Britaniya mətbuatı: Türkiyədə Aziz Nesinin oğlunu da həbs etdilər

“The Guardian” yazır ki, Türkiyədə iki jurnalist və bir alim “terror təbliğatı” ittihamı ilə həbs ediliblər.
Sərhədsiz Müxbirlər təşkilatının Türkiyə təmsilçisi Erol Önderoğlu, jurnalist Ahmet Nesin və araşdırmaçı alim Şebnem Korur Fincancı, kürdyönlü “Özgür Gündəm” nəşrinin müdafiəsi kampaniyasında iştirak etdiklərinə görə həbs olunublar. Bu nəşrə qarşı bir neçə məhkəmə işi açılıb.
Jurnalist Ahmet Nesin Azərbaycanda da yaxşı tanınan yazıçı Aziz Nesinin oğludur.
Bu barədə Türkiyənin özəl Doğan agentliyi xəbər verib.
Bu üç nəfər dövlət terrorizm və mütəşəkkil cinayətkarlıq prokurorluğu tərəfindən məhkəmə qarşısında ifadə verdikdən sonra həbs olunublar.
Kampaniyanın şərtlərinə görə iştirakçılardan hər biri “günün redaktoru” rolunu oynayırdı.
Türkiyə İnsan Haqları Fondunun sədri xanım Fincancı məhkəmə qarşısında çıxış edərkən deyib ki, o günün redaktoru kimi “fikir və ifadə azadlığı prinsiplərindən çıxış edib”.
Sərhədsiz Müxbirlər təşkilatı həbsləri “Türkiyə üçün inanılmaz rüsvayçılıq” adlandırıb.
Bazar ertəsi BMT Müxbirlər Assosiasiyası (UNCA) bildirib ki, onun üzvlərindən biri, Türkiyənin Hürriyet qəzeti üçün yazan müxbir Razi Canlıklıgil də həbs olunub.
“The Guardian” yazır ki, onu Türkiyə hökuməti barədə məqalələrinə və tvitlərinə görə həbs ediblər.
UNCA bu hadisəni “insan haqlarının kobud şəkildə pozulması” kimi qiymətləndirdiyini bəyan edib.
Beynəlxalq mətbuat azadlığı müdafiəçiləri deyirlər ki, Türkiyədə ifadə azadlığının vəziyyəti kəskin pisləşib, jurnalistlərə və ictimai xadimlərə qarşı məhkəmə işləri kütləvi xarakter alıb.

Şəklin mənbəyi, Reuters
AKP hakimiyyəti
“The Guardian” yazır ki, AKP 2002-ci ildə hakimiyyətə gələndən bəri bir neçə media qurumu müsadirə olunaraq hakim partiyaya yaxın özəl bizneslərə verilib.
Məqalədə deyilir ki, azad mətbuata qarşı hücumda vergi yoxlamalarından və vergi cərimələrindən sui-istifadə edilir.
Hökuməti tənqid edən jurnalistlər media qurumlarından kənarlaşdırılır. Onlarca jurnalist həbsxanalara salınsa da, hökumət onların cinayət əməllərinə görə cəzalandırıldıqlarını iddia edir.
“The Guardian” yazır ki, ötən il prezident Recep Tayyip Erdoğanı tənqid edən məqalə dərc etdikdən az sonra Hürriyet qəzetinin redaksiyası AKP tərəfdarlarının basqınına məruz qalmış, məqaləni yazan Ahmet Hakan isə döyülmüşdü.
Məqalədə deyilir ki, Türkiyədə internetə giriş tez-tez bloklanır və kürdyönlü televiziya kanalı isə bu günlərdə efirdən çıxarılıb.
“The Guardian” yazır ki, Türkiyə hökuməti indi artıq əcnəbi jurnalistləri də həbs etməkdən çəkinmir.
Türkiyənin separatçı PKK təşkilatı ilə qarşıdurmasından yazan onlarca xarici jurnalist həbs edilərək ölkədən xaric edilib.
Afrikanın “öz Şengeni” olacaq
“The İndependent” qəzeti yazır ki, Afrika “özünün Şengen zonasını” yaratamağa hazırlaşır.
Məqalədə deyilir ki, Afrika liderləri qitənin ölkələri arasında sərhədlərin sərbəstləşdirilməsi məqsədilə vahid pasporta keçilməsini planlaşdırırlar.
“The İndependent” yazır ki, Afrika İttifaqı tərəfindən irəli sürülmüş bu ideya Avropa İttifaqının ziddiyyətli Şengen sazişindən ilhamlanıb və Afrika blokuna daxil ölkələrə şamil edilməlidir.
Hazırda Afrikanın 13 ölkəsi arasında vizasız gediş-gəliş rejimi mövcuddur. Bu sistemə uyğun olaraq bu 13 ölkənin vətəndaşları öz ölkələri arasındakı sərhədlərdən vizasız keçir və ya vizanı sərhəddə alırlar.
Məqalədə deyilir ki, Amerika qitəsində 20 ölkə arasında buna bənzər gediş-gəliş vizası sistemi mövcuddur.

54 ölkəni birləşdirən Afrika İttifaqı 2018-ci ilədək qitənin bütün vətəndaşlarının Afrika ölkələrinə vizasız gediş-gəlişini bərqərar etməyi planlaşdırır.
Bundan əvvəl, artıq 2017-ci ildə qitə boyunca azad ticarət zonasının yaradılması məsələsi də müzakirə olunur.
“The İndependent” yazır ki, dövlət başçıları yeni elektron Afrika İttifaqı pasportlarını iyul ayında Ruandada keçiriləcək Afrika sammitinə qədər sınaqdan keçirmək istəyirlər.
Afrika İttifaqının bəyanatında deyilir ki, vahid pasport sistemindən məqsəd ölkənin iqtisadi-ticari inkişafını sürətləndirməkdir.
Soros: Avropanı tərk etmək funtu çökdürə bilər
“The Daily Telegraph” qəzetində Isabelle Fraser yazır ki, tanınmış maliyyəçi George Soros Britaniya Avropa İttifaqından çıxarsa, funt sterlinqin iflasa uğraya biləcəyi barədə xəbərdarlıq edib.
George Soros-un xəbərdarlığına görə Britaniyanın qarşıdan gələn referendumda Avropa İttifaqından çıxmaq qərarına gəlməsi, milli valyuta üçün tarixə “Qara cümə” kimi yazılmış 1992-ci il devalvasiyasından daha dağıdıcı ola bilər.
1992-ci ildə maliyyəçi Sorosun funt sterlinqlə spekulyasiyası nəticəsində Birləşmiş Krallıq Avropa Valyuta Mexanizmini tərk etməli olmuşdu.
Soros yazır ki, Aİ-dən çıxmaq qərarı nəticəsində funt sterlinq 20 faiz dəyərdən düşə bilər.
1992-ci ildə funt sterlinqin devalvasiyası zamanı milli valyuta çəkisini 15 faiz itirmişdi.
Maliyyəçi inanır ki, Britaniyanın ittifaqdan çıxması bəzi insanları hədisz varlandırsa da, seçicilərin əksəriyyətinin yoxsullaşmasına səbəb olacaq.
“İngiltərə Bankını dağıtmış şəxs” kimi tanınan Soros vurğulayıb ki, Brexitdən ən çox qazanan maliyyə dəllalları olacaqlar.

Şəklin mənbəyi, Ukrinform
“Qara cümədən” qara “Qara çərşənbə”
Soros bildirib ki, “Qara çərşənbə” “Qara cümə” kimi müəyyən mənfəətlərə yol açmayacaq, çünki ixracatçılar qeyri-müəyyənliyə görə funt sterlinqdən imtina edəcəklər.
Veteran maliyyəçi yazır ki, 1992-ci ilin devalvasiyası əslində ölkəyə xeyir gətirmişdi, çünki hökuməti qiyməti şişirdilmiş funtun dəyərini saxlamaq yükündən azad etmişdi.
O həmçinin bildirir ki, hazırda Britaniya xarici kapitaldan 1992-ci ildə olduğundan qat-qat daha artıq asılıdır.
Pul 1992-ci ildə olduğu kimi ölkəyə yox, ölkədən axacaq, yazır Soros.
Geoge Soros bunu da əlavə edir ki, bank faizlərini hazırda olduğundan daha aşağı səviyyəyə salmaq mümklün olmadığından mülkiyyət qiymətlərinin düşməsi və işsizliyin artması ilə yaranmış sabitsizliyi heç bir maliyyə mexanizmi ilə dayandırmaq mümkün olmayacaq.
Cənab Sorosun özünə gəlincə isə, o, 30 milyard dollarlıq sərvətinin çox hissəsini qızıla qoyub.
Görkəmli maliyyəçi bildirib ki, Britaniyanın çıxışı Avropa İttifaqının sonunun başlanğıcı ola bilər.
























