Milyardlarla ulduzu izləyə biləcək Gaia teleskopu kosmosa göndərilib
ESA Avropa Kosmik Agentliyi kosmosun öyrənilməsi tarixində ən iddialı layihələrdən biri sayılan Gaia kosmik teleskopunu fəzaya göndərib.
Dəyəri 620 milyon dollar olan kosmik rəsədxana havaya Fransa Qayanasında yerləşən Sinnamary kompleksindən yerli vaxtla 06:12-də (Bakı vaxtı ilə 13:12) qalxıb.
Gaia teleskopunun köməyilə alimlər milyarddan çox ulduzun xəritəsini tərtibləməyə ümid edirlər.
Həmin xəritə, astronomların sözlərinə görə, ilk dəfə olaraq Kəhkəşanın strukturu, necə yarandığı və necə dəyişəcəyi barədə gerçək məlumat təmin etməlidir.
Teleskopun optikasının olduqca həssas olduğunu vurğulayan alimlər, yeni orbital rəsədxananın bugünədək qeydə alınmamış yüz minlərlə yeni kosmik obyekti kəşf etməyə imkan yaradacağını qeyd edirlər.
Gaia teleskopunun hazırlanması layihəsinə 20 il sərf olunub, teleskopun bugündən başlayan kosmik missiyası gözlənildiyinə görə beş il çəkəcək.
Avropanın Gaia peykini kosmik fəzaya Rusiyanın "Soyuz" raketi qaldırıb.