Tbilisi Abxaziya və Cənubi Osetiya ilə birbaşa dialoq istəyir

Paata Zakareişvili
Çap edildi

Yeni ildən etibarən Abxaziya və Cənubi Osetiya məsələlərilə məşğul olan Gürcüstanın Reinteqrasiya Nazirliyinin adı Barışıq və Vətəndaş Bərabərliyi Nazirliyinə dəyişdirilib.

Nazirliyə əvvəlki kimi Gürcüstandan ayrılmış ərazilərin işlərinə baxan Paata Zakareişvili başçılıq edir. Nazirliyin adının dəyişməsi məsələsinə aydınlıq gətirən cənab Zakareişvili BBC müxbiri Temur Kiquradzeyə Suxumi və Tsxinvaliyə dair nə kimi siyasət aparılacağı barədə danışıb.

Paata Zakareişvili: Gürcüstanda Münaqişələrin Həlli Üzrə Nazirliyi əvəzləyən Reinteqrasiya Nazirliyinin yaradılması dərhal Suxumi ilə Tsxinvalidə mənfi reaksiya doğurub. Onlar nazirlik nümayəndələrilə təmaslarını kəsdilər.

Onlar üçün “reinteqrasiya” termini o demək idi ki, əhalinin fikrinə məhəl qoymadan regionlar Gürcüstana reinteqrasiya ediləcək.

Bizim yanaşmamız fərqlidir. Biz münaqişənin danışıqlar, bütün tərəflərin fikrini nəzərə almaq yolu ilə həllini istəyirik.

Biz çəhrayı eynəkləri çıxararaq vəziyyəti olduğu kimi görürük. Reallıq budur: Gürcüstan Avropaya üz tutub, Rusiyanın Qafqazdakı təsiri isə azalmaqdadır.

Zənn etmirəm ki, abxazlarla osetinlər Rusiya tərəfindən tanınmaqdan çox şey udublar. Gürcüstan onlara özünü reallaşdırmanın başqa formatını təklif edir.

BBC: Abxaziya və Cənubi Osetiyaya dair Gürcüstan hökumətinin hazırkı konsepsiyası, strategiyası nədən ibarətdir?

Paata Zakareişvili: Gürcüstan Abxaziya və Cənubi Osetiyaya heç nəyi unutmayaraq yenidən başlamağı təklif edir, çünki Gürcüstanda hakimiyyət dəyişib. Yeni hökumət keçmişə dair yeni yanaşmaya malikdir və gələcəyi fərqli şəkildə görür. Biz münaqişə regionlarının bir çox aktual məsələlərini müzakirə etməyə hazırıq.

Misal gətirim: [Tsxinvalinin] de-fakto hakimiyyəti tez-tez Axalqori [Cənubi Osetiya] rayonunun qazla təchizatı məsələsini qaldırıb. Onlar Tbilisinin imtina edəcəyindən əmin idilər. Lakin hakimiyyət dəyişən kimi mən şəxsən layihəyə razılıq verdim. Ancaq bu dəfə özləri imtina etdilər.

Biz tərəflər üçün siyasi status kimi qeyri-məqbul sayılan hər bir məsələni kənara qoymağa hazırıq. Biz ortaq məxrəcə gələ biləcək məsələləri həll edə bilərik.

BBC: Gürcüstan hakimiyyəti bu yanaşmaya dair hər hansı cavab alıbmı?

Paata Zakareişvili: Xeyr. Onlar əvvəlkindən fərqli olaraq siyasi məsələləri qaldırmağa başladılar. Hazırda bütün münasibətləri gücdən imtina sazişinin imzalanması ilə əlaqələndirirlər. Bu gülüş doğurur, çünki Gürcüstan belə bir öhdəliyi bir neçə dəfə öz üzərinə götürüb. İlk dəfə belə öhdəlik Sarkozi-Medvedev müqaviləsi imzalanarkən götürülüb və müqavilədə bu bənd aydın göstərilib.

Gürcüstan Rusiyadan fəqrli olaraq öz öhdəliklərini yerinə yetirib və qoşunlarını geri çəkib. Müşahidəçilər münaqişə bölgəsində gürcülərə məxsus hərbi texnikanın olmadığını təsdiqləyirlər.

Mixail Saakaşvili Strasburqda [Avropa Parlamentinin iclasında] çıxış edərkən Abxaziya və Cənubi Osetiyaya qarşı güc tətbiq etməyəcəyini şifahi şəkildə ikinci dəfə təsdiq edib.

O, axı bunları öz mətbəxində yox, rəsmi tribunadan çıxış edərkən deyib!

Və nəhayət yeni hakimiyyət [2013-cü ildə] hərbi hərəkətlərin bərpa edilməyəcəyi barədə birtərəfli öhdəliyini parlament qətnaməsilə təsdiqləyib.

Bununla bağlı Abxaziya və Cənubi Osetiyadan ayrıca müqavilə tələb etmək uzaqgörənlik olmazdı. Gürcüstanın zor işlətməyəcəyi hamıya məlumdur. O, istəsə belə bunu edə bilməz. Axı orada Rusiya qoşunları durur.

Onlar ərazini tərk edəndən sonra belə bir müqaviləni imzalamaq olar. Hazırda isə yığılıb-qalan digər problemləri müzakirə etmək lazımdır: sərbəst yerdəyişmə, kənar dünya ilə əlaqələr, ticarət və sairə.

