Google Rusiyada geylərin hüquqlarını doodle ilə müdafiə edib

Çap edildi

Rusiyada LGBT hüquqlarını məhdudlaşdıran qanuna qarşı çıxış edən şirkətlərə Google da qoşulub.

Axtarış saytının "Google doodle" ("Google cızmaqarası") adlandırılan ana səhifəsində atletlərin şəkilləri, dünyada LGBT bayrağı kimi tanınan göyqurşağı rənglərinin fonunda qoyulub.

"İdmanla məşğul olmaq insan haqqıdır. Diskriminasiya olmadan və Olimpiya ruhunda hər bir şəxsin idmanla məşğul olmağa imkanı olmalıdır, hansı ki dostluq, həmrəylik və ədalətli oyun barədə ikitərəfli anlayış tələb edir", rəsmin altında Olimpiya Xartiyasından sitat gətirilir.

Qış Olimpiya Oyunlarının açılış mərasimi cümə günü keçiriləcək.

Ötən il Rusiyada "qeyri-ənənəvi" orientasiyanın təbliğini yasaqlayan qanun qüvvəyə minib.

Tənqidçilər deyirlər ki, geniş mənada qanun homoseksualların hüquqlarını dəstəkləyən aksiyaları yasaqlayır.

Google yeni şəkil haqqında şərh verməkdən imtina edərək deyib ki, hər şey rəsmdə deyilir.

Google Olimpiada sponsoru olmasa da, bundan əvvəl ABŞ Olimpiya Komitəsinin üç sponsoru - AT&T, DeVry University və Chobani - qanunu sərt tənqid edən bəyanatlarla çıxış edib.

Ötən ay Prezident Vladimir Putin deyib ki, Soçidə homoseksualların narahatlığı üçün <link type="page"><caption> heç bir əsas olmayacaq</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2013/10/131029_putin_sochi.shtml" platform="highweb"/></link>. "Amma uşaqları rahat buraxın", o əlavə edib.

"Bizim qeyri-ənənəvi cinsi əlaqələri yasaqlayan qanunumuz yoxdur", o deyib. "Bizim homoseksuallığın və uşaqbazlığın təbliğinə qarşı qadağamız var".