Nardaranda "Müsəlmanların məsumiyyəti" filminə etiraz aksiyası keçirilib

Çap edildi

Cümə günü günorta namazından sonra onlarla Nardaran sakini kəndin İmam Hüseyn meydanında İslam peyğəmbərini təhqir edən "Müsəlmanların məsumiyyəti" filminə etiraz aksiyası keçirib.

Hadisə yerində olan foto-jurnalist Bayram İsgəndərov BBC Azərbaycancaya bildirib ki, aksiya təxminən 20 dəqiqə çəkib.

"Kənd ağsaqqalları tərəfindən film və onu yayan saytlar pislənilib, İsrail və ABŞ bayraqları və Youtube saytının logosu əks olunan şüar yandırılıb, daha sonra qətnamə oxunaraq aksiya başa çatıb".

Jurnalist deyir ki, aksiyada polis gözə dəyməyib. Aksiyada "İsrail və Amerikaya ölüm" kimi şüarlar səsləndirilib.

İnanclı insanlar ABŞ-da ərsəyə gələn “Müsəlmanların məsumiyyəti” adlı filmi Məhəmməd peyğəmbərin təhqiri kimi qəbul edib.

Filmin yayımlanmasından sonra Misir və Liviyada ABŞ səfirlikləri qarşısında aksiyalar baş verib, Liviyadakı amerikalı səfir həyatını itirib.

Azərbaycanda isə filmə bəyanatlar və inanclı insanların xarici səfirliklər qarşısında iki aksiyası ilə etiraz edilib.