Fransa məhkəməsi Ablyazovun ekstradisiyasına razılaşıb

Muxtar Ablyazov
Şəklin alt yazısı, Muxtar Ablyazov ötən il Fransanın Kann yaxınlığındakı Muan-Sartu şəhərində saxlanılmışdır.
Çap edildi

Fransa məhkəməsi sabiq qazaxıstanlı maqnat və dissident Muxtar Ablyazovun Rusiya və yaxud da Ukraynaya ekstradisiya olunmasına razılıq verib.

Cənab Ablyazov Rusiyada Qazaxıstanın BTA Bankına məxsus çoxmilyardlıq aktivlərinin xaricə çıxarılmasında və dələduzluqda ittiham olunur.

O, Rusiyada 5 milyard Ukraynada isə 400 milyon dolların mənimsənilməsində ittiham olunub.

Moskva və Kiyevlə yanaşı Ablyazovun ekstradisiyasını Astana da tələb edib. Lakin Fransa ilə Qazaxıstan arasında ekstradisiya barədə razılaşma mövcud deyil.

Apellyasiya

Ablyazov ona qarşı irəli sürülən ittihamları rədd edir.

Onun vəkillərindən biri məhkəmə qərarına qarşı şikayət edəcəyini bildirib.

"Bu ya geniş ictimaiyət tərəfindən korrupsiyalaşmış kimi tanınan ölkələrə dair sadəlövh baxış ya da ki, siyasi qüvvələrin məhkəməyə təsirinin nümayişidir", vəkil Bruno Rebstock məhkəmə hökmünü şərh edərkən deyib.

Muxtar Ablyazov Qazaxıstan prezidenti Nursultan Nazarbayevə güclü rəqib olduğuna görə təqiblərə məruz qaldığını vurğulayır.

Qazaxıstana köçürüldüyü təqdirdə Ablyazovun həyatı təhlükə altına alınacaq, sahibkarın ailə üzvləri bildiriblər.

"Onu ekstradisiya etmək ölümə məhkum etmək deməkdir", Ablyazovun həyat yoldaşı Alma Şalabayeva bildirib.

BTA məhkəmə qərarını alqışlayıb və mənimsənildiyi iddia olunan vəsaitlərin qaytarılacağına ümid etdiyini bildirib.

Hüquqlar

Human Rights Watch təşkilatı Ablyazovun Qazaxıstana qaytarıldığı təqdirdə onun “pis rəftar” və “ədalətli məhkəmə” hüququndan məhrum edilmə riski ilə üzləşəcəyini bildirib.

İnsan haqları müdafiəçiləri Prezident Nazarbayevi medianı susdurmaqda və siyasi müxalifəti əzməkdə suçlayırlar.

Vaxtilə Qazaxıstanın energetika və ticarət naziri işləmiş Ablyazov müəyyən dövrdə ölkənin müxalifət lideri olub.

2002-ci ildə məhkəmə qərarı ilə Muxtar Ablyazova 6 il iş və 3.6 milyon dollar həcmində maliyyə cəriməsi kəsilib.

Bir il həbs cəzasını çəkmiş Ablyazov prezident tərəfindən əvf edilib.

2009-cu ildə ölkəni tərk edən sabiq nazir Britaniyada sıyasi sığınacaq haqqını qazanıb. Ablyazov 2011-ci ildə Britaniya məhkəməsinə hörmətsizlikdə suçlandıqdan sonra bir müddət yoxa çıxqıqdan sonra Fransada peyda olub.

Noyabr ayında Londonda Ali Məhkəmə Ablyazovu BTA Bankına məxsus 300 milyon dolların mənimsənilməsində təqsirli tanıyıb.