Britaniya mətbuatı: NATO “Rusiyaya qarşı” dörd batalyon göndərir

“The İndependent” yazır ki, NATO Baltikyanı ölkələrin və Polşanın müdafiəsini gücləndirmək üçün bu bölgədə 4000 əsgəri qüvvəlik 4 çoxmillətli batalyon yerləşdirəcək.
Brüsseldə keçirilən mətbuat konfransında alyansın baş katibi Jens Stoltenberg deyib ki, bu barədə qərar NATO-ya daxil ölkələrin müdafiə nazirlərinin bu gün keçiriləcək görüşündə qəbul ediləcək.
“The İndependent” yazır ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən və Ukraynanın şərqindəki separatçı münaqişəyə müdaxilə edəndən bəri Estoniya, Latviya, Litva və Polşa öz ərazilərində NATO-nun daha böyük mövcudiyyətini istəyirdilər.
Məqalədə deyilir ki, NATO baş katibi öz çıxşışında birbaşa Rusiyanın adını çəkməsə də, son addımın məhz Rusiya təhlükəsi faktoru ilə bağlı olması aşkardır.
Cənab Stoltenberg deyib ki, NATO öz üzvlərinin mühafizəsinə və qonşuluqda stabilliyə töhfə verir.
“Lakin üzləşdiyimiz problemlər davam edir və biz daha uzun müddətdə hazır olmalıyıq – deyib NATO-nun baş katibi, - Biz qərara gəlmişik ki, alyansın Şərq cinahında mövcudiyyətimizi artıraq. Odur ki, biz hərbi strateqlərimizin məsləhəti ilə Baltik ölkələrində və Polşada 4 çoxmillətli çevik və rotasiyalı batalyon yerləşdirmək qərarına gəlmişik”.
“Bu NATO-nun, özünün istənilən müttəfiqini qorumağa hazır olduğu barədə aydın siqnal verir” - deyib Stoltenberg.
ABŞ, Almaniya və Britaniya

Şəklin mənbəyi, AFP
“The İndependent” yazır ki, Rusiya hələlik bu bəyanatla bağlı münasibət bildirməyib, lakin bundan əvvəl Moskva NATO-nu onun sərhədləri boyunca hərbi qüvvələrini artırmaqda ittiham edib.
Rusiya bildirib ki, o da öz ümdə maraqlarını qorumaq üçün müvafiq addımlar atacaq.
Avropada təhlükəsizlik üzrə aparıcı analitik Jonathan Eyal deyib ki, sözü gedən dörd yeni batalyon Rusiyanın hücumunu dəf etmək üçün yox, onu mümkün təcavüz aktlarından çəkindirmək üçündür.
Analitik deyib ki, belə bir şəraitdə ruslar hücuma keçmək qərarına gəlsələr, birbaşa NATO qüvvələri ilə üzbəüz olacaqlar.
“Məhz buna görə də ruslar NATO-nun qətiyyətinə şübhə etməməlidirlər” – deyib Jonathan Eyal.
Cənab Stoltenberg izah edib ki, hər biri 800-1000 hərbçidən ibarət olan dörd batalyon daimi yox, rotasiyalı qaydada yerləşdirilir.
“The İndependent” yazır ki, ilkin məlumatlara görə, sözügedən batalyonların heyəti əsasən ABŞ, Britaniya və Almaniya hərbçilərindən ibarət olacaq.
Generalın “nüvə xəbərdarlığı”
Məqalədə deyilir ki, elə ötən ay, 2011-2014-cü illərdə Avropada NATO qoşunları baş komandanının müavini general lord Richard Dhireff Rusiya ilə mümkün nüvə müharibəsi barədə xəbərdarlıq etmişdi.
O demişdi ki, alyans ya Baltik dövlətlərində döyüş qabiliyyətini artırmalı, ya da “potensial fəlakətlə” üzləşməlidir.
General demişdi ki, ruslar nüvə düşüncəsi ilə döyüş qabiliyyətini əlaqələndirdiyindən, söhbətin bütün aspektlərdən nüvə müharibəsindən getdiyini düşünmək olar.
