Rusiya ABŞ jurnalistinin vizasını uzatmayıb

Şəklin mənbəyi,
ABŞ jurnalisti üçün Rusiyaya giriş bağlanıb. Onun müdirləri bunu “söz azadlığının fundamental pozuntusu” kimi səciyyələndiriblər.
Jurnalist David Satter xaricdə ezamiyyətdə olduğu dövrdə Rusiya vizasını təzələməyə cəhd edərkən "arzuolunmaz" şəxs olduğu məlum olub.
Rusiya Satter tərəfindən viza qaydalarının pozulduğunu bildirib.
BBC-nin Moskva müxbiri Steve Rosenbergin sözlərinə görə, Satterə viza verilməməsinin kökündə siyasi və ya hansısa digər səbəblərin olub-olmaması aydın deyil.
Bir neçə həftədən sonra Rusiyanın Soçi şəhərində açılacaq Qış Olimpiya oyunları ərəfəsində rəsmi Moskvanın həssaslığının artdığı hiss olunur.
Rusiya prezidenti Vladimir Putin Soçi Olimpiadası ərəfəsində bir sıra güzəştlərə gedərək, siyasi opponentlərini həbsdən azad edib, gey atletlərin təhlükəsizliyinə dair təminatlar verib, baxmayaraq ki, Rusiyada homoseksuallığa dair qanunvericilik son zamanlar sərləşdirilib.
'Bürokratik hoqqabazlıq'
David Satter bundan əvvəl Financial Times nəşrinin Moskvadakı müxbiri olub, sonradan isə ABŞ hökümətinin təsis etdiyi RFE/RL radiosunun müşaviri vəzifəsinə keçib.
BBC müxbirinin sözlərinə görə, Satter uzun müddət Kremli tənqidçisi olub.
RFE/RL radiosunun prezidenti Kevin Klose bu hadisəni söz azadlığının pozulması kimi qiymətləndirərək, ABŞ-ın diplomatik kanallarla etiraz bildirəcəyini deyib.
David Satter 40 illik jurnalistlik fəaliyyəti müddətində Rusiyaya həsr olunmuş bir sıra tənqidi ruhlu kitablar yazıb, həmin kitablardan biri isə belə adlanıb "Rusiyada criminal dövlətin güclənməsi".
Jurnalistin təbirincə, Sovet İttifaqı və sonradan Rusiyada işlədiyi dövr ərzində ilk dəfədir ki, xüsusi xidmət orqanlarının tələbilə ona ölkəyə daxil olmaq qadağan edilir.
XİN-dəki mənbə BBC-ə bildirib ki, jurnalistin tənqidi yazıları ilə vizanın verilməməsinin arasında heç bir əlaqə yoxdur və girişə icazənin verilməməsinə səbəb Satter tərəfindən viza qaydalarının pozulmasıdır.
Satter isə bu cür izahatları "bürorkatik oyun" adlandıraraq, ona vizanın uzadılacağı barədə təminatların verildiyini qeyd edir.
Noyabr ayında jurnalistin viza müddəti bitdikdən sonra o ölkədə qaldığına görə £100 məbləğində cərimələnmişdir və məhkəmə Satterə ölkəni tərk etmək qöstərişi vermişdir.
























