“Dojd” telekanalı yayımının dayandırılması təhlükəsilə üzləşib

tvrain
Şəklin alt yazısı, Mübahisəli yazı tvrain saytında yanvarın 26-da dərc edilmişdir.
Çap edildi

Sankt-Peterburq şəhərinin qanunverici orqanı İkinci Dünya Müharibəsilə bağlı "provokasiya" səciyyəli materialdan sonra telekanala qarşı sanksiyanın tətbiqinə çağırıb.

Kanalın yayımı artıq bir neçə kabel televiziyası paketindən xaric edilib.

Ən böyük kabel televiziyalarından biri olan “Akado” yanvarın 30-da “Dojd” kanalının yayımının dayandıralacağını elan edib.

"Dojd"-un sərmayəçisi Aleksandr Vinokurov BBC Rus xidmətinə müsahibəsində etiraf edib ki, telekanalın özündə problemlərin "hakimiyyət təzyiqi"lə bağlı olduğunu istisna etmirlər.

Qalmaqal

Telekanal ətrafında qalmaqal İkinci Dünya Müharibəsi vaxtı Leninqrad blokadasında ölənlərin müqəddaratı barədə sorğudan sonra yaranıb.

Yanvarın 26-da efirdə səslənən və kanalın səhifəsinə çıxarılan sorğu ("Yüz minlərlə adamın həyatını qorumaq üçün Leninqradı təslim etmək olardımı?”) birmənalı qarşılanmayaraq tənqidlərə səbəb olub.

Bundan əvvəl “Dojd” telekanalını kabel televiziyası paketlərindən çıxarmaq təklifi ilə Rusiya Kabel Televiziyasi Assosiasiyasının (RKTA) rəhbəri Yuri Pripaçkinin çıxış edib.

Hüqüq-müdafiəçilərinin dəstəyi

Prezident yanında İnsan Hüquqları Şurası RKTA-nın təklifilə bağlı narahatlığını bildirib.

"İnsan Hüquqları Şurasının mətbuat azadlığı və jurnalistlərin haqları üzrə daimi komissiyası "Dojd" telekanalının kabel paketlərindən çıxarılması barədə Yuri Pripaçkinin təklifindən son dərəcə narahatdır".

Komissiya üzvlərinə əsasən, qeydiyyatdan keçmiş KİV-lərin fəaliyyəti nəzarət qurumunun xəbərdarlığı və məhkəmə qərarı olmadan dayandırıla bilməz.

Sorğu sualının şəklilə bağlı üzrxahlığını bildirən telekanal müvafiq məlumatı vebsəhifəsindən yığışdırıb.

"Provokasiya"

"Sorğu düzgün qəbul edilməyib və biz onu saytdan yığışdırıb mətni təhqiramiz hesab edənlərə üzrxahlığımızı bildirdik”, - tvrain.ru baş redaktoru İlya Klişin bildirib.

Sankt-Peterburq şəhərinin millət vəkilləri saytda dərc edilmiş "provokasiya" səciyyəli materialın prokurorluq tərəfindən yoxlanılmasına səsləyiblər.

Sorğunu tənqid edənlər saytı "müqəddəs müharibə" barədə "təhqiramiz" məlumatlar yaymaqda ittiham edib.

"Bu kimi hərəkətlər nasizmin reabilitasiyası cinayətləri kimi qiymətləndirilməlidir", - hakim Vahid Rusiya partiyasından millət vəkili İrina Yarovaya deyib.