“Biz Putini dediyi sözlərə görə yox, əməllərinə görə qiymətləndirməliyik. O Gürcüstana müdaxilə edib, Krıma müdaxilə edib, Ukraynaya müdaxilə edib. O hərbi qüvvədən istifadə edib və cəzasız qalıb” – deyib general.
“Gərginliyin mövcud olduğu bir vaxtda Baltik ölkələri üzərinə hücum tamamilə ağlabatandır” – deyib Richard Dhireff.
Cənab Stoltenberg deyib ki, dörd batalyon NATO-nun mövqeyindəki daha geniş dəyişikliyin yalnız bir hissəsidir.
O bildirib ki, NATO-nun reaksiya qüvvələri sayca üç dəfə artırılaraq 40 min hərbçiyə çatdırılıb. Bunlardan 5 mini lazım olarsa, dərhal hərəkətə gətirilə bilər.
Jens Stoltenberg deyib ki, alyansın Şərq cinahında planlaşdırmanın, təlimlərin və qoşun hərəkətlərinin koordinasiyası üçün səkkiz kiçik qərargah yaradılır və bu qərargahlar yerli hökumət və parlamentlərlə əlaqədə fəaliyyət göstərəcək.
Bu, qoşunların Avropa boyunca çevik hərəkətə gətirilməsini təmin edəcək.
Rusiya azarkeşlərinin arasında neonasistlər varmı?

Şəklin mənbəyi, Getty
“The Guardian” yazır ki, vaxtilə nasistsayağı salamlama zamanı fotosu çəkilmiş tanınmış ifrat sağçı fəal Rusiya Futbol İttifaqının rəsmi nümayəndə heyətinin tərkibində Fransada keçirilən Avropa Futbol Çempionatına səfər edib.
Məqalədə deyilir ki, ötən şənbə günü Rusiya və İngiltərə azarkeşləri arasında baş vermiş zorakı toqquşmalar zamanı da həmin şəxs Marseldə olub.
Antirasizm qrupları Aleksandr Şprıginin Rusiya komandası ilə birlikdə rəsmi akkreditasiya ala bilmiş olmasından dərin narahatlıq ifadə ediblər.
“The Guardian” yazır ki, Marseldə Rusiya və İngiltərə azarkeşləri arasında baş vermiş zorakılığın ardınca UEFA-nın stadionlarda iqrçilik təzahürlərini izləyən komandası Şprıgini müəyyən edib.
Məqalədə deyilir ki, UEFA və FİFA-nın matçları üçün müstəqil müşahidəçilər verən Fare şəbəkəsi bildirib ki, Şprıgin Rusiyanın ekstremist sağçı azarkeş qrupları arasında aparıcı fiqur sayılır.
Fare şəbəkəsi bildirir ki, bu şəxsin nümayəndə heyətinin tərkibində olması yüksək vəzifəli rəsmilərin, ifrat sağçı liderlərin və ekstremist millətçilərin arasında mövcud olan bağlılıqdan xəbər verə bilər.
“The Guardian” yazır ki, Şprıgin fotolardan birində Rusiyada ifrat sağçı Korrozia Metalla rok qrupunun müğənnisi ilə birlikdə nasistsayağı salamlama edərkən görünür. Məqələdə deyilir ki, sözü gedən rok qrupunun bir çox mahnıları millətlərarası nifrəti qızışdırdığına görə Rusiya hakimiyyət orqanları tərəfindən qadağan edilib.
“Xuliqanlar ölkənin şərəfini qoruyublar”
Bu da qeyd olunur ki, 2007-ci ildə Rusiya Azarkeşlər İttifaqını yaradandan bəri Şprıgin ekstremist tonunu bir qədər aşağı salmışdı.
Lakin bu yaxınlarda onun Rusiya komandasında yalnız slavyan sifətləri görmək istədiyini deməsi bir çoxlarının hiddətinə səbəb olmuşdu.
Bundan başqa Şprıgin Fransa millisinin oyunçusu Mathieu Valbuena-nın Twitterdə yaydığı şəkli bəyənmədiyini bildirmişdi, çünki orada “çox sayda qara sifətlər” vardı.
