Kim Çen İrin ad gününə 6 metrlik abidə
Şimali Koreya paytaxı Pxenyanda iki ay öncə ölmüş lider Kim Çen İrin (Kim Jong-il) nəhəng heykəli ucaldılıb.
Kimin 70 illik yublieyi münasibətilə hazırlanmış 6 metr hündürlüyündə heykəl onu atası və Şimali Koreyanın ilk lideri Kim il-Sung ilə at üstündə təsvir edir. Kim Çen İrin atı şahə qalxmış vəziyyətdədir.
Ancaq mərasimdə Kimin oğlu və ölkənin yeni lideri Kim Jong-un iştirak etməyib. Onun atasının xatirəsinə digər bir anım toplantısına rəhbərlik etdiyi xəbər verilib.
Heykəldən başqa, ölmüş liderin şərəfinə qızıl və gümüş pullar və medallar basılıb və bir dağın yamacında 120 metr enində şüar yazılıb.
Paytaxt Pxenyan ölən liderin xatirəsinə yetişdirilmiş və onun adını daşıyan "Kimjongilla" çiçəklərilə bəzədilib. Ona ölümündən sonra "generalissimo" rütbəsi verilib.
Çərşənbə günü onun şərəfinə "parlayan ulduz günü" elan olub.