Türkiyə: etirazçılar ABŞ dənizçilərinə hücum edir

Çap edildi

İstanbulda 3 ABŞ dənizçisinə hücum edən türk millətçilərindən ibarət etirazçı qrupu “Yankees go home” süarlarını qışqırıb.

Hücumçular həmçinin dənizçiləri təqib edərək amerikalılara qırmızı boya atıblar. Baş verənləri əks etdirən video aşırı millətçilərin internet səhifəsində yerləşdirilib.

Dənizçilər İstanbul limanındakı USS Ross gəmisinə sağ-salamat qayıdıblar, ABŞ hərbiyyəsinin sözçüsü bildirib.

ABŞ rəsmiləri hücumu pisləməklə yanaşı onun bir dəfə baş verən bir hadisə olduğunu deyiblər.

Türkiyə polisi çərşənbə günü baş verən hadisə ilə bağlı millətçi “Türkiyə Gənclik Birliyi” təşkilatına mənsub olduğu deyilən 12 nəfəri həbs edib.

Lakin onlar bir qədər sonra sərbəst buraxılıb, yerli media xəbər verir.

Millətçi qrup üzvlərinə təhqir və ictimai etiraz qaydalarının pozulması ilə bağlı ittihamların təqdim oluna biləcəyi deyilib, Doğan xəbərlər agentliyi xəbər verir.

“Yerli quldurlar”

“Sizi cani və qatil kimi görürük. Bunun üçün torpaqlarımızdan rədd olub getməyinizi istəyirik”, - hücumdan əvvəl etirazçılardan biri ingilis dilində dənizçilərə üz tutaraq bildirir.

Bundan sonra dənizçilərdən birini tutan qrup üzvləri onun başına bir anlıq ağ rəngli örtük keçirirlər.

Pentaqonun sözçüsü polkovnik Steve Warren hücumu "iyrənc və narahatedici” kimi təsvir edib.

O, hücumçuları “yerli quldurlar" adlandıraraq deyib ki, onlar “türklərin və Türkiyənin qonaqpərvərlik reputasiyasına ləkə vurublar”.

"Biz hadisəni təhqiq etmək və nəyin baş verdiyini öyrənmək üçün Türkiyə hakimiyyətilə yaxından işləyirik”, Steve Warren deyib.

Türkiyənin Xarici İşlər Nazirliyi “qətiyyən qeyri-məqbul” kimi dəyərləndirdiyi hücumu pisləyib.