Soçi Olimpiadası: yarışlara rəsmi start verilib

Azərbaycanı Patrick Brahner, Gaia Bassani Antivari, Yuliya Zlobina və Aleksey Sitnikov təmsil edəcək
Şəklin alt yazısı, Azərbaycanı Patrick Brahner, Gaia Bassani Antivari, Yuliya Zlobina və Aleksey Sitnikov təmsil edəcək
Çap edildi

Cümə günü keçirilən açılış mərasimində Azərbaycanın komandası da daxil olmaqla iştirak edən ölkələrin nümayəndə heyətləri əlifba sırası ilə stadiona daxil olub.

Yarışlara hazırlıq ərəfəsində təhlükəsizlik, insan haqları və korrupsiya ilə bağlı məsələlər Olimpiadaya kölgə salıb.

Oyunlara xərclənmiş 49 milyard dollar indiyədək keçirilmiş bütün Qış Olimpiadalarının toplam büdcəsinə bərabərdir.

Oyunların təntənəli açılış mərasimində niqtlə çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach olimpiya prinsiplərinin diskriminasiyaya yol vermədiyini bildirib.

Oyunların açılış mərasimində 44 ölkənin liderləri iştirak edib.

Komanda hesabında Kanada, Norveç və ABŞ oyunların liderləri hesab edilir.

Vankuver Olimpiadasında 11-ci yeri tutan Rusiya idmançılarından “öz meydançlarında” daha yaxşı nəticələr gözlənilir.

BBC müxbirlərinə əsasən bu ilk növbədə sovetlərin dağılmasından sonra olimpiya qızıl medallarını qazanmayan xokkeyçilərə aiddir.

Soçi açılış mərasimi

Təhlükəsizlik

Olimpiada yaxınlaşqıdca təhlükəsizlik məsələsinin aktuallığı da artıb.

Ötən il çeçen separatçılarının lideri oyunların keçirilməsinə yol verməməyə səsləyib.

Dekabr ayında Volqoqrad şəhərində partlayışlar bu kimi hədələrin ciddi qəbul olunduğunu göstərir. ABŞ oyunlara az qalmış hava nəqliyyatında təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsinə dair xəbərdarlıqla çıxış edib.

Bu arada Soçiyə gələn bəzi qonaq və jurnalistlər mehmanxana nömrələrinin hazır olmadığını bildirirlər.

Onlar otellərdə təmirin başa çatdırılması üzrə bəzi işlərin davam etdirildiyini deyirlər.

Korrupsiya iddiaları

Hərçənd ki, bir çox idmançı olimpiya obyektlərindən razı qaldığını bildirib.

Rusiya müxalifəti işlərin ləngiməsini korrupsiya ilə bağlayır. İddia edilir ki, mənimsənilmiş vəsaitlərin həcmi olimpiya büdcəsinin yarısından çoxunu təşkil edir.

Yarışların təşkilatçıları bu kimi iddiaları rədd edərək oyunlara ayrılmış 49 milyard dollarlıq büdcəyə infrastruktur layihələrinin də daxil olduğunu deyirlər.

Onların sözlərinə görə sırf oyunların təşkilinə ayrılmış vəsait 7 milyard dollar civarındadır.

Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov heç bir korrupsiya halının aşkar olunmadığını bildirib.

İnsan haqları

Cümə axşamı BMT-nin baş katibi Pan Qi Mun “gey təbliğatı əleyhinə” Rusiya qanunvericiliyinin cinsi azlıqların haqlarına zidd kimi qəbul olunduğunu bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach deyib ki, idmançılar oyunlar gedişatında “antigey qanunlarına” qarşı fikirlərini bildirməkdə sərbəstdirlər, hərçənd ki, etirazlarını idman tədbirləri və medalların verilməsi vaxtı ifadə etməməlidirlər.

Oyunlara iki həftə qalmış biletlərin 70 faizinin satıldığı elan edilib.

Müqayisə üçün 2010-cu ildə keçən Vankuver Olimpiadasından iki həftə əvvəl biletlərin 97 faizi satılmışdır.

Olimpiadanın ilk medal sahiblərini artıq şənbə günü keçən yarışlar müəyyən etməlidir.