Euro 2016: Fransa Rusiya azarkeşlərinin rəhbərini “xaric edir”

Aleksandr Şprıqin Fransa hakimiyyətinin addımından narazıdır.
Şəklin alt yazısı, Aleksandr Şprıqin Fransa hakimiyyətinin addımından narazıdır.
Çap edildi

Marseldə İngiltərə və Rusiya matçından sonra baş vermiş kütləvi zorakılıq insidentinin ardınca Rusiya futbol azarkeşlərinin aşırı sağçı lideri Fransadan xaric edilib.

Ümumrusiya Azarkeşlər Birliyinin sədri (ÜAB) Aleksandr Şprıqin deportasiya edilən 20 rusiyalıdan biridir.

Rusiya azarkeşlərinin avtobusu Marselə gedərkən Fransa polisi tərəfindən saxlanılıb. İyunun 14-də baş verən hadisə Rusiyanın qəzəbli reaksiyasına səbəb olub. Fransanın səfiri Rusiya XİN-ə çağrılıb.

Bundan TASS agentliyinə danışan Aleksandr Şprıqin deyib ki, söhbət, qayıtmaq hüququndan məhrum edən deportasiya yox, məhz “xaric edilməkdən” gedir. Beləki, rusiyalıların vizaları ləğv olunmayacaq.

Marsel şəhəri 20 rusiyalının xaric edilməsinə 5 gün vaxt ayırıb. ÜAB rəhbəri qərara qarşı şikayət verəcəyini bildirir.

Ötən şənbə günü Marsel şəhərində Rusiya və İngiltərə azarkeşləri arasında baş vermiş davadanan sonra Fransa hakimiyyəti rusiyalı azarkeşlərə xüsusi diqqət yetirir.

Marseldəki davanın ardınca 20-dən artıq adam həbs edilmişdi. Onların arasında Rusiya vətəndaşı yox idi. Fransa prokurorluğu hesab edir ki, davada iştirak edən 150-dək rusiyalı azarkeş yaxşı təşkilatlandığı üçün hadisə yerini tərk edə bilib.