Mübarəkin bəraət almasına etiraz edənlərin nümayişi dağıdılıb

Çap edildi

2011-ci ildə yüzlərlə adamı qətlə yetirməklə bağlı Hüsni Mübarəkə qarşı irəli sürülən ittihamın ləğvi Qahirədə etirazlara səbəb olub.

Məhkəmə hökmündən narazı olan etirazçılar əleyhinə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə olunub.

Hadisədə ən azı 1 nəfərin öldürüldüyü bildirilir.

3 il əvvəl baş verən kütləvi etirazlar vaxtı nümayişçilərə atəş açmaq və korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxarılan sabiq prezident ömürlük həbs cəzasına məhkum olunmuşdur.

Təkrar keçirilən məhkəmə qətllərlə bağlı ittihamı ləğv etsə də, dövlət əmlakını mənimsəməklə əlaqədar ayrıca bir iş üzrə çıxarılan 3 illik həbs cəzası qüvvədə qalır.

86 yaşlı Mübarək ona qarşı irəli sürülən ittihamları rədd edir.