android seks oyuncaqları” cəmiyyətlərin gələcəyi üçün ziyanlı nəticələrə səbəb ola bilər.

O xatırladır ki, bir vaxtlar internet pornoqrafiyasının yüksəlişi hakimiyyət orqanları üçün tam gözlənilməz olmuşdu, indi isə “robot inqilabı” bundan da seysmik gücə malik ola bilər.

Cheltenham Elm Festivalında çıxış edən professor Sharkey deyib ki, o, “seks barədə kifayət qədər liberal baxışlara malikdir” və buna görə də maşınlarla seksdə heç bir problem görmür.

Onu narahatlığı yeniyetmə qızların ilk seksual təcrübəsinin robotlarla ola bilməsi ehtimalındandır.

‘Bundan sonra sizin əks cins barədə təsəvvürünüz nədən ibarət olacaq? – deyə sual edib alim, - Bu kişidir, yoxsa qadındır?”

Professorun fikrincə, belə ilkin seksual təcrübədən sonra insanların normal münasibətlər qurması çətinləşəcək.

Seks robotlarının söz ehtiyatı məhduddur

“The Daily Mail” yazır ki, tam canlı insan görkəmində, lakin məhdud söz ehtiyatı olan seks robotları artıq ABŞ və Yaponiyanın mağazalarında satılır.

Professor Sharkey deyir ki, bu “oyuncaqların” 16 yaşından aşağılara satılması qadağandır, lakin robotların məhz bu yaş katerqoriyasına daxil uşaqların əlinə keçəcəyini kim istisna edə bilər?

Alim bunu da qeyd edib ki, seks robotları artıq mövcuddur və yaxın 10 ildə inkişaf edən sahə olacaq.

Onun fikrincə, yaş limiti reallıqda maneə ola bilməz. Məsələn əgər valideynlərdən birinin evdə belə bir robotu varsa, kim zəmanət verə bilər ki, uşaqlardan biri bu “oyuncağa” yol tapmayacaq.

Hazırda satışda olan seks kuklaları müxtəlifdir, lakin onların arasında ən məşhuru TrueCompanian brendindən olan robotlardır.

Onların qadınlar üçün olan modifikasiyası Roxxxy, kişilər üçün olan modeli isə Rocky adlanır və pərakəndə satış qiyməti təxminən 10 min dollardır.

Seks robotları zövqə görə sifariş edilə bilər, yəni müştərilər “oyuncağın” dəri, saç, göz rənglərini, üz quruluşlarını özləri seçə bilərlər.

Qadağan etmək lazımdır

Lakin məqalədə deyilir ki, sözün əsl mənasında avtonom, yəni düşünən və hiss edən robotların yaranması hələ də uzaq perspektivdir.

Başqa bir robot eksperti, De Montfort Universitetindən Kathleen Richardson isə deyir ki, belə robotların Britaniyaya idxal edilməsinə qadağan qoyulmalıdır.

Xanım Richardson ötən il BBC-ə bildirmişdi ki, hazırda seks robotları ümumilikdə robot sənayesinin diqqət mərkəzindədir və bu, narahatlıq doğurmaya bilməz.

Ekspert deyir ki, insana yaxın robotların yaradılması qadınlar və kişilər, böyüklər və uşaqlar arasında normal münasibətlər üçün dağıdıcı təsirə malik ola bilər.