Rusiya: təyyarə sərnişinlərinin keçirdikləri maye miqdarı məhdudlaşdırılıb

Rusiya Hava Nəqliyyatı Federal agentliyi sərnişinlərin özlərilə təyyarə salonuna maye götürmələri qaydalarını sərtləşdirib.
İdarənin rəsmi vebsaytında yerləşdirilmiş məlumatda deyilir ki, sərnişinlərə özlərilə təyyarə salonuna götürmək istədikləri bütün növ mayelərin uçuş qeydiyyatı zamanı baqaja təhvil verilməsi məsləhət görülür.
Təyyarə salonuna uçuş müddətində yalnız mütəmadi əsasda ehtiyacı olanlar üçün tibbi ləvazimatın, eləcədə şəxsi gigiyena vasitələrinin götürülməsinə müvafiq yoxlanışdan sonra icazə verilir.
Bundan əvvəl Rusiyanın ən iri aeroportu sayılan Şeremetyevo hava limanının rəsmisi İTAR-TASS agentliyinə bildirmişdi ki, bundan sonra baqaja bütün kosmetik vasitələri, tibbi ləvazimatları, maye, aerozol və məlhəmləri təhvil vermək lazım gələcək.
Aeroport rəsmisinin sözlərinə görə, bu tədbirlər müvəqqətidir.




















