Britaniya mətbuatı: İran qadınlarının “abırsız” geyimi “çayları qurudur”

13 Nobel mükafatçısı Avropa İttifaqında qalmağa çağırıb
“The Telegraph on Sunday” qəzetinin elm redaktoru Sarah Knapton yazır ki, Higgs bozonu hissəciyini kəşf etmiş lord Peter Higgs də daxil Britaniyanın bütün dünyada tanınan 13 Nobel mükafatçısı həmvətənlərini bu ay keçiriləcək Avropa referendumunda ittifaq tərkibində qalmağa səs verməyə çağırıb.
Onlar “The Telegraph” qəzetində dərc olunmuş açıq məktubda yazıblar ki, Britaniyanın Avropa İttifaqını tərk etməsi bütün elm aləmini təhlükəyə sala bilər.
Nobel mükafatçıları lord John Gurdon, professor Peter Higgs və lord Paul Nurse də daxil alimlər qrupu bildirir ki, Avropa İttifaqı elm adamlarına sərbəst hərəkət etmək və koordinasiyalı tədqiqatlar aparmaq imkanı verir və Brexit kampaniyasının qalib gələcəyi təqdirdə bütün bunlar itirilə bilər.
Məktubda deyilir ki, Britaniyanın Aİ-dən çıxması Birləşmiş Krallıq elmini Avropa fondlarından məhrum edəcək və yeni tədqiqatların aparılmasını ciddi əngəlləyəcək.
Onların fikrincə, məhz pul vəsaitinin kəsilməsi Britaniya alimləri üçün ən böyük riski yaradır.
Alimlər yazırlar ki, Brexit tərəfdarlarının elm üçün çatışmayan fondların ölkə büdcəsi hesabına doldurulacağını düşünmələri sadəlövhlük və məsuliyyətsizlikdir.
Beləki, bir-birini əvəz edən Britaniya hökumətlərinin elmə ayırdığı pullar hər zaman Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnklişaf Şurasının orta göstəricisindən aşağı olub.
“Elm insanların və ideyaların təması şəraitində çiçəklənir” – deyilir məktubda. Bunun üçünsə əngəllərin minimum, mübadilə və əməkdaşlığın isə maksimum olması mühümdür.
Alimlərin fikrincə, Avropa İttifaqı məhz belə bir mühiti təklif edir.
“The Telegraph” yazır ki, nüfuzlu Nature elm jurnalının bu yaxınlarda apardığı sorğu alimlərin 90 faizinin Britaniyanın Avropa İttifaqında qalmasını istədiyini göstərir.
Aİ-dən çıxmaq tərəfdarı olan alimlər də var
Buna baxmayaraq, “Alimlər Britaniya üçün” (Scientists for Britain) kampaniya qrupu iddia edib ki, ölkə elmi Brexit nəticəsində ziyan çəkməyəcək.
Onlar deyirlər ki, Avropa İttifaqının “Horizon2020” adlı 80 milyard avroluq fondunun ən çox maliyyələşdirdiyi iki ölkə, ümumiyyətlə Aİ üzvü deyil.
Beləki İslandiya, İsrail, Ukrayna, Norveç və Türkiyə də daxil 15-dək ölkə elmi araşdırmaların maliyyələşdirilməsi üçün Avropa elm fonduna müraciət edə bilər.
“The Telegraph” yazır ki, adambaşına düşən gəlirə görə Norveçin göstəriciləri Britaniyanınkından xeyli yaxşıdır.
Britaniya elmi məqsədlər üçün fonddan hər milyon nəfərə 12 milyon avro aldığı halda İslandiya 27, Norveş isə 20 milyon avro vəsait alır. Hətta İsrailin də göstəricisi 14 milyon avro olmaqla Britanityadan daha yaxşıdır.
Bununla belə, ümumən Brexit kampaniyasına daha meylli “The Telegraph” etiraf edir ki, Avropa elm fondundan kənar ölkələrə fondun cəmi 7, 2 faizi verilir.
Birləşmiş Krallıq bu fondun 16 faizini əldə edir.

Şəklin mənbəyi, Thinkstock
Hicaba əməl etməsən, çayı quruda bilərsən
“The Guardian” qəzetində dərc olunmuş məqalə “İran qadınlarının geyimi çayları qurudur” adlanır.
Məqalədə deyilir ki, İranın vəzifəli ruhanilərindən biri – Seyyid Yusif Təbatəbayi-Nejadın fikrincə İran qadınlarının “abırsız” geyimii ölkə çaylarının qurumasına səbəb olur.
İsfahanda cümə namazına başçılıq edən ayətullah Təbatəbayi əxlaq polisini hicaba düzgün əməl etməyən qadınların həbsinə çağırıb və deyib ki, belə qadınların mənəviyyatsız davranışı ətraf mühitə dağıdıcı təsir göstərir.
Bu həftə keçirilən ibadət zamanı ayətullah deyib: “Mənim ofisimə suyu qurumuş Zəyəndərud çayının sahilində sanki Avropadaymışlar kimi şəkil çəkdirmiş qadınların fotoları çatdırılıb. Bu çayın qurumasına səbəb elə bu sayaq davranışlardır” – deyib ruhani İSNA agentliyinə.
“Mən Kommunikasiya Nazirliyinə bu cür ədəbsizlik hallarını yayan şəbəkələri ifşa etməyə çağırmışam. Bunu etməsəydim, deməli vəzifəmin öhdəsindən gəlməzdim. Kommunikasiya Nazirliyi bu adamları tapıb boğmalıdır” – deyib ayətullah.
Təbatəbayi deyib ki, bu cür halları görəndə onları təkcə müzakirə etməklə iş bitmir.
“Polis bu əxlaqsızlığın kökünü kəsmək üçün Hizbullahi qüvvələrdən istifadə etməlidir” – deyib Təbatəbayi.

Şəklin mənbəyi, epa
Zehniyyət
“The Guardian” yazır ki, Təbatəbayinin bəyənatı İranda “əxlaq polisi” üzvlərinin sayının artırılması və düzgün hicablanmayan qadınların həbsinni genişlənməsi ilə eyni avvaxta təsadüf edib.
Qəzet yzır ki, “əxlaq polisi hətta maşınında ucadan musiqi oxudanları da cəzalandıra bilər”.
“The Guardian” yazır ki, imam Təbatəbayi-Nejadın bəyanatları İran Milli Müqavimət Şurası tərəfindən kəskin tənqid olunub.
Qrupun xarici işlər komitəsinin üzvü Afşin Ələvi deyib ki, bu bəyənatlar teokratik rejimin zehniyyətini nümayiş etdirir və bu, İŞİD-in ideologiyasından heç də fərqli deyil.
“Bu zehniyyətin məhək daşı qadınlara nifrətdir” – deyib sözçü.
Afşin Ələvinin fikrincə, rejim təkləndikcə daha qəddar repressiya metodlarına əl atır.
Bundan əvvəl imam bəyan etmişdi ki, kişilərin işdə olduqları vaxt qadınlar evdə oturmalıdırlar.
O həmçinin ölkıə geyim məcəlləsini pozan qadınlara qarşı zorakılıqları dəstəklədiyini bildirib.
