“The Guardian” yazır ki, Dinamo Moskva komandasının azarkeşi olan Şprıgin, həm də Rusiya Dumasının deputatı İqor Lebedevin köməkçisi vəzifəsində işləyir.
Marseldə baş vermiş zorakılıqların ardınca bu millət vəkili də ziddiyyətli bəyanatlar səsləndirmişdi.
O demişdi ki, “azarkeşlərin dalaşmasında heç bir problem görmür”. O Rusiya azarkeşlərini “bu fəaliyyəti davam etdirməyə” çağırmışdı.
Lebedev bəyan etmişdi ki, Rusiyanın xuliqanlıq edən azarkeşləri əslində “vətənin şərəfini qoruyublar”.
Manifest 12
Rusiya-İngiltərə oyunundan dərhal sonra Rusiya mətbuatına müsahibə verən Şprıgin deyib ki, idman naziri Vitali Mutko onu şəxsən qələbə münasibətilə təbrik edib və onlar baş vermiş insidenti ümumiyyətlə müzakirə etməyiblər.
“The Guardian” yazır ki, FİFA şurasının üzvü olan Mutko 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının aparıcı fiqurlarındandır.
Videoda Rusiya azarkeşlərinin hərəkətlərinə əl çaldığı görünən nazir sonradan baş vermiş hadisəni pisləmiş və bəzi azarleşklərin ölkəni “başı aşağı etdiyini” bildirmişdi.
“The Guardian” yazır ki, Rusiya azarkeşlərinin arasında başqa bir ziddiyyətli fiqur, “Makasin” ləqəbli Aleksandr Rumyantsev də görünüb. Onun rəsmi akkreditasiyaya malik olub-olmadığı bilinmir.
Məqalədə qeyd olunur ki, Rumyantsev “Zenit Landskrona” azarkeş klubunun keçmiş rəhbəri kimi 2012-ci ildə Manifest 12 adlı sənədi tərtib edib. Bu müraciətdə Zenit Sankt Peterburq komandasına qaradərili və gey oyunçuların götürülməməsi tələb olunurdu.
“The Guardian” yazır ki, bazar günü Şprıgin özünün Twitter hesabından Rusiya azarkeşlərinə aid otel otaqlarına 40 Fransa polisinin reyd keçirməsindən, pasportların alınmasından və hər bir azarkeşin şəklinin çəkilməsindən narazılığını bildirib.
FİFA da sullara cavab verməli olacaq
Məqalədə deyilir ki, Şprıginin rəsmi Rusiya nümayəndə heyətinin tərkibində olması təsdiqini tapandan sonra Fare şəbəkəsi UEFA-ya rəsmi təqdimat yazıb.
UEFA akkreditasiya üçün müraciətlərə diqqətlə baxıldığını, lakin təşkilatın hər bir ayrıca fərd üçün məsuliyyət daşımadığlını bildirib.
Fare hesab edir ki, bu məsələ ilə bağllı FİFA da müəyyən suallara cavab verməli olacaq, çünki Şprıgin Moskvada keçiriləcək Dünya Çempionatı təşkilat komitəsinin üzvüdür.
Marselin hakimiyyət orqanlarından verilən məlumatlara görə Rusiya idman rəsmilərinin ekstremist azarkeşlərə bilet payladığını görənlərlər olub.
“The Guardian” yazır ki, Şprıgin hələ mart ayında Fransanın çempionat keçiriləcək şəhərlərinə səfər etmişdi. O vaxt Tuluz və Marsel rəsmiləri onunla görüşməkdən imtina etmişdilər. Lakin o, Lil şəhərinin nümayəndə heyəti ilə görüşmüş və bu görüşdə çəkilmiş fotonu sosial şəbəkələrdə yaymışdı.
Məqalədə deyilir ki, bütün bunlar Dünya Çempionatını keçirəcək ölkənin azarkeş cəmiyyəti arasında ekstremistlərin olduğunu göstərir və bu mənada ciddi narahatlıq doğurur.
