Onlar yalnız vaxt uzadırlar. Bu isə münaqişələrin həlli prosesi üçün çox zərərlidir. Çünki belə davam etsə, Gürcüstan əhalisi də, kənar dünya da abxazlarla osetinlərin əminamanlıqda maraqlı olmadığı qənaətinə gələcək. Belə bir təqdirdə səylərə nə gərək var? Onlar fürsətdən istifadə etməlidirlər.

BBC: Saakaşvili dövründə Gürcüstan Abxaziya ilə Cənubi Osetiyaya baş çəkənlərin cəzalandırılmasını nəzərdə tutan işğal haqqında qanun qəbul edib. Bu sənədə münasibətiniz necədir?

Paata Zakareişvili: Gürcüstan parlamenti qanuna dəyişiklər etmək təşəbbüsü ilə çıxış edib və onlar birinci oxunuşda qəbul olunub. Təəssüflər olsun ki, hüquqi proses bir qədər uzanır, lakin o bu yaxınlarda başa çatacaq. Qanuni yumşaltmaq lazımdır və o, insanlara qarşı yox, işğal əleyhinə yönəlməlidir.

Münaqişə bölgələrindən Gürcüstana gələn adamların məhbəsə düşməsi halları yer alıb. Onlardan bəziləri qanunvericiyli pozduğundan bixəbər olub. Zənnimcə yanaşma daha insani olmalıdır. Həbs cəzası heç bir vəhclə olmamalıdır, hərçənd ki, inzibati cərimə tətbiq oluna bilər.

BBC: Gürcüstanın birinci şəxsləri Abxaziya və Cənubi Osetiya əhalisinin qayıtmaq istədiyi bir dövlət yaradacaqlarını dəfələrlə deyiblər. Bunu deyəndə nə nəzərdə tutulur?

Paata Zakareişvili: Biz özümüzü, sevgimizi və bu kimi şeyləri sırımaq niyyətində deyilik. Biz uşaqlaşmalı deyilik, lakin abxazlarla osetinlərin başqa seçimi yoxdur – bu ya Gürcüstan, ya da ki Rusiyadır. Lakin biz onlara belə bir təklif də edə bilərik ki, seçim Rusiya ilə Gürcüstan arasında yox, Rusiya ilə Avropa arasında olsun. Tənzimləməyə Avropa İttifaqı yox, Gürcüstanın Avropaya can atması kömək edəcək.

Əlbəttə, bu uzun bir prosesdir. Lakin biz Abxaziya və Cənubi Osetiyaya hakimiyyət bölgüsü, müstəqil məhkəmə, insan və azlıqların hüquqları müdafiəsi ilə bağlı demokratik vasitələr paketini təklif edə bilərik.

Baxın onlarda [Abxaziya və Cənubi Osetiyada] bu gün rus dili, Rusiya hüququ, Rusiya mədəniyyəti, Rusiya ordusu və televiziyası mövcuddur.

Biz onlara gürcü yox, öz dəyərlərini təklif edə bilərik. Biz onlara gürcü dilini təklif etmirik, aydındır ki, Abxaziyada gürcü dilini unudublar, lakin abxaz dilini də rus dili sıxışdırır. Biz önları qane edən dəyərləri seçmək haqqını təklif etməliyik.

BBC: Sizcə Suxumi və Tsxinvali ilə birbaşa danışıqların bərpası şansı qalırmı?

Paata Zakareişvili: Zənnimcə birbaşa danışıqlar abxaz və osetinlərin öz maraqlarına cavab verir. Biz onlara hazırıq və heç bir şərt qoymuruq, şərtləri təəssüf ki, qarşı tərəf irəli sürür.

Saakaşvili deyəndə ki, onlarla danışmağın heç bir mənası yoxdur, onlar heç bir tərəfi təmsil etmirlər, sadəcə Rusiyanın əlində marionetdirlər, onlar inciyirdilər. İndi bir ünsiyyət təklif edirik, onlar isə öncədən şərt qoyurlar.

Bilirsiz mən qorxuram ki, elə bir vaxt gələcək ki, biz Saakaşvilinin haqlı olduğunu anlayacağıq. Bunu istəmirəm. İstəmirəm elə alınsın ki, abxazlarla osetinlər heç nə həll etmədikləri üçün Moskva ilə birbaşa danışmağa məcbur olaq.

Nail olmaq istədiyimiz nəticə bu deyil. Hələ ki, vaxt var və Gürcüstan tərəfində səbr var. Axı həqiqətən də problemlər çoxdur, abxazlar və osetinlər iqtisadi, siyasi və sosial cəhətdən yaxşı şəraitdə yaşamaq istəyirlər.

Bir çox məsələlərlə bağlı şikayətlər eşidirik. Kömək etməyə hazırıq, bizdən asılı olan siyasi məsələləri minimuma endirərək diqqəti sırf humanitar mövzulara yönəltməyə hazırıq. Lakin bunları harada müzakirə edək? Birbaşa danışıqların formatı yoxdur axı.

BBC: Lakin Cenevrə formatı var axı.

Paata Zakareişvili: Bəli, lakin bu, Rusiya və Gürcüstan arasında danışıqlar formatıdır. O [2008-ci ildəki] müharibədən sonra işlənilib. Bəli biz münaqişə regionlarını müzakirə edirik. Lakin onlarla yox, Moskva ilə. Onları qane edirsə buyursunlar, lakin mənə şəxsən qane etmir. Mən Cenevrə formatından başqa Rusiya kontekstinin üstünlük təşkil etdiyi birbaşa dialoqun lazım olduğunu hesab edirəm.