Türkiyə: ölümcül partlayışla bağlı "7 nəfər saxlanılıb"

Şəklin mənbəyi, Reuters
Türkiyənin daxili işlər naziri Kayseri şəhərində 13 əsgərin ölümü ilə nəticələnən avtobusun partladılması ilə bağlı 7 nəfərin saxlanıldığını bildirib.
Daha 5 şəxsin axtarışa verildiyini qeyd edən Süleyman Soylu "terroristlərin şəxsiyyəti müəyyən olundu" deyərək bəyanat verib.
Şənbə günü Türkiyənin mərkəzindəki Kayseri şəhərində izinlə şəhərdə olan hərbçiləri daşıyan avtobusun partladılması nəticəsində, 13 əsgər həlak olub. Daha 55 nəfər xəsarət alıb, rəsmilər bildirir.
Partlayış Erciyes Universitetinin yataqxanası yaxınlığında baş verib.
Zərər çəkmişlər arasında yerli sakinlər də ola bilər, mətbuat bildirir.
Məlumata əsasən partlayış avtobusun içində bomba yerləşdirildiyi deyilən maşının yanından keçərkən törədilib.
Partlayışın yerli vaxtla 08:45-də baş verdiyi xəbər verilir.
Heç bir qrup partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
Hadisədən sonra Kayserinin qubernatoru Süleyman Kamçı deyib ki, hücum avtobusun yanında maşınını saxlayan intiharçı tərəfindən həyata keçirilib.
NTV kanalında çıxış edən baş nazirin müavini Numan Kurtulmuş bütün əlamətlərin "PKK-ə işarə etdiyini" deyib.
Prezident Recep Tayyip Erdoğan "terror təşkilatlarına qarşı xalqla bilrlikdə" mübarizənin davam etdiriləcəyini bildirib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General Hulusi Akar "terrorla mübarizə"nin ölkə daxilində və xaricdə aparılacağını deyib.
"Ölkə daxilində və xaricidə terroristlərlə mübarizəmiz, ən son terrorçunun zərəsizləşdirilməsinə qədər artan əzm və qətiyyətlə davam etdiriləcək".

Şəklin mənbəyi, Reuters
Hadisə yerindən alınan videolarda çanağınadək yanmış avtobusun qalıqlarını görmək olar.

Son aylar ərzində Türkiyənin iri şəhərlərində bır sıra partlayış və hücumlar baş verib.
Ötən həftə İstanbulda iki partlayış 40 adamın ölümünə bais olub.
Bu hücumlara görə məsuliyyəti öz üzərinə Kürdüstanın Azadlıq Şahinləri (TAK) qrupu götürüb.
Bu arada Kayseri şəhərində hadisə ardınca hücuma qarşı nümayiş keçirilib.

Şəklin mənbəyi, DHA
Etiraz aksiyasına qatılanların bir qrupu kürdpərəst Xalqların Demokratik Partiyası (HDP) ofisinin üzərində lövhəni söküb.

Şəklin mənbəyi, DHA
Onlar binanın içindəki əşyaları aşağı ataraq onlara od vurublar.

Şəklin mənbəyi, DHA























