Emma Watson-un "feminizm" nitqindən sonra qalmaqal

Çap edildi

"Harry Potter" filmlərində Hermione personajı kimi rolundan sonra məhşurlaşan britaniyalı aktrisa Emma Watson, bazar ertəsi BMT-nin qadınlar üzrə Xoşməramlı Səfiri rolunda ilk kampaniyasını təqdim edib.

İnternetdə milyonlarla adamın izlədiyi nitqdən az sonra aktrisanın ünvanına hədələr səslənib. EmmaYouAreNext.com adlı sayt Emma Watsonun çılpaq şəkillərinin yayılacağını bildirib. Saytdakı sayğac fotoların çərşənbə günü yayılacağını göstərirdi. Sosial şəbəkələr və çoxsaylı saytlar bu məlumatı qəzəblə qarşılayıb.

Lakin çərşənbə günü qeyd edilən fotolar deyil, daha əvvəl ulduzların çılpaq fotolarını yayan "4chan" hakerlərinə qarşı mesaj yayılıb. ABŞ prezidenti Barack Obamaya ünvanlanan açıq məktubda, 4chan saytının bağlanması tələb olunub.

Ayın əvvəlində hakerlər Jennifer Lawrence kimi ulduzların mobil cihazlarından oğurlanmış fotoları 4chan saytında yayandan sonra sosial media saytlarında qalmaqal yaranmışdı.

24 yaşlı Emma Watson "HeForShe" kampaniyasını təqdim edərkən deyib ki, kampaniyaya kişiləri cəlb etmək istəyir.

"Mən istəyirəm ki, kişilər bu öhdəliyi qəbul etsinlər ki, qızları, bacıları, anaları qərəzdən azad bir mühitdə yaşasınlar – və eyni zamanda oğulları da həssas və insan ola bilsinlər", - Emma Watson çıxışında deyib.