İranla nüvə razılaşması yanvarın 20-dən qüvvəyə minəcək

Çap edildi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya İranın nüvə proqramının dayandırılması haqqında imzalanacaq aralıq müqavilənin detallarını razılaşdırıblar və razılaşma yanvarın 20-də qüvvəyə minəcək.

Nüvə proqramının dondurulmasının əvəzində Tehran barədə sanksiyaların bir hissəsi dayandırılacaq.

İran 550 milyon dollar civarında dondurulmuş aktivlərin ilk hissəsini fevralın ilk günlərində alacaq, informasiya agentlikləri ABŞ dövlət strukturlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Dondurulmuş aktivlərin ümumi dəyəri 4,2 milyard dollardır.

ABŞ prezidenti Barak Obama razılaşmanın uğurunu alqışlayıb, amma İranla uzunmüddətli razılaşmanın əlavə səylər tələb edəcəyini də bildirib.

Razılaşmaya əsasən, yanvarın 20-dən uranın 5 faizdən artıq zənginləşdirilməsi dayandırılacaq. 20 faizədək zənginləşdirilmiş bütün uran ehtiyatları konvertasiya olunacaq.

Bu, ya zənginləşdirilmənin səviyyəsinin aşağı salınması, ya da onun zənginləşdirilməsinin qarşısını alacaq vəziyyətə konvertasiya olunması deməkdir.

20 faizədək zənginləşdirilmiş uran İranın silah istehsal etməsi üçün ilkin xammaldır.

Həmçinin İran uranın zənginləşdirilməsi üçün yeni mərkəzləri tikməkdən imtina edəcək və mövcud olan mərkəzlərin fəaliyyəti dayandırılacaq.

Qərb dövlətləri İranı nüvə silahı yaratmağa cəhddə ittiham edirlər, amma Tehran bunu dəfələrlə təkzib edib.