Rusiya-Aİ sammiti qısaldılmış cədvəl üzrə keçiriləcək

Brüsseldə ixtisar olunmuş formatda keçəcək Rusiya - Avropa İttifaqı (Aİ) sammiti açılır.
İxtisarlar səbəbindən sammitin gündəliyi qeyri-müəyyəndir, beləki yekun sənədlərin imzalanması, Aİ və Rusiya liderlərin ənənəvi şam yeməyi nəzərdə tutulmur.
Bir qayda olaraq, iki gün çəkən Rusiya-Aİ sammitilərindən fərqli olaraq bu dəfəki görüşün cəmi bir neçə saat davam edəcəyi bildirilir.
Ötən ay Aİ nümayəndələri görüşün dekabrdan yanvar ayına keçirilməsini xahiş etmişdilər.
Müşahidəçilərin fikrincə, Ukraynadakı vəziyyətlə bağlı bu dəfəki Rusiya-Aİ görüşü gərgin şəraitdə keçə bilər.
Ukrayna ilə bağlı qərar qəbul olunmayacaq
Dekabrın sonunda Aİ sədri Herman Van Rompuy Ukrayna və digər Şərqi Avropa ölkələrinin məruz qaldığı təzyiq məsələsini Vladimir Putinlə müzakirə etmək istədiyini bildirmişdi.
Lakin Moskva Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətində olmadığını bildirdi.
Ötən həftə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov xəbər verib ki, Ukrayna mövzusu görüşün gündəliyində "o və ya bu dərəcədə" olacaq. Bununla belə o, qeyd edib ki, Ukraynada vəziyyətin təmzimlənməsinə dair birgə proqramın hazırlanmasından söhbət getmir.
Kremlin müzakirə etmək istədiyi məsələlər viza rejimi və energetika sahəsində Rusiya-Aİ əməkdaşlığını əhatə edir, bu istiqamətlərdə çoxdandır kı, irəliləyişin müşahidə olunmadığı qeyd olunur.
Rusiya prezidentinin köməkçisi eləcə də Suriya və İran nüvə proqramı ilə bağlı məsələlərin müzakirəsinin gözlənildiyini bildirib.
Vizasız dialoq
2013-cü ilin sonunda Avropa Komissiyasının dərc etdiyi hesabata əsasən Rusiya bu məsələnin gerçəkləşməsi üçün müəyyən addımlar atıb.
Brüssel Rusiya pasportlarının təhlükəsizliyinin gücləndirildiyini, onların beynəlxalq standartlara uyğunlaşdırıldığını qeyd edib. Bununla yanaşı Aİ Rusiyanın öz miqrasiya sistemini təkmilləşdirdiyini, qanuni miqrasiyanı stimullaşdırdığını, qanunsuz miqrantlarla isə mübarizə apardığını qeyd edib.
Aİ Moskvanı eləcə də terrorizm və çirkli pul yuyulması ilə mübarizədə səylərə görə və vətəndaşlığı olmayan şəxslərin sayının azaldılmasında əldə etdiyi nailiyyətlərə görə tərifləyib .
Bununla belə Brüssel insan haqları daxil olmaqla problemlərin qaldığını qeyd edib.
Rusiya XİN rəsmiləri isə hesab edirlər ki, Aİ Rusiya ilə bağlı süni ləngitmə xəttini tutub.
'Diskriminasiyalı tətbiq'
Yuri Uşakovun sözlərinə görə, danışıqlarda '3-cü enerji paketinin' müzakirə edilməsi də nəzərdə tutulur.
Moskva hesab edir ki, bu sənədin "Cənub Axın" qaz boru kəməri tikintisinə tətbiqi Rusiyanın Avropa enerji bazarında iqtisadi maraqlarının qarşısını almağa yönəlib.
Ötən ayın əvvəlində Avropa Komissiyası Rusiya Energetika Nazirliyinə "Cənub Axını" boru kəmərinin tikintisilə bağlı məktub göndərib.
Həmin məktubda Avrokomissiya Moskvaya tranzit ölkələrlə boru çəkilməsi sazişlərinə yenidən baxmağı məsləhət görüb.
Avrokomissiya hesab edir ki, Qazprom tərəfindən həyata keçirilən "Cənub axını" layihəsi, tranzit ölkələrlə Aİ qanunvericiliyini pozan sazişlərə əsaslandığına görə legitim sayıla bilməz.
'3-cü enerji paketi' Avropa enerji bazarında ədalətli rəqabətin təmin edilməsini nəzərdə tutan qanun layihəsidir.
Bu sənəd, o cümlədən, boru kəmərləri kimi infrastrukturun enerji resurslarının istehsalı ilə məşğul olan konsernlər tərəfindən idarə olunmasına qadağanın qoyulmasını nəzərdə tutur.
"Cənub Axını" layihəsi çərçivəsində isə, qaz kəmərlərinin çəkilməsi, idarəsi və nəqliyyat tariflərinin müəyyən edilməsilə yalnız Rusiyanın enerji nəhəngi Qazprom məşğuldur.
Vallenberq məsələsi
Sammitdə toxunula biləcək daha bir məsələ isə 1947-ci ildə Moskvada Lubyanka (KGB binası yerləşən ərazi) zirzəmisində İsveç diplomatı Raul Vallenberqin ölüm hadisəsilə bağlı ola bilər.
Rəsmi məlumatlara görə, İsveç diplomatı ürək xəstəliyindən vəfat edib.
Lakin Vallenberqin ailəsi bu hadisə barədə Rusiyadan ətraflı məlumat almağa səylər göstərir.
Raul Vallenberq II Dünya Müharibəsi dövründə minlərlə yəhudini xilas edib. O, 1945-ci ildə Budapeşt şəhərində Rusiya xüsusi xidmət əməkdaşları tərəfindən həbs edlmişdi.
Onun ailəsi diplomatın ölümünün təfsilatlarına aydınlıq gətirmək məqsədilə Rusiya prezidenti Vladimir Putinə məktubla müraciət edib. Vallenberqin ailəsi həmin məktubu Vladimir Putinə Brüsseldə çatdırmağı planlaşdırırdı.
Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirirb ki, Vladimir Putinin iş cədvəli ona Vallenberqin yaxınları ilə görüşməyə imkan verməyəcək.
























