Zəlzələdən sonra toyuq-cücə ilə yaşayan Balakən sakinləri

Çap edildi

Balakəndə may ayında baş verən zəlzələdən sonra evi yaşayış üçün yararsız hala düşmüş Patimat Hüseynova BBC Azərbaycancaya danışıb.

83 yaşlı Patimat xanım psixoloji problemləri olan və göz işığını itirmiş qızı Həcər Hüseynova ilə birlikdə Balakənin mərkəzində, Heydər Əliyev prospekti 87 ünvanında yaşayır.

O iddia edir ki, rayonda ehtiyacı olmayan və zəlzələdən nisbətən az ziyan görmüş şəxslərin evləri dağıdılaraq yenidən tikilsə də, onun evinin yaşayış üçün yararsız hala düşməsi heç kəsi narahat etməyib.

Patimat xanım deyir ki, mayın 8-də İcra Hakimiyyətinin nümayəndələri və Bakıdan gələn rəsmilər onlara baş çəkib və evin şəklini çəkiblər. "Ondan sonra isə heç bir xəbər çıxmayıb".

Onun sözlərinə görə, qonşuluqda yaşayan gəlini iyunun əvvəlində müvafiq orqanlara bir daha müraciət etsə də, müsbət və ya mənfi cavab ala bilməyib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Patimat və Həcər Hüseynovalar hazırda, həyətlərindəki talvarın altında, döşəməsiz torpağın üzərində toyuq-cücə ilə birlikdə yaşayırlar.

O, yatdıqları yerin yağış yağanda palçıqlandığını və qızının yağış və göy gurultusundan qorxduğunu deyir.