İran zəlzələsi: Xameneyi hökumətin reaksiyasını tənqid edib

Ayətulla Əli Xameneyi Sərpol-e Zəhabda izdiham qarşısında çıxış edir.
Şəklin alt yazısı, Ayətulla Əli Xameneyi İnqilab Keşikçilərini "yardımın çatdırılmasını sürətləndirdiyinə görə" tərifləyib.
Çap edildi

İranın Ali dini lideri zəlzələnin təsirinə məruz qalmış bölgələrə baş çəkərək hökumətin təbii fəlakətə reaksiyasını tənqid edib.

Ayətulla Əli Xameneyi deyib ki, xilasetmə və yardım əməliyyatlarında iştirak edənlərin çoxu yaxşı fəaliyyət göstərsə də, görülən işlər "qənaətbəxş deyil".

Onun sözlərinə görə, "müəyyən sektorların rəsmiləri" "ikiqat artıq səy" göstərməli idilər.

Noyabrın 12-də İraqla həmsərhəd bölgədə 7,3 bal gücündə zəlzələ 437 iranlının ölümünə bais olub. Daha 10 minə yaxın insan xəsarət alıb.

Zəlzələdə 30 min ev zədələnib və bir neçə kənd tam dağılıb.

Sərhədin İraq tərəfində 9 adam ölüb, 550 nəfər isə yaralanıb.

Yeraltı təkanların episentri Kirmanşah şəhərindən 120 km şimal-qərbə doğru yerləşir.

Sərpol Zəhab
Şəklin alt yazısı, Sərpol-e Zəhab şəhərində ən çox zədələnən binalar hökumətin tikdiyi evlərdir.

Təbii fəlakətdən dərhal sonra hökumət çadır, su və ərzaq çatışmazlığına görə tənqid olunub.

İran sağ qalanlara yetərli dərəcədə kömək göstərdiyini deyərək, xarici yardım təkliflərini rədd edib.

Bu arada dövlət mediası zərərçəkənlər üçün yorğan və paltar kimi müxtəlif yardım toplayan adi vətəndaşlar barədə materiallar yayıb.

Bazar ertəsi Ayətulla Xameneyi zəlzələdən ən çox zərər çəkmiş Sərpol-e Zəhab şəhərində olub.

O, yardım və xilasetmə əməliyyatını tərifləsə də, daha çox səylərə ehtiyac olduğunu vurğulayıb.

"Bir çox insan imkanları dairəsində öz vəzifəsini yerinə yetirib. Təbii fəlakətin bəzi məqamlarına gəlincə, rəsmilər də yaxşı iş görüb. Onlar çox işləyib və çox çalışıblar", Ali liderin sözləri İRİNN agentliyində iqtibas olunur.

"Hərçənd ki, bu məni qane etmir. Bəzi sektorların rəsmiləri səylərini ikiqat artırmalıdır".

Iranian earthquake survivors receive aid in Kuik village, Kermanshah province, Iran (15 November 2017)

"Ordu şəhərlərdə və İslam İnqilab Keşikçiləri kəndlərdəki xarabalıqlarda qalan insanlara köməyin çatdırılmasını sürətləndirib. Bu yardım səmərəli olub və onlar köməyə gəlməsəydilər kədərimiz daha dərin və ölənlərin sayı daha artıq olardı".

Bu arada prezident Həsən Ruhaninin tapşırığı ilə dövlət tərəfindən inşa edilmiş evlərin özəl evlərə nisbətdə daha çox zədələnməsinin səbəbləri araşdırılır.

"Aydındır ki, inşaat müqavilələri sahəsində korrupsiya baş verib", - prezident hökumət iclasında deyib.

"Məsuliyyət daşıyan hər bir kəs cəzalandırılacaq", o bəyan edib.