ABŞ: Nigeriyada qızların oğurlanması "hiddət doğurur"

Çap edildi

Ağ Evin sözçüsü Nigeriyada islamçı silahlılar tərəfindən 200-dən artıq məktəbli qızın oğurlanmasının “hiddət doğurduğunu” bildirib.

Bundan əvvəl Boko Haram lideri ilk dəfə etiraf edib ki, məktəbli qızlar onun silahlıları tərəfindən oğurlanıb.

16-18 yaşlı şagirdlər aprelin 14-də şimaldakı Çibok şəhərinin internat məktəbinə basqından sonra qaçırılıblar.

Ağ Evin nümayəndəsi Jay Carney qızların azad olunması məsələsində Nigeriya hökumətinə dəstəyin müzakirə edildiyini deyib.

Son 3 həftə ərzində qəzəbli valideynlər övladlarının tapılmasında kifayət qədər səy göstərilmədiyindən şikayət ediblər.

Boko Haram “Qərb təhsili yasaqdır” kimi tərcümə olunur. Nigeriyanın şimalında daha fəal olan qrup dəfələrlə təhsil müəssisələrinə hücum edib.

İnternetə yüklənmiş videomüraciətində islamçı qurumun lideri Abubakar Shekau qızların satılacağını deyib.

Ötən həftə peyda olmuş məlumatlara əsasən, bəzi qızlar onları qaçıranlarla evlənməyə məcbur ediliblər. Digərləri isə qonşu Kamerun və Çada keçiriliblər.

Bazar günü hadisəyə ilk dəfə açıq münasibət bildirən Nigeriya prezidenti Goodluck Jonathan deyib ki, hökumət qızların azad olunması üçün əlindən gələni edib.

Güman edilir ki, son bir neçə il ərzində qrupun həmlələri və ona qarşı həyata keçirilən zorakı addımlar 1500-dən artıq adamın ölümünə bais olub